Bakıda qəza törədib obyektə çırpılan avtobusla bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində beş nəfər xəsarət alıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd edilir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1990-cı il, 1985-ci il, 1977-ci il, 1966-cı il təvəllüdlü şəxslərə alının açıq yarası, diz oynağının əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə isə sağ körpücüyün qırılması diaqnozları təyin olunub.
Xəsarət alanlara dərhal zəruri müayinələr təyin olunub, tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar".
***
Bakının Biləcəri qəsəbəsində sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusda olan sərnişinlər yüngül xəsarət alsalar da, xəstəxanaya müraciət edən olmayıb.
Marşrutun məxsus olduğu "Çinar-Trans" şirkətindən bildirilib ki, qəzaya uğrayan avtobus 2022-ci il istehsalıdır və Bakıya yeni gətirilib:
"Sürücünün dediyinə görə, avtobus dayanacaqda olarkən, nəqliyyat vasitəsində qəfil nasazlıq yaranıb və sürət həddini artırıb. Hadisə zamanı avtobus yaxınlıqdakı bir neçə avtomobilə dəyib, sonra isə gül dükanına çırpılıb. Hadisə vaxtı avtobusda olan sərnişinlər yüngül xəsarət aldığından xəstəxanaya getməyə ehtiyac olmayıb. Hazırda araşdırma aparılır. Hələ ki sürücünün qayda pozub-pozmadığı müəyyən edilməyib. Araşdırmadan sonra hadisənin səbəbi məlum olacaq".
***09:07
"Maşını duracaqda saxladım, ətrafa baxdım. 1,5 dəqiqə vaxtımız vardı. Yenidən maşına oturdum. 11-13 metr məsafədə gördüm ki, sürət artır”.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Bakıda qəza törədən avtobusun sürücüsü Habil Nəsirov deyib.
“Camaat dayanmışdı, məcbur qaldım, camaatın üstünə sürməmək üçün obyektin eyvanına sürdüm. 13 metr məsafədə nə qədər özümü itirsəm, o sürəti yığa bilmərəm. Çünki maşının beyni qarışıb”, - o qeyd edib.
Avtobusun sürücüsü qəza zamanı nəqliyyat vasitəsində 19 sərnişinin olduğunu, onların xəsarət almadığını bildirib.
O, eyni zamanda, avtobusun başqa maşınlara çırpılmasını avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə əlaqələndirib.
Qeyd edək ki, Bakıda Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Çinar Trans” MMC-yə məxsus “İsuzu Citiport” markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb. Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı minik avtomobili ilə toqquşub.
Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb. Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.














