Banner

Bu küçədə obyektlər səkini mənimsəyib, sürücüləri və piyadaları təhlükəylə üz-üzə qoyur - VİDEO

Hadisə 23 Dekabr 2024 14:00 Oxunub 346
Bu küçədə obyektlər səkini mənimsəyib, sürücüləri və piyadaları təhlükəylə üz-üzə qoyur    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində piyada səkisi obyektlər tərəfindən mənimsənilib.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sakinlərdən biri “Facebook” sosial şəbəkəsində videomateriallar paylaşıb. Görüntüdən də aydın olduğu kimi, sözügedən ərazidə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məxsus olan və digər obyektlər səkini tamamilə zəbt ediblər. Sakinin iddiasına əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyi bununla kifayətlənməyərək obyektin sağ tərəfindəki ərazidə də yüngül konstruksiyalı tikili təşkil edib. Şikayətçi bildirib ki, səkinin özəlləşdirilməsiylə yanaşı Birliyin işçiləri əhalinin dincliyini nümayişkaranə şəkildə pozurlar: “Yaşıllaşdırma Təsərrüfatı Birliyi yolun ortasına vaqon qoyub və iş yeri elan edib. O vaqondakıların səhər saat 6:00-dan başlayan səs-küyü, nalayiq söyüşləri, dava-dalaşları, yay aylarında obyektin qarşısında açdıqları çayxana sakinləri narahat edir. Bununla bağlı dəfələrlə şikayətlər olunub, lakin heç bir tədbir görülməyib”.

Digər tərəfdən sürücülər avtomobilləri obyektlərin önündə park edərək həm piyadaların yolunu kəsir, həm də ərazidən keçən maşınlara çətinlik yaradırlar. Nəticədə yol daraldığı üçün zolaqla hərəkət edə bilməyən sürücülər qarşı tərəfə keçməli olurlar. Bu isə qəza təhlükəsinə gətirib çıxarır. Şikayətçi demək olar ki, ərazidə hər gün eyni vəziyyətin hökm sürdüyü qeyd edib. Eyni zamanda o, ərazidəki ağacların kəsilərək yerində bir müddət əvvəl obyektlərin tikildiyini əlavə edib.  

Qeyd edək ki, Abbas Mirzə Şərifzadə küçəsi və Mətbuat prospektlərində sıxlıq olduğu üçün sürücülər alternativ yol kimi sözügedən küçədən istifadə edirlər.

Ümid edirik ki, sakinlərin, piyadaların və sürücülərin narazılığına səbəb olan bu problem qısa zamanda həllini tapacaq.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh