
Bakı metrosunda qatarın tavan hissəsindən su axması ilə bağlı - AÇIQLAMA - VİDEO

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.
Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun olaraq su şırnağı ilə təmizlənib, texniki baxışdan keçirildikdən sonra xəttə buraxılıb.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.
İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.
Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı bildirilib.
***
Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, bu gün saat 14:30-da metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Sözügedən görüntüləri təqdim edirik: