
İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olundu - VİDEO - YENİLƏNİB

Bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Agentliyin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.
Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.
***
Sel suları İsmayıllıda fəsadlar törədib.
İsmayıllıda evləri, obyektləri sel basıb, mal-qara tələf olub, bəzi yollar bağlanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sel suları Lahıc yolunu dağıdıb. Nəticədə qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.
Sözügedən görüntüləri təqdim edirik: