Söyüşə görə dostunu GÜLLƏLƏDİ - Bakıda kriminal HESABLAŞMA

Hadisə 2 May 2023 22:00 Oxunub 1282
Söyüşə görə dostunu GÜLLƏLƏDİ - Bakıda kriminal HESABLAŞMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-ci il fevralın 22-də Bakının Binəqədi rayonu eyniadlı şossedə 1989-cu il təvəllüdlü Əli Abıyev güllələnir. O, xəsarətlər alaraq, Kliniki Tibbi Mərkəzə yerləşdirilir.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbirlərlə məlum olub ki, hadisə Binəqədi-Xırdalan şossesində yerləşən, “Vulkan dağının ətəyi” adlanan ərazidə baş verib. Zərərçəkmiş Əli Abıyevə məxsus “VAZ-2121” markalı avtomobil Biləcəri qəsəbəsi, Firdovsi Vəliyev küçəsi, 1 ünvanında tapılıb. Maşına baxış zamanı avtomobilin ön sağ qanadının üzərində bir ədəd dəlik aşkar edilib.
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əli Abıyevin bədənində 3 ədəd dəlib-keçən odlu silah- güllə yarası aşkar edilib.
 
Fevralın 23-də Masallı rayonunun Hacıtəpə kəndində qeydiyyatda olan 1986-cı il təvəllüdlü Pərviz Mayılovun tutulması haqqında qərar qəbul edilib. Barəsində axtarış elan olunan şəxs mayın 12-də, əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsininnin əməkdaşları tərəfindən Masallı rayonunda saxlanılıb.

Hadisə olan ərazi

Lent.az hadisənin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, fevralın 22-i saat 21 radələrində Pərviz Mayılov Əli Abıyevə bir neçə saat əvvəl “Memar Əcəmi” metrostansiyasının  yaxınlığında aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək istəyib. Bu məqsədlə zəng edərək onu “Xırdalan dairəsi” adlanan ərazidə yerləєən yanacaqdoldurma məntəqəsinin qarşısına görüşə çağırıb.

Cibində tapança olan Pərviz Mayılov taksiyə ilə həmin əraziyə gəlib. Əli Abıyevin yanında ümumi dost-tanışları Sənan Hüseynovu, Sərxan Qəhrəmanovu və Üzeyir Qocayevi gördükdə, yanlarında planlaşdırdığı cinayət əməlini törədə bilməyəcəyini başa düşüb. Kənar yerdə söhbət etmək istədiyini və tanışlarına onların yanına gəlməmələrini söyləyərək, Abıyevə məxsus “VAZ-2121” markalı avtomobillə əhalinin seyrək məskunlaşdığı Biləcəri qəsəbəsi, “Vulkan dağının ətəyi” adlanan əraziyə gediblər. Avtomobildən düşdükdən sonra, Əli Abıyevin dəfələrlə üzr istəməsinə baxmayaraq Pərviz Mayılov tapançadan 3 dəfə atəş açaraq, onu yaralayıb. Həmçinin atılmış güllələrdən biri maşının sağ ön qanadına dəyib. Hadisə vaxtı patronların bitməsi, Əli Abıyevin hadisə yerindən qaçaraq Pərvizdən uzaqlaşması və tanışlarının köməkliyi ilə xəstəxanaya çatdırılması səbəbindən, onun həyatı xilas edilib. Daha sonra Pərviz Mayılov hadisə yerində qalan avtomobili idarə edərək, həmin qəsəbədə, Firdovsi Vəliyev küçəsi, dalan 1 ünvanına kimi sürüb orda maşını atıb.

