Qəbələdə meşə yanğınının söndürülməsinə mühafizə qüvvələri, helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB
Hadisə 15 Avqust 2022 22:33 Oxunub 738
Qəbələdə meşə yanğınının söndürülməsinə mühafizə qüvvələri, helikopter cəlb olunub  - VİDEO - YENİLƏNİB

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır.

Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.

Əlavə məlumat veriləcək.

18:00

Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev Avtosfer.az -a bildirib ki, Tikanlı kəndi ərazisindəki yüksək dağın zirvəsində, meşə sahəsində baş verən yanğın hazırda davam edir.

Şahdağ Milli Parkının ərazisi olan Tikanlı meşəsində indiyədək bir hektar ərazi yanıb. Alovun qarşısının alınması üçün FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helokopter cəlb olunub. Yanğın nəzarətə götürülüb. Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınların əraziyə cəlb edilməsi mümkün deyil. Yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə olunur.

17.49

Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. ETSN-in yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh