Reklam

Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü CƏZALANDIRILDI - VİDEO

Hadisə 27 Noyabr 2024 15:56 Oxunub 150
Sərnişinlə mübahisə etdiyi üçün avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü CƏZALANDIRILDI  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 88 saylı xətt avtobusunda sürücüsü sərnişinlə mübahisə etdiyi üçün nəqliyyat vasitəsini sürməkdən imtina edib və sərnişinlərdən avtobusdan düşməyi tələb edib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, sərnişinlərdən birinə əsəbiləşən sürücü avtobusun bütün qapılarını açaraq hər kəsin düşməsini tələb edib və nəqliyyat vasitəsini idarə etməkdən imtina edib. Digər sərnişinlərin yola davam etməsi ilə bağlı tələblərinə isə fikir verməyib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva açıqlamasında insidentin baş verdiyini təsdiqləyib.

O qeyd edib ki, noyabrın 25-də "BakuBus"ın istismarında olan 88 nömrəli marşrut xəttində sərnişin ödənişini kartla etdikdən sonra sürücüdən arxa qapını açmasını tələb edib və avtobusa arxa qapıdan minəcəyini bildirib.

"Sürücü Natiq Nadir oğlu Babayev təhlükəsizlik qaydalarına əsaslanaraq, arxa qapıdan minməyin qadağan olduğunu və belə halların nəzarət kameralarında qeydə alınıb cəriməyə səbəb ola biləcəyini izah edib. Bu səbəbdən sürücü və sərnişin arasında mübahisə yaranıb.

Bundan sonra sürücü monitorinq mərkəzi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib və özünü yaxşı hiss etmədiyini bildirərək avtobusu dayandırıb.

Təəssüf ki, bu hadisə digər sərnişinlərin də mübahisəyə qoşulmasına səbəb olub. Sürücü sərnişinləri arxadan gələn 88 nömrəli avtobusa yönləndirərək onların ödənişsiz şəkildə daşınmasını təmin edib",- deyə Ə. Əliyeva qeyd edib.

"BakuBus" MMC rəsmisi onu da diqqətə çatdırıb ki, sürücünün avtobusu dayandırmaq və sərnişinləri avtobusdan düşürmək səlahiyyəti yoxdur.

"Bu səbəbdən də şirkətin qaydalarına uyğun olaraq sürücü cəzalandırılıb.

"BakuBus" MMC sərnişinlərdən anlayış və qaydalara riayət etməyi xahiş edir, sürücülərimizin peşəkarlıq və davranış qaydalarına tam əməl etməsi üçün davamlı tədbirlər həyata keçirildiyini diqqətinizə çatdırırıq. İctimai nəqliyyatda nizam-intizamı qorumaq, sərnişinlərimizə keyfiyyətli xidmət göstərmək və hər hansı insidentlərin qarşısını almaq üçün birlikdə çalışmalıyıq. "BakuBus" olaraq, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini təmin etmək bizim üçün əsas prioritetdir", - deyə açıqlamada vurğulanıb.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh