Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI

Hadisə 3 Sentyabr 2024 09:09 Oxunub 140
Kişi arvadını yataqda ÖLDÜRDÜ  - Xızıda baş verən cinayətin DETALLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xızı rayonunda 1963-cü il təvəllüdlü Əbülfət Əliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevanı qətlə yetirib.

Avtosfer.az-ın demokrat.az-a istinadən verdiyi xəbərə görə, Əbülfət 2022-ci ildə müalicə aldığı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb. O, həmin gün axşam saatlarında həyat yoldaşı Bahar ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Bu mübahisənin təsirində əsəbiləşən Əbülfət axşam yatmayıb və arvadından qisas almaq məqsədilə evin girişində ev alətləri saxlanılan qutudan mismarçıxaran çəkici götürərək yataq otağına gəlib. Əbülfət Baharın yataqda üzü divar tərəfə uzanmış vəziyyətdə olduğunu görüb və baş nahiyəsinin arxa hissəsinə çəkiclə bir neçə dəfə zərbə vuraraq onu qətlə yetirib.

Hadisəni törədən Əbülfət barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət bildirib ki, təxminən 20-25 il əvvəl Baharla ailə qurub və iki övladı var. Qızı Ülviyyə bir neçə il əvvəl ailə qurub və Maştağada yaşayır. Oğlunun adı Asimandır və 20-yə yaxın yaşı var, subaydır. Əbülfət 30 ilə yaxındır ki, fasilələrlə Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında əsəb xəstəliyi ilə əlaqədar müalicə aldığını, 30-40 gün xəstəxanada müalicə alıb, iki-üç ay evdə qaldığını bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, 31 may 2022-ci ildə axşam saatlarında qardaşı Kəmaləddinlə birgə Maştağa ruhi xəstəxanasından çıxıb və Xızı rayonu Yeni Yaşma kəndindəki evə gəlib: "Həmin gün anam Zəhra və yoldaşım Bahar evdə olublar. Başqa heç kim evdə olmayıb. Axşam yeməyini yedikdən sonra hamı yatdı. 31 mayda xəstəxanadan çıxıb gəldikdən sonra yoldaşım Baharla yola getmədim. Bahar Sumqayıtda, dəqiq bilmədiyim bir yerdə dərzi işləyib. İşdən axşam kəndə gələndə avtobusun qarşısında onu qarşılamaq istəmişəm. Avtobusdan düşəndə "niyə gəlmisən məni qarşılamağa?" dedi. Mən isə cavabımda "ürəyim istəyib ki, gəlmişəm də" deyərkən arvadım üzünü turşutmağa başladı. Sonra bir yerdə evə gəldik. Ona mülayim davransam da, o, tərs davrandı. Mənə qarşı belə münasibətdən gecəni yata bilmədim".

Əbülfət əlavə edib ki, səhər saatlarında hava işıqlandıqda yerindən qalxıb: "Bahar səhər saatlarında işə getmək üçün paltarını geyinərkən ona heç olmasa bir gün işə getməyərək evdə qalmasını dedim. O, ev paltarını dəyişdi, yerə üzü divara tərəf uzanaraq telefonla oynadığını gördüm. Evin dəhlizində ev alətləri, ləvazimatları olan dəmir qutudan mismarçıxaran kərki alətini götürərək yataq otağına gəldim. Kərki ilə arvadımı uzanmış vəziyyətdə arxasından baş nahiyəsinə bir neçə dəfə möhkəm formada zərbələr vurdum. Onu vuranda səsi çıxmadı. Heç kim vurduğumu eşitmədi, bilmədi. Vuranda özüm də bilmirdim. Bu hadisədən çox peşman olmuşam. Elə həmin vaxt kərki alətini həyətdəki taxtadan kvadrat formada tualetə atdım. Heç kim atdığımı görmədi. Hadisədən qısa müddət sonra evdən çıxdım və bacım Züleyxagilin kənddəki evinə getmək istədim. Bir az getdikdən sonra yolun yarısından geriyə qayıtdım. Evə girəndə anam dəhlizdə oturmuşdu, yataq otağına girdikdə Baharın başından qan axdığını gördüm. Anamı çağıraraq "gəl bax, Baharı kimsə vurub" dedim. Anam "yalan demə, sən etmisən, başqa heç kim yoxdu evdə, Baharı sən vurmusan" deyə bildi. Bundan sonra kənddə yaşlı qadın Həqiqət xalagilə getdim. Ona törətdiyim hadisə barəsində heç nə demədim. Onlarda 10-15 dəqiqə oturaraq bir stəkan çay içdikdən sonra evə tərəf getdim. Qardaşım Kəmaləddin gəldi və məni maşına mindirdi. Müalicə aldığım Maştağa xəstəxanasına yatırdı. Həmin gündən indiyə qədər də orada yatmışam".

Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı Baharı vurarkən özündə olmayıb: "Arvadımı vurmama səbəb onun mənə xoş münasibət göstərməməsi olub. Arvadımı vurarkən zərbə endirdiyim dəmir alət bir tərəfi çəkic, bir tərəfi mismarçıxaran olan kərki adında alət olub. Mən arvadımı vurarkən yaşadığımız evdə anamdan başqa heç kim olmayıb. Arvadımın başına zərbələr endirdiyimi heç kim görməyib".

İş üzrə zərərçəkmiş şəxs Baharın hüquqi varisi qismində dindirilən qohumunun sözlərinə görə, bacısı Bahar 1996-cı ildə Əbülfət ilə ailə qurub: "Əbülfət həmin ildən bacımı ailə qurmaq məqsədilə qaçırıb. Onlar nikah bağlayaraq birlikdə yaşayıblar. 1998-ci ildə onların Ülviyyə adlı qızları, 2000-ci ildə isə Asiman adlı oğul övladları dünyaya gəlib. Bahar ailə qurmamışdan əvvəl, 1992-ci ildən Sumqayıtda çörək sexində işləyib. Son 10 il ərzində isə Sumqayıtda məhkəmənin arxasında yerləşən tikiş fabrikində işləyib. Baharla Əbülfət ailə qurarkən onların münasibətləri normal olub və hər hansı problemi olmayıb. Son illərdə onların aralarındakı münasibət barədə məlumatım olmayıb".

Hüquqi varis əlavə edib ki, axırıncı dəfə mayın 15-20 ərəfəsində onların evlərində olub: "Bahar Sumqayıta qonaq gəlib. Bacımı və onun oğlunu evlərinə, Yaşma qəsəbəsinə apardıqda yoldaşı Əbülfətin Maştağada ruhi xəstəxanada olduğunu bilmişəm. Baharı demək olar ki, hər gün işdən sonra Sumqayıtda bizə gələrək bir stəkan çay içərkən görmüşəm. Hadisədən əvvəlki gün Bahar işdən çıxdıqdan sonra həmişəki kimi bizə gəldi. Orada olarkən Bahara zəng gəldi. Yoldaşı Əbülfətlə danışdıqdan sonra 18:30-da avtobusla yaşadığı Yeni Yaşma qəsəbəsinə getdi".

Hüquqi varisin ifadəsinə görə, qətl baş verən günü, səhər saat 9 radələrində onlara Baharın xəstələndiyindən Sumqayıt Travmatologiya Xəstəxanasına gəlmələri bildirilib: "Sumqayıt Travmatologiya Xəstəxanasına 10 dəqiqəyə çatdım. 12:30-da Baharı başı bintlə bağlanmış və əlləri əsən vəziyyətdə təcili yardım maşınıyla həmin xəstəxanaya gətirdiklərini gördüm. Reanimasiyaya yerləşdirilərək orada əməliyyat olundu. Həkimin dediyinə görə, Baharın baş nahiyəsinə küt alətlə xəsarət yetirilib. Ayın 5-nə qədər hər gün xəstəxanada olmuşam. Bahar reanimasiyada olduğum müddətdə özünə gəlməyib. Ayın 5-də saat 13 radələrində xəstəxanadan Baharın artıq vəfat etdiyi barədə məlumat gəldi. Həmin günü meyitini Şamaxıya apardıq, səhəri gün, ayın 6-da Həmyə kənd qəbiristanlığında dəfn etdik".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Əbülfət Əliyev, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib. O, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə edilib.

Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissənin icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilib. Onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh