Banner

Zeynalovun sürücüsü ifadə verdi: "Normal dolanmağım üçün şirkət yaratdıq"

Gündəm 23 Dekabr 2016 17:09 Oxunub 4717
Zeynalovun sürücüsü ifadə verdi: "Normal dolanmağım üçün şirkət yaratdıq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər ay maaşımdan əlavə 1000 manat pul almışam"

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses deyildiyi vaxtdan 1 saatdan gec başlayıb. Prosesə bu iş üzrə 20 şahid ifadə verməsi üçün çağırılıb. Hakim media nümayəndələrinə müraciət edərək, prosesi diqqətli yanaşmalarını xahiş edib: "Bəzi saytlarda Vidadi Zeynalovun məhkəmədə ifadə verdiyini yazıblar. Bəlkə də bunu reytinq və çox oxunması üçün yazıblar. Bildiririk ki, Vidadi Zeynalov hələ məhkəmədə sərbəst ifadə verməyib”.

Onu da qeyd edək ki, Vidadi Zeynalov bütün şahidlərin ifadələri ilə bağlı qeydlər aparır. Çünki digər təqsirləndirilən şəxslərdən fərqli olaraq, o, məhkəmədə sərbəst ifadə verməyib. V.Zeynalov şahidlərin dindirilməsindən sonra sərbəst ifadə verəcəyini bildirib. Şahid qismində Nigar Əlizadə ifadə verib. O bildirib ki,  "Akey" şirkətində baş mühasib işləyib. Şahid ifadəsində qeyd edib ki, şirkət karqo işlərinə baxıb: "Şirkətin rəhbəri Ayaz Kərimov idi. Bir çox şirkətlərlə çalışırdıq. Ayda 10 min dollar hesabımıza göndərilirdi. Ofisimizdə MTN-ə aid avadanlıqlar var idi. Maaşı əldən ələ verirdilər. Pulu şəxsən Ayaz Kərimov verirdi".   

Xatırladaq ki, Ayaz Kərimov da bu işdə təqsirləndirilən şəxsdir. Onun barəsində axtarış elan edildiyi üçün cinayət işinin icraatı dayandırılıb. Ayaz Kərimov Eldar Mahmudovun oğlu Anar Mahmudovun yaxın dostudur. Digər bir şahid Nəriman Salmanov ifadəsində bildirib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu qovşağında rəis vəzifəsində çalışıb: "Qovşaqda tenderlər və kotirovkalar aparılırdı. Yalnız bunların hamısı formal xarakter daşıyırdı. Bunun belə olmasına rəhbərlik tapşırıq vermişdi. Ayrılan pulların cəmi 2,5 faizi bizə verilirdi. Həmin pullar da işçilərə paylanırdı. 300-500 manat da mənə çatırdı, elə ay da olurdu 2000-2500 pul gəlirdi. Artıq qalan pulların hamısı Beytulla Hüseynova qaytarılırdı. Tenderlərdə qalib gələn şirkət əvvəlcədən bilinirdi. Yalnız bütün işlərin hamısı tamamlanıb. Vəsaitlər şişirdilirdi. Beytulla Hüseynov rəis olmamışdan qabaq isə tenderler qanuni keçirilirdi".

Onun istintaqa verdiyi ifadə elan edilib. Şahidin istintaq ifadəsində qeyd edilib ki, ümumulikdə müxtəlif illərdə qovşağa 13 milyon manat köçürülüb: "Həmin pullar ATS binaların təmiri, tikintisi, avandanlıqları və s-yə yönəldilib. Həmin pulların hamısı BTRİB-in baş mühasibi Anar Mustafayev tərəfindən şişirdilirdi. Beytulla Hüseynov tərəfindən hər ay işçilərə pul ödənilib. Adi işçilərə 100 dollar, mühəndislərə 200 dollar ödənilirdi. Mənə isə 300-500 dollar. Bütün işlər şirkətlər tərəfindən tam  olaraq görülüb".

Dilbər Şükürzadə isə ifadəsində söyləyib ki, "AzinTelekom" MMC-də şöbə rəisinin müavini olub. O bildirib ki, "Cartburq" şirkəti ilə Rabitə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən müqavilə bağlanıb. Qeyd edək ki, bu şirkət faktiki olaraq sabiq nazir Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olub.

Prosesdə şahid qismində Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev ifadə verib. O, ifadəsində "P.L.Z" MMC-in rəhbəri olduğunu deyib: "O vaxt mənim dolanışığımı normallaşdırmaq üçün şirkət yaradıldı. Mən də buna razı oldum. Vidadi müəllim mənə həmişə kömək olub".

Vidadi Zeynalov bildirib ki, həmin şirkətin adı onun övladlarının adlarının baş hərfləridir: "İndi o, utanır, deyə bilmir, mənim övladlarımın adınaydı".

Bundan sonra şahid qismində Rabitə Nazirliyinin Hesablama mərkəzinin əməkdaşı Musa İsmayılov ifadə verib. O, ifadəsində "Cartburq" şirkəti ilə müqavilə imzalandığını bildirib: "İstintaqda görülən işləri soruşdular, mən də olanı dedim".

Nəsimi Musayev isə ifadəsində Rabitə Nazirliyində, "Azintelekom" MMC-də çalışdığını deyib: "Hər ay maaşımdan əlavə 1000 manat pul almışam".

Müzəffər Rüstəmov şahid qismində dindirilərkən "Azintelekom" MMC-də çalışdığını bildirib: "İstintaqda əsasən "Cartburg" şirkəti ilə bağlı suallar verdilər. Bildiyim şeylərin hamısını dedim. O zaman "RosTelekom"un trafik imkanları geniş olsa da, "Cartburq"da məhdud idi. Yalnız bizə rəhbərlik tərəfindən tapşırıq verildi ki, "Cartburq"la əməkdaşlıq ediləcək".

Bu zaman "Azintelekom" MMC-in rəhbəri olmuş təqsirləndirilən Cəlil Cəfərov şahidin ifadəsinə əlavə edib: "Mən beynəlxalq trafikə nəzarət etmişəm.  Hər həftə  Əli Abbasova trafikin gedişatı ilə bağlı məruzə edirdim. Əli Abbasova məruzə edən zaman dedim ki, trafikdə oğurluq olur.  Əli Abbasov dedi ki, neynirsən elə, oğurluğun qarşısını al. Sonra Əli Abbasov məni Ayaz Kərimovla tanış elədi. Orda qərara alındı ki, onlarla işləməliyik. Bundan sonra "Cartburq"la çalışmağa başladıq. Onlar trafikləri ölkəyə gətirəcəkdi və oğurluğun qarşısı alınacaqdı".

Proses dekabrın 28-də davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh