“İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama

Hadisə 31 İyul 2026 14:30
“İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
WhatsApp kanalımıza abunə olun

“21-23 iyul tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital”da plandankənar yoxlama keçirilib. Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib”.

Bu barədə Avtosfer.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

“Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə “terapevtik”, “kardioloji”, “ginekoloji” işlər üzrə prosedur otaqları təşkil edilməyib. “Qastroenteroloji” işin sahələri qaydalara uyğunlaşdırılmayıb. “Nefroloji”, “endokrinoloji”, “revmatoloji”, “neyrocərrahi”, “üz-çənə cərrahi”, “diyetoloji”, “hematoloji”, “dermatoloji”, “psixiatrik”, “otorinolarinqoloji”, “plastik cərrahi”, “ümumi cərrahi”, “uroloji”, “travmatoloji–ortopedik”, “anestezioloji-reanimatoloji”, “pediatrik”, “rentgenoloji”, “kompyuter tomoqrafiyası”, “nüvə maqnit rezonansı” işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib. 

“Rentgenoloji” iş üzrə fəaliyyət aşkarlansa da, müəssisəyə dair “Xüsusi icazə” sənədinin müddətinin bitməsi müəyyən edilib. “Radioloji gigiyenik pasport” sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb.  Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib”, - məlumatda qeyd olunub.

Açıqlamada bildirilib ki, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil: “Belə ki, müəssisədə özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib.  Məsələn, ixtisasca “laborant”ın “baş tibb bacısı” vəzifəsinə təyin olunması aşkar olunub. “Şüa diaqnostika” ixtisaslı həkim “radioloq” vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb. 

Yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq”. 

Qeyd edək ki, “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilirdi.

 

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh