"Qazel" və “Niva" toqquşdu; sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çənlibel kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.