“Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü” - VİDEO

Hadisə 12 İyun 2024 22:39 Oxunub 214
“Anam dedi ki, tez qayıt, atana iynə vurdum, öldü” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masallı rayon Çaxırlı kənd sakini Şahnami Xiləlzadə atasından ona qalmış 300 hektara yaxın taxıl sahəsinin başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən Ş.Xiləlzadə əkin sahələrinin anası və bibisi tərəfindən ələ keçirildiyini, onların əlbir olaraq ona tələ qurduğunu deyib.

Şikayətçi iddia edib ki, ötən ilin dekabrında atası Taleh Əkbərov müəmmalı şəkildə ölüb. Hər şey də bundan sonra başlayıb:

“Ötən ilin 6 dekabr tarixində gecə saatlarında kiçik bibim Şəhla Abdullayeva mənə dəfələrlə zəng edərək evinə çağırdı, ailəmlə birgə məni qonaq çağırdı. Yoldaşım, uşaqlarımla birgə onlara getdik. 30-40 dəqiqə keçmişdi ki, atamın telefonundan mənə zəng gəldi. Anam atamın telefonu ilə zəng edərək dedi ki, “tez evə qayıt, atana iynə vurdum, atan öldü”. Ayaqyalın halda qaça-qaça evə qayıtdım, çatanda gördüm ki, atam artıq keçinib. Atamın nəşini xəstəxanaya apardım, amma başda kiçik bibim Cəvahir olmaqla meyiti yarmağa, ekspertiza keçirərək ölüm səbəbini öyrənməyə imkan vermədilər”.

Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib: “Atam kənd sakinlərinə məxsus olan pay torpaqlarını onlarla icarə müqaviləsi imzalayaraq almışdı. Təxminən 300 hektar ərazidir və bu ərazilərdə taxıl əkib. Atamın vəfatından təxminən 2 ay sonra mənə məlum oldu ki, atam qəsdən öldürülüb. Bu işdə Cəvahir bibimin xüsusi marağı olub. Məqsəd də atamın var dövlətini, əkin sahələrini ələ keçirmək olub. Bibim və anam əlbir olaraq atamla mənim birgə götürərək əkdiyimiz sahələri ələ keçirərək biçdiriblər. Bütün taxılları da bibimin və digər şəxslərin həyətlərinə yığaraq oradan satdırırlar. Mən isə dövlət şirkətindən lizinq yolu ilə kombayn götürmüşəm, onun kreditini verməliyəm, min əziyyətlə əkdiyim sahələri biçməliyəm. Amma imkan vermirlər. Hər dəfə məndən polisə şikayət edirlər. İşləməyə imkan vermirlər. Rəhmətlik atamla əkdiyim sahələrə də buraxmırlar. İcarəyə götürüb əkdiyimiz sahələri özümüz biçək. Bibimlə anam hamısını ələ keçirib”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, vətəndaş Ş.Xiləlzadənin qohumları ilə aralarında olan mübahisəsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə şikayəti daxil olub: “Hadisə ilə bağlı təhqiqat araşdırması aparılıb və qərar qəbul edilib. Bundan əlavə qarşı tərəfin müraciəti əsasında da hazırda araşdırmalar davam etdirilir. Polis əməkdaşlarının həmin məsələni araşdırmaması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və heç bir əsası yoxdur”.

Saytın əldə etdiyi məlumata görə, tərəflər arasında mülkiyyət mübahisəsi ilə bağlı məhkəməyə artıq müraciət daxil olub və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh