Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verib

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Elariz Məmmədoğlunun qızı Günel Alışan şahid qismində ifadə verib.
O, deyib ki, 9 aprel 2024-cü ildə həyat yoldaşı ilə əlaqəsi kəsilib:
"Həmin vaxt mesaj yazdım cavab gəlmədi, narahat oldum. Aprelin 10-da polisə məlumat verdim, dərhal bu işlə məşğul oldular və mənimlə əlaqə saxladılar. Polis bölməsinə gedib ərizə yazdım. Araşdırma zamanı məlum oldu ki, son dəfə Mətbuat prospektində Babək bəylə görüşüb. Aprelin 11-də mənə zəng elədi. Dedi ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Vəkil axtarmağa başladım, sonra Nizami mənə zəng edib dedi ki, vəkildən imtina edim. Danışanda səsi titrəyirdi, sanki, nədənsə qorxurdu. Daha sonra başqa bir adam telefonu aldı. Məndən idarəyə gəlməyimi istədi, aprelin 16-da sözügedən idarəyə getdim. Dedilər ki, vəkildən imtina elə, mən də dedikləri kimi etdim. Vəkildən imtina edəndən sonra dövlət hesabına vəkillə təmin etdilər".
Digər şahid Rövşən Dadaşov Tağı oğlu hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. O, 2002-2022-ci illərdə treninqlər üzrə konsultant vəzifəsində İnvest.az-da çalışıb: "Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra N.Alışan özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. Öz analizlərini aparıb və maliyyə bazarına çıxıb. Bu sahə dedikdə maliyyə bazarlarında birjalar, yatırımlar edərək ticarətlə məşğul olmağı nəzərdə tuturam. Bizim onunla müntəzəm əlaqəmiz olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm. İnvest.az-ın öncəki adı Forex olub. Ona görə hesaba Forex hesabı deyirlər. Digər proseslərdən xəbərim olmayıb".
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar. İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO










