Dələduz “makler” “beh” adı ilə qadının pulunu ələ keçirdi - Ehtiyatlı olun! - VİDEO - RƏSMİ

Hadisə 21 İyun 2024 13:40 Oxunub 4264
Dələduz  “makler” “beh” adı ilə qadının pulunu ələ keçirdi - Ehtiyatlı olun!   - VİDEO - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “Makler” adıyla dələduzluq edən şəxs vətəndaşın pulunu mənimsəyib.

Zərərçəkmiş başına gələn hadisəylə bağlı Avtosfer.az-a müraciət edib. O bildirib ki, ev kirayəsi üçün “Lalafo” elan saytına müraciət edib və elanlarda özünü rieltor kimi qeyd edən Əli adlı şəxslə əlaqə saxlayıb. Qadın “əmlakçı”nın göndərdiyi evin ünvanına və şəraitinə görə olduqca münasib qiymətə kirayəyə verildiyini və dələduzun digər müştərilərin də əmlakla maraqlandığını qeyd edib. Beh göndərdiyi halda evi saxlaya biləcəyini bildirən dələduz sayta yerləşdirdiyi saxta elanla bağlı ətraflı informasiya verməyi də əsirgəməyib. Zərərçəkmişin sözlərinə görə, “əmlakçı” onun şəxsi məlumatlarını öyrənib və ardıyca bank hesabını göndərib. Xanım ödənişi (100 manat) etdikdən sonra qəbzi ona yollayıb, lakin “niyyət”inə çatan şəxslə bundan sonra əlaqə saxlamaq mümkün olmayıb. Şikayətçi “makler”in şəxsiyyət vəsiqəsini ona  göndərdiyini və bu səbəbdən inandığını əlavə edib. 

Ümid edirik ki, insanları aldadaraq onların pullarını ələ keçirən dələduzla bağlı qısa zamanda qanunamüvafiq tədbir görüləcək. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı Avtosfer.az-a bildirib ki, bəzi şəxslər etibardan sui-istifadə edərək mənzil kirayələmək istəyən şəxslərə qarşı dələduzluq edir: "Polis aldatma, etibardan sui-istifadə yolu ilə müşahidə olunan bu kimi neqativ hallara qarşı mübarizə aparır. Hər bir dələduzluq əməli öz üsul və metoduna görə bir-birindən fərqlənir. Bu və ya digər formada evlərin kirayələnməsində və alqı-satqısında vətəndaşlar diqqətli, ayıq-sayıq olmalı, görmədiyi və mövcudluğuna əmin olmadığı evlərə görə, hər hansı formada vəsait ödəməməlidir. 
Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. 

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh