İcra Hakimiyyətinin qarşısında aşan ağac bahalı maşını tanınmaz hala saldı - AÇIQLAMA - VİDEO
Paytaxtın Nərimanov rayonu Firdovsi Məmmədov küçəsində (İcra Hakimiyyətinin qarşısı) ağac avtomobilin üzərinə aşıb.
Avtosfer.az xəbər verir ki, bədbəxt hadisə dekabrın 18-də günorta saatlarında qeydə alınıb. Belə ki, ərazidə olan nəhəng ağac kökündən qoparaq park edilmiş “Range Rover” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşın tamamilə yararsız vəziyyətə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəza anidən baş verib. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə və yaxınlıqda insan olmayıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ağacın götürülməsi barədə müvafiq rəyi olmadığından onun daha öncə kəsilməsi mümkün deyildi.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev saytımıza açıqlamasında bildirib ki, aşan ağac qovaq cinsli olduğu üçün digər cinslərlə müqayisədə daha tez quruyur və qəzalı vəziyyətə düşür: “Görüntülərdən Nəriman rayon İcra Hakimiyyətinin qarşısındakı aşan ağacın qovaq cinsli olduğu müəyyən edilmişdir. Qovaq ağaclarının digər cinslərə nisbətən bioloji inkişaf dövrünü tez başa vurması, daha tez quruması və qəzalı vəziyyətə düşməsi, həmçinin bununla bağlı operativ tədbirlərin aparılmasının vacibliyini nəzərə alaraq, Agentliyimiz tərəfindən Bakı şəhəri ərazisində köküstə qurumuş, gövdəsi çürümüş, xəstəliklə sirayətlənmiş, qəzalı qovaq ağacları ilə bağlı 8 yanvar 2021-ci il tarixli 22/26 nömrəli birdəfəlik rəy verilmişdir.
Bu rəydən çıxış edərək torpaq mülkiyyətçiləri - yəni icra hakimiyyəti orqanları və bələdiyyələrin öz ərazilərindəki qurumuş, qəzalı və xəstəliklərlə sirayət olunuş qovaq ağaclarını götürmələri üçün rəy almalarına ehtiyac yoxdur”.
Nərmin