Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlər
Hadisə 4 İyun 2022 15:00 Oxunub 1062
Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR:  Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlər

Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qız zorla ərə verilir.

Avtosfer.az xəbər verir ki, Bizim.Media-ya bu barədə kənd sakinləri məlumat veriblər. Belə ki, Zeynəb Umar qızı Məmmədova aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovla bu gün qeyri-rəsmi nikaha daxil olacaq. Məlumata görə, Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır. Kənd sakinlərinin sözlərinə görə, qız iki ay əvvəl Sərxan Rüstəmov tərəfindən qaçırılıb. Bu gün isə toy baş tutacaq. Kiçik Dəhnə kənd bələdiyyə sədri Əlvida Calalov Bizim.Media-ya məsələdən xəbərsiz olduğunu bildirib. Bələdiyyə sədri aqressiv tərzdə kənddə qaz, işıq, su, zibil və digər məsələlərlə məşğul olduğunu deyib: “Mən nə deyə bilərəm? Nəyimə lazımdır ki... Bilmirəm, kim-kimi alır, kimi-kimə verirlər. Qeydiyyat icra nümayəndəsində gedir”, - deyə bələdiyyə sədri cavab verib. Kənd ərazi nümayəndəsi Seyran Manafovun sözlərinə görə, ailə bu gün cütlüyə nişan mərasimi keçirir: “Toyun sahibi şəhid atasıdır. Deyir, qocalmışam, nəvəmə nişan edirəm və istəyirəm, xeyir işlərini görüm. Qanunsuz olduğunu bilirik. Polis də xəbərdardır. Nə edə bilərik?” Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov isə toyun baş tutmaması üçün səlahiyyətləri çərçivəsində addım atdıqlarını qeyd edib.  “Rəhbərlik Sərxan Rüstəmovun babası Tapdıq Rüstəmovu fərdi qaydada qəbul edərək azyaşlının nikaha girməsinin qanunsuz olduğunu izah edib. Ona qanunvericiliyin tələbi izah olunub. Amma Tapdıq müəllim özünü aqressiv aparır və oğlunun şəhid olduğunu əsas gətirərək nəvəsinə toy edəcəyini israr edir. Şəhid atası olduğu üçün yumşaq tərzdə izahat işləri apardıq və toyun yolverilməz olduğunu anlatmağa çalışdıq. Rəhbərlik bu barədə ərazi üzrə polis rəisini də məlumatlandırıb və müvafiq tapşırıq verib. Ola bilsin ki, bu gün toyu etməyə cəhd etsinlər. Amma aidiyyəti qurumlar bundan xəbərdardır. Hər halda polis vaxtında məsələyə müdaxilə edəcək və qanunvericiliyin tələbini hər iki ailəyə izah edəcək. Maraqlıdır, Tapdıq müəllim bu qədər müdaxiləyə və izahata niyə məhəl qoymur? Yaxşı olar ki, normal şəkildə anlayıb, toydan vaz keçsinlər. Nə tələskənlikdir ki? Belə nüanslara görə biz də çətin durumda qalırıq”, - deyə o bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib: “Daxil olmuş məlumatla əlaqədar hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub və araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. Qeyd edək ki, ötən il Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-in evləndirilməsi faktı öz təsdiqini tapmışdı. Yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alınmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh