Sabunçuda yeniyetmələr arasındakı qanlı mübahisənin TƏFƏRRÜATI - YENİLƏNİB
Ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə Həsən Quliyev öz həmyaşıdı Yasin Mirzəyev tərəfindən kəsici alətlə qətlə yetirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün 15:30-da dərsdənkənar vaxtda qeydə alınıb. Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.
İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.
Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, oktyabrın 2-də yetkinlik yaşına çatmayan H.Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.Mirzəyevin Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində onun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Y.Mirzəyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.