Banner

Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb – RƏSMİ - VİDEO

Hadisə 18 Fevral 2026 10:46
Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb – RƏSMİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonunda magistral su xəttində baş verən qəza ilə əlaqədar vətəndaşlar sosial şəbəkədə video paylaşıb. Sakinlər iddia edir ki, su borusunun çürüməsi partlamasına səbəb olub və nəticədə evin altını yuyub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Rəşid Bağırov küçəsi 36 ünvanında qeydə alınıb. Məlumata görə, sözügedən ərazidə üzərində fərdi yaşayış evi inşa olunan sahədən keçən diametri 500 mm olan magistral su xəttinə ziyan dəyib və nəticədə qəza yaranıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzanın aradan qaldırılması və yeni su xəttinin çəkilərək şəbəkənin təhlükəsiz şəkildə bərpası məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən işlərlə əlaqədar 20 fevral tarixinədək UPD və NZS qəsəbələrinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Məlumatda qeyd edilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evi tikilib. İstismarda olan hər iki şəbəkənin üzərində inşa edilən tikililinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində qəza baş verib. Həmçinin yaşayış evinin altından keçən kanalizasiya xətti isə daha dərində yerləşir. Ehtimal olunur ki, yüklənmə nəticəsində öncə kanalizasiya kollektoru sıradan çıxıb, daha sonra su xəttinin zədələnməsinə də səbəb olub. Daha dəqiq nəticə dərinlikdə yerləşən kollektorun vəziyyətinin tam araşdırılmasından sonra məlum olacaq.

Xüsusilə diqqətə çatdıraq ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir. 

Baş verən vəziyyətlə əlaqədar hazırda içməli su xəttinin yeni xətlə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri icra olunur. Görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Eltac Zülfüqaroğlu

Oxunub 358
ŞƏRH YAZ
Ad

E-mail

Şərh