İstintaq fotosu
 
İş üzrə dindirilmiş Pərviz Mayılov bildirib ki, 2015-ci ildən fərdi qaydada maşın alqı-satqısı ilə məşğudur. Əli Abıyevlə avtomobil satışı ilə bağlı 2018-ci ildə tanış olub:

“2020-ci il fevralın 22-i saat 12 radələrində tanışım Üzeyir Qocayevlə zəngləşərək, “Azadlıq” metrostansiyasının yanında görüşdük. Birlikdə, lombarda aylıq ödənişi ödəmək məqsədi ilə Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsi 2/3 ünvanda yerləşən, Ayxan Mollayevə məxsus ofisə getdik. Saat 14 radələrində kafedə çay içərkən, Üzeyirə ümumi tanışımız olan Sərxan Qəhrəmanovla əlaqə saxlayaraq onu görüşə çağırmasını və Sərxandan, borca verdiyi 3000 manat pulu nə vaxt qaytaracağını öyrənmək istədiyimi bildirdim. Belə ki, tanışım həmin məbləği 10 günə qaytaracağı adı ilə almışdı. Amma 4 ay keçməsinə baxmayaraq, hələ də qaytarmayıb.

Üzeyir Sərxana zəng edəndə, Əli Abıyevlə Badamdar qəsəbəsinə, çörək yeməyə getdiklərini və sonra mənimlə əlaqə saxlayacağını dedi. Saat 19 radələrində Üzeyir növbəti dəfə əlaqə saxlayanda, Sərxan satdığımız “Toyota Land-Crusier Prado” markalı avtomaşınla əlaqədar Binəqədi RPİ 7-ci PB-nə dəvət olunduğunu bildirdi. Onun sözlərinə görə, yaranmış problemlə bağlı həmin avtomobilin sahibi bölməyə ərizə ilə müraciət edib. Az sonra, Sərxan bölmədən çıxdığını və “Menar Əcəmi” metrostansiyasının yanında görüşə biləcəklərini söylədi. Saat 19:45-də Sərxan və Əli ilə görüşdük. Pulumu geri qaytarmasını tələb edəndə, Sərxan əvvəl həmin məbləği xərclədiyini, sonra sözünü dəyişərək, məndən aldığı 3000 manatı Üzeyirə verdiyini və pulunu ondan istəməyimi bildirdi. Mən də Sərxana pulu ona verdiyimi və ondan alacağımı dedim. Bir-birimizin yaxamızdan tutaraq mübahisə etməyə başlayanda, Əli söhbətimizə müdaxilə edib mənə söydü. Yaxınlıqda olan tanımadığım şəxslər bizi ayırdılar. Mən Üzeyirlə, Əli isə Sərxanla birlikdə sağollaşmadan, ordan uzaqlaşdıq.

Pərviz Mayılov

Taksi ilə Saray qəsəbəsi istiqamətində gedərkən, Əli öz nömrəsindən Üzeyirə zəng edərək, hər ikimizi söydü. Abıyevin hərəkətlərindən bərk əsəbləşdiyimə görə Sərxana zəng edərək, mobil nömrəmi Əliyə bildirməsini və onunla danışmaq istədiyimi dedim. Bir neçə dəqiqədən sonra Əli mənimlə əlaqə saxladıqda, məsələni aydınlaşdırmaq üçün onu “Xırdalan dairəsi” adlanan əraziyə çağırdım. Odlu silahı 2019-cu ildə Qazax rayonunda Sənan adlı Gürcüstan vətəndaşından 700 manata almışam. Saray qəsəbəsində yerləşən qəbirstanlığa gedərək, ağacın altında basdırdığım tapançanı çıxarıb gödəkçəmin cibinə qoydum və taksi ilə Xırdalana yollandım. Görüş yerinə çatanda orda tanışlarım Üzeyiri, Sərxanı, Əlini və Fəqanı gördüm. Əliyə öz maşınına oturub təklikdə söhbət etməyimizi təklf etdim. Tanışlarım buna etiraz edərək, mübahisəyə ehtiyac olmadığını söyləyəndə, onlara narahat olmamalarını bildirdim. Abıyev avtomobili idarə edib tanımadığım, hadisədən sonra “Vulkan dağının ətəyi” kimi adlanan əraziyə sürdü. Maşından düşəndən sonra, Əli kobud tərzdə “nə demək istədiyimi?” soruşdu. Onunla heç bir problemim olmadığını və bir müddət əvvəl onun mənə qarşı söyüş söydüyünü dedim. Əli üzərimə gəlib, başı ilə  alnıma zərbə vurub. Sonra boyunumdan tutaraq, mənə söydü. “Sərxana zəng edəcəyimi və ondan üzr istəməyimi” dedi. Gödəkçəmin cibindən, dəstəyi sarı rəngdə olan vintaçanı çıxartdım. Şəxsiyyətimi alçaldılmış hiss etdiyimdən, gödəkçəmin sağ cibindən çıxardığım tapançadan Əlinin ayaqları istiqamətində atəşlər açdım. Abıyev qışqıra-qışqıra, həmin yerdən qaçmağa başladı. Qaranlıq olduğundan atdığım güllələrin Əliyə dəyib-dəymədiyini dəqiq bilmədim. Açar avtomobilin üstündə olduğuna görə, nəqliyyat vasitəsini işə salıb hadisə yerindən uzaqlaşdım.

Pərviz Mayılov

Təxminən 3 km idarə edərək, Biləcəri qəsəbəsində, dalanların birində saxladım. Kənar şəxslərin avtomobili talamaması üçün qapılarını bağlayıb açarı cibimə qoydum. Taksi ilə kirayədə yaşadığım Xırdalan şəhərinə getdim. Arvadım və qardaşım Fəhmin evdə idilər. Əl-üzümü yuyub, paltarlarımı dəyişəndən sonra qardaşıma Əli adlı tanışıma tapançadan atəş açdığımı, lakin onun ölmədiyini bildirdim. Hadisə vaxtı özümə məxsus “İphone5” markalı mobil telefonu itirdiyimə görə, Fəhminin telefonunu özümlə götürərək, evdən çıxdım. Polisdən gizlənmək məqsədi ilə Xızı rayonunun Yaşma qəsəbəsinə yollandım. 2 aydan çox kimsəsiz tikililərdə qaldım. Yaşamaq üçün normal şərait olmadığına görə, mayın 12-də Masallı rayonunun Hacıtəpə kəndinə getdim. Həmin gün orda Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhərinə gətirildim və törətdiyim cinayəti etiraf etdim”.

Hadisə olan ərazi
 
Zərərçəkmiş Əli Abıyev ifadəsində göstərib ki, Pərviz Mayılov ona 3 dəfə atəş açıb:

“Güllələr sol qoluma və hər iki buduma dəydi. Möhkəm ağrı hiss etdiyimdən qışqırıb aşağı istiqamətdə qaçmağa başladım. Bir qədər aralandıqdan sonra, yerə yıxılıb avtomobil yoluna doğru sürünərkən, öz atomobilimin işə salınmasının səsini eşitdim. Qaz xəttinin yanına çatanda, zəng edən Sərxana, Pərvizin tapançadan atəş açıb, məni yaraladığını dedim. Sonra taksi sürücüsü Vüsal Məmmədova zəng vurub, olduğum yeri izah etdim. 10 dəqiqə sonra, tanışım məni ordan götürüb, 16 saylı Təcili Tibbi Yardım Stansiyasına apardı. Orda həkim olmadığından, mənə tibbi yardım göstərilmədi. Buna görə, Kliniki Tibbi Mərkəzə gəldim. 3 həftə stasionar müalicə aldıqdan sonra evə buraxıldım”.

Əli Abıyevin NİVA-sı
 
Daxili İşlər Nazirliyindən alınımş tələbnamələrə əsasən, Pərviz Mayılov Abşeron rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına, Əli Abıyev Binəqədi rayon Məhkəməsinin 2018-ci il tarixli  hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və saxlama) maddəsi ilə 2 il 11 ay müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum olunublar.
 
Məhkəmə iclasında Pərviz Mayılov ittiham üzrə özünü qismən təqsirli bilərək, Əli Abıyevi öldürmək istəmədiyini və buna görə ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu qeyd edib. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Pərviz Mayılovun üzərindəki vintaçan
 
Zərərçəkmiş Əli Abıyev bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
 
Məhkəmə hesab edib ki, Pərviz Mayılovun əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 185.1-ci (avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh