Reklam

Kitab sərgisi üçün nazirlikdən alınan 642 min manat yeyilib? - ŞOK İTTİHAMLAR

Hadisə 7 Oktyabr 2024 21:27 Oxunub 302
Kitab sərgisi üçün nazirlikdən alınan 642 min manat yeyilib? - ŞOK İTTİHAMLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2-8 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri üçün Mədəniyyət Nazirliyi “ADMEDİA.AZ” MMC (VÖEN - 2002644161) şirkətinə 641 min 548 manat 30 qəpik ayırıb. Avtosfer.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "ADMEDİA.AZ” MMC Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin (açıq tender) qalibi olub və bu şirkət Beynəlxalq Kitab Sərgisinin təşkili ilə bağlı 86 adda müxtəlif xidmətlər həyata keçirməlidir.

Məlumat üçün bildirək ki, sərgi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəzilərinin icra olunmadığı görülür.

Tender müsabiqəsinin şərtlərində göstərilir ki, “ADMEDİA.AZ” MMC 5 xəbər portalında – “trend.az”, “oxu.az”, “1news.az”, “qafqazinfo.az” və “kulis.az” saytlarında reklam xarakterli bannerlər yerləşdirməlidir. Adları qeyd olunan saytların yalnız 2-də – “qafqazinfo.az” və “kulis.az” saytlarında Beynəlxalq Kitab Sərgisi ilə bağlı reklam bannerləri yerləşdirilib. Digər saytlarda isə reklam bannerləri görünmür.

Həmçinin tender müsabiqəsinin şərtlərində qeyd olunub ki, Beynəlxalq Kitab Sərgisinə aid olan “bakubookfair.az” saytında informasiyaların (materialların) yerləşdirilməsi həyata keçirilməlidir. Lakin, səriginin başa çatmasına 1 gün qalmasına baxmayaraq hələ də “bakubookfair.az” saytında sərgi ilə bağlı heç bir məlumat dərc olunmayıb. Hətta sərginin açılışı barədə məlumat da saytda mövcud deyil.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.

“ADMEDİA.AZ” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Şirkətin rəsmi saytında göstərilir ki, əsas fəaliyyətləri reklam, media, marketinq sahələrini, həmçinin sərgi və tədbirlərin təşkili xidmətlərini əhatə edir.

Qeyd edək ki, məsələ ilə bağlı “ADMEDİA.AZ” MMC-nin həm reklam şöbəsinin, həm də sərginin təşkilinə məsul olan əməkdaşları ilə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik.

Sərginin Təşkilat Komitəsinin və İşçi Qrupunun üzvü Xəyal Məmmədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz cavabsız qaldı. İşçi Qrupunun digər üzvü Lalə Məmmədovaya məxsus olduğu bildirilən əlaqə nömrəsi isə hazırda fəaliyyətsizdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh