Ziya Məmmədovun Vaqif Axundova məktubu açıqlandı - Məhkəmədə

Gündəm 10 İyun 2016 12:28 Oxunub 6961
Ziya Məmmədovun Vaqif Axundova məktubu açıqlandı - Məhkəmədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülərimiz bu avtobusları idarə edə bilmirdilər, bəziləri heç avtobusu "xod"laya bilmirdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Xidmətin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov və "Təhlükəsiz Şəhər Xidməti"nin operatoru Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Sahil Əhmədov deyib ki, öncə "Bakı Taksi" şirkətində, sonra isə Avropa Oyunlarında Dəstək Xidmətində menecer işləyib: "Təqsirləndirilənlərdən yalnız sürücünü tanıyıram. Biz avtobusları Almaniyanın Man şirkətindən almışdıq. Həmin gələn avtobuslar Qaradağda "Man" şirkətinin nümayəndəliyində texniki baxışdan keçirilirdi. Bundan başqa Rusiyanın "Man" zavodunun baş mexaniki öz əməkdaşları ilə gəlib maşınları yoxladılar. Sonradan "Man"ın Türkiyədəki zavodundan 2 mexanik çağırdıq, hər birinin saatına 75 avro pul ödədik. Onlar da "Man Azərbaycan"ın 4 mexaniki ilə bütün avtobusları yoxladılar. Hamısı texniki baxışdan keçdi və saz vəziyyətdə idi. Təəssüf ki, sürücülərimiz bu avtobusları idarə edə bilmirdilər, səriştələri yox idi. Bəziləri heç avtobusu "xod"laya bilmirdi.

Bu avtobuslar "Qazel" deyildi, "Qaz 53" deyildi, "Paz" deyildi, amma bu hadisə Azərbaycana "paz" oldu. Bu işə cəlb olunan 800 sürücü ilə bir-bir danışa bilməzdik, amma ümumi olaraq hamısına təlim keçirilib. Bizim deponun rəisi yunan idi, qaydaları da onlar qoyurdular. Qəzadan sonra Ədliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə 4 ekspertin nəzarəti altında həmin avtobusu test etdik. Şəxsən özüm idarə etdim və heç bir nasazlıq yox idi. Qəzaya düşən avtobus 3 gün öncə Azərbaycana gətirilmişdi. Maşınlar hər gün axşam qaraja qoyulmadan öncə də texniki baxışdan keçirilirdi. O maşınların bir xüsusiyyəti var ki, qaz ilə motor arasında beyin yerləşir, məsafə də 12 metrdir. Qaza basanda beyin sürəti motora ötürür, bu da 3-4 saniyə çəkir. Buna görə də qaza basan kimi maşın yerindən tərpənmir. Mənim fikrimcə, bu sürücü qaza basıb, görüb avtobus getmir, təkrar 5-6 dəfə basıb. Avtobus yerindən tərpənəndən sonra da beyin bütün basılan sürətləri motora ötürüb. Amma sürücü tormoza basmayıb. O avtobusların tormoz sistemi əla işləyirdi, əgər tormoza bassaydı, yerindəcə dayanırdı. O avtobuslarda əl əyləci olmayıb. Qəza sürücünün səriştəsizliyi üzündən baş verib".

Prosesdə "Bakı Şərnişin Nəqliyyat" MMC-nin 2012-ci ilə qədər rəisi, ondan sonra da rəis müavini işləyən Davud Əfəndizadə ifadə verib. Deyib ki, oyunlar zamanı o özü şəhər nəqliyyatının təşkili ilə məşğul olub, sürücülərin siyahısından məlumatı olmayıb.

Hakim bildirib ki, proses zamanı dindirilən şahidlərin hər biri iyunun 11-dən sonra vəzifəsindən çıxarılıb: "Hamısı da deyir ki, öz ərizəmlə çıxmışam. Siz də bu qəzanın oduna yanmısız?"

D.Əfəndizadə isə hadisədən öncə də vəzifədən çıxmaq istədiyini deyib.

Məhkəmədə Avstriya səfirliyinin məktubu elan olunub. Qeyd olunub ki, zərərçəkən qızların valideynləri məhkəmə prosesində iştirak etmək istəmirlər.

Məhkəmədə şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb və sübutların tədqiqi mərhələsi başlayıb. Nəqliyyat Naziri Ziya Məmmədovum Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundova məktubu elan olunub. Z.Məmmədov məktubda qeyd edib ki, XDMX-nin qeyd etdiyi 286 nəfər istisna olmaqla, digər sürücülərlə hazırlıqlara başlanılıb.

Məhkəmə istintaqı yekunlaşıb. Proses iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

 

“Qafqazinfo”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh