Reklam

Bağça müdirinə qarşı ittihamlar - Beş uşağa 1 boşqab makaron verilir? - VİDEO

Hadisə 8 Oktyabr 2024 20:15 Oxunub 294
Bağça müdirinə qarşı ittihamlar -  Beş uşağa 1 boşqab makaron verilir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən narazıyıq. Heç bir əsaslı səbəb olmadan bağçanın müdiri Afaq Fatapur tərəfindən işimizə xitam verilib”.

Avtosfer.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib. 

10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan işinə xitam verib: “Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası Həmkarlar Sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizləri işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir”. 

Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edir: “Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa rayon Təhsil Sektoruna və Qazax Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir”.

Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirir: “İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər”.

Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb:

Həmin bağçanın təsərrüfat müdiri Lətafət Əsgərova, dayə Səidə Məmmədova, mövsümi ocaqçı Gülnur Quliyeva da saytımıza şikayətlərində bənzər problemlərlə üzləşdiklərini iddia edirlər. L.Əsgərova bildirir ki, onun bütün səlahiyyətləri əlindən alınıb: “Müdir imzamı kopyalayaraq ərzaq və inventarları özü qəbul edir və aşpazla mənimsəyir. Qəbul edilən ərzaqlardan xəbərim olmur. Buna etirazımı bildirdiyim üçün məni işimlə hədələyir və təhqir edir”. 

S.Məmmədovanın sözlərinə görə, işdən səbəbsiz yerə çıxarılmaqla hədələnir: “Müdir Afaq Fatapurdan şikayətçiyəm. Məzuniyyətdən qayıdan kimi, mənə kobud ifadələr işlədir, şərəf və ləyaqətimi alçaldaraq işdən çıxaracağını bildirir. Səbəbini soruşduqda isə özünün belə istədiyini söyləyir. Dəfələrlə etiraz etməyimə baxmayaraq, işimlə hədələyir. Bu təzyiqlərə dözməyərək bağçada halım pisləşib və iş yoldaşlarım tərəfindən təcili tibbi yardım çağırılıb, məni Ağstafa Rayon Xəstəxanasına yerləşdiriblər”. 

Gülnur Quliyeva isə deyir ki, bağçanın müdiri mövsüm bitdikdən sonra artıq ona işə gəlməməyi tapşırıb: “Gələn mövsümdə mənə ocaqçılıq vəzifəsini verməyəcəyini söylədi. Buna səbəb mənim 65 yaşı tamam olub əmək məzuniyyətinə çıxan texniki işçinin yerinə vakant yer tələb etməyimdir. Nəinki vakant yer vermək, ocaqçılıq vəzifəmi belə əlimdən alaraq səsinin tonunu qaldırıb mənə bir daha bağçaya gəlmə dedi”. 

Sadalanan iddialarla bağlı bağçanın müdiri Afaq Fatapurla əlaqə saxladıq. O, saytımıza açıqlamasında haqqında deyilənləri təkzib etdi: “Bu barədə heç bir şey demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, şər-böhtandır. Onların əl atmadığı iş qalmayıb. Yalan məlumatlardır, bununla bağlı mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

Bağça müdiri əməkdaşlarının işinə xitam verilməsi ilə bağlı sualımızı cavablandırmaq istəmədi. 

İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinə də sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən təhsil müəssisəsi hazırda təmir üçün bağlıdır: “Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərimizdəndir. 

Bildiririk ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Sözügedən körpələr evi-uşaq bağçası 16.09.2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb. 

Məktəbəqədər təhsil müəssisəsi haqqında səsləndirilən digər iddialarla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”. 

Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh