“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – ARAŞDIRMA

Hadisə 20 May 2024 17:33 Oxunub 186
“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşaiyət edən digər 7 nəfərin helikopter qəzasında həlak olmaları Azərbaycan rəhbərliyi və ölkə ictimiyyəti tərəfindən təəsüf hissilə qarşılandı. Azərbaycan və Türkiyənin İrana kömək təklif etmələri Bakı ilə Ankaranın qonşusuna olan səmimi münasibətinin təzahürü idi. Prezident İlham Əliyev qəzanın acı nəticələri məlum olan kimi İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verdi.

Avtosfer.az xəbər verir ki, axtarış prosesinin başa çatdırılmasında Türkiyənin AKINCI PUA-sının həlledici rol oynaması İranın hərbi rəhbərliyi tərəfindən hələlik layiqincə qiymətləndirilməyib.

Bu dəfə İranın aviasiya parkının vəziyyəti, aviaqəzalarının sayı və onların səbəbləri ilə bağlı məsələlərə toxunmaq istəyirəm. İranın dövlət başçısı İbrahim Rəisi son 85 ildə aviasiya qəzasında həlak olan 14-cü prezidentdir. Aviasiya qəzalarının əsas səbəbləri adətən insan amilindən, ekipajın və yerüstü heyətin hazırlığından, iqlim şəraitindən, kənar müdaxilədən və texniki nasazlıqdan qaynaqlanır. Statistikaya görə iqlim şəraiti və ya texniki nasazlıq səbəbindən təyyarə qəzaları daha az baş verir. İranda baş verən qəzaların əksəriyyəti ehtiyat hissələrin çatışmazlığı ilə bağlıdır. Bu da öz növbəsində İrana tətbiq edilən saksiyaların nəticəsidir.

2006-cı ildə BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalarla nüvə, raket və hərbi məhsulların əhəmiyyətli hissəsinin islam ölkəsinə ixracı, bu sahələrə xarici investisiyaların yatırılması, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq qadağan olundu.
2010-cu ildə Avropa İttifaqı, Kanada, Avstraliya, Cənubi Koreya və Yaponiya da İrana qarşı birgə sanksiyalar tətbiq ediblər.
ABŞ 1979, 2018, 2020 və 2022-ci illərdə İrana qarşı birtərəfli sanksiyalar tətbiq edib.
İsrail və İsvecrə də İrana qarşı sanksiya tətbiq edən dövlətlərin siyahısına daxildir.

23 iyul 2019-cu ildə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control, "OFAC") “Mülki Aviasiya Sənayesi İştirakçılarına İrana qarşı sanksiyalarla əlaqədar Məsləhətlər" adlı sənəd dərc etmişdi. Bu sənəddə OFAC İranın aviasiya vasitələri və onların ehtiyat hissələri əldə etmək üçün istifadə edilən saxtakarlıq sxemləri və bu fəaliyyətlərin yaratdığı cinayət məsuliyyəti barədə aidiyyəti şirkətlərə xəbərdarlıq etmişdi.

İran hərbi hava qüvvələrinin silahlanmasında mövcud olan və mülki aviasiya şirkətləri tərəfindən istifadə edilən vasitələrinin əksəriyyəti 1979-cu il inqilabından əvvəl istehsal olunub. Məsələn, İran prezidenti İbrahim Rəisini daşıyarkən qəzaya uğrayan "Bell 212"helikopteri 1965-ci ildə ABŞ-da hazırlanıb, 1968-ci ildən istifadə olunur.

İran mənbələri adətən aviasiya qəzaları və itkilər barədə rəsmi ümumi statistikanı açıqlamaqdan çəkinirlər. Amma bəzi rəqəmləri açıq mənbələrdən əldə edərək ümumi mənzərənin nə qədər acınacaqlı olduğunu görmək mümkündür.

Kütləvi informasiya vasitələrində 2005-ci ildən indiyə kimi İran ərazisində 15 aviasiya qəzası barədə məlumata rast gəlinir. 5 qəza hərbi təyyarələr və helikopterlər, 10 qəza isə mülki aviasiya vasitələri ilə bağlıdır.

6 dekabr 2005-ci ildə 
Tehranın Mehrabad hava limanından havaya qalxdıqdan az sonra İran Hərbi Hava Qüvvələrinə məxsus "Lockheed C-130E Hercules" nəqliyyat təyyarəsi İran paytaxtında on mərtəbəli yaşayış binasına çırpıldı. Təyyarənin göyərtəsində olan bütün 94 sərnişin və ekipaj üzvü də daxil olmaqla ümumilikdə 128 nəfər insan bu qəzada həlak oldu. Qəzanın səbəbi texniki nasazlıq idi.

2006-cı il yanvarın 9-da İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus "Dassault Falcon 20E" Tehrandan Urmiyə istiqamətində hərəkət edərkən təyinat hava limanına yaxınlaşanda qəzaya uğradı. Fəlakətə səbəb kimi buzlanma səbəbindən mühərrikin sıradan çıxması elan edildi. Halbuki buzlanma səbəbindən bu təyyarənin mühərrikində nasazlıq yaranmasına başqa və daha sərt iqlimə malik ölkələrdə rast gəlinməyib. Qəzada 13 nəfər, o cümlədən SEPAH quru qoşunlarının komandanı Əhməd Kazemi həlak oldu.

2006-cı il sentyabrın 1-də Bəndər Abbasdan Məşhədə daxili reyslə uçan İranın "Tu-154M" sərnişin təyyarəsi təyinat hava limanında sərt eniş edib. Qabaq şassənin nasazlığı (ehtimal ki, təkərin partlaması) nəticəsində yerə endikdən sonra təyyarə sürüşərək uçuş-enmə zolağından çıxaraq parçalandı və yandı. Təyyarədə olan 148 nəfərdən (137 sərnişin və 11 ekipaj üzvü) 28 nəfər həlak oldu.

27 noyabr 2006-cı ildə Tehrandan Şiraza uçan SEPAH-ın "An-74T-200" hərbi-nəqliyyat təyyarəsi paytaxtın Mehrabad hava limanında uçuş zamanı qəzaya uğradı. Təyyarədə olan 38 nəfərdən (6 ekipaj üzvü və 32 sərnişin) yalnız biri xilas ola bildi.

2007-ci il fevralın 24-də Qərbi Azərbaycan əyalətində (İranın şimal-qərbində) missiya yerinə yetirən SEPAH-ın helikopteri Türkiyə ilə sərhəd yaxınlığında qəzaya uğradı. İran televiziyasının məlumatına görə, təyyarədə olan 14 nəfər - SEPAH komandanlığının iki nümayəndəsi və 12 nizami ordu əsgəri həlak oldu. SEPAH fəlakəti pis hava şəraiti ilə əlaqələndirdi.

2009-cu il iyulun 15-də Tehrandan Ermənistan paytaxtına müntəzəm reyslə uçan “Caspian Airlines” aviaşirkətinə məxsus "Tu-154M" sərnişin təyyarəsi İranın Qəzvin şəhəri yaxınlığında, qalxdığı hava limanından 200 km məsafədə yerləşən Canatabad kəndi yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 168 nəfərin hamısı - 15 ekipaj üzvü və 153 sərnişin, o cümlədən iki uşaq həlak oldu. Ölənlərin arasında beş Ermənistan vətəndaşı da var idi. 2016-cı il mayın 10-da Tehran prokurorluğunun nümayəndəsi Qazi Şəhriari bildirdi ki, fəlakət təzyiq kompressorunun klapanındakı problemlər səbəbindən baş verib. Prokurorluq təyyarəni istehsal edən Rusiya şirkətini və uçuşa xidmət edən personalı günahlandırdı.

24 iyul 2009-cu ildə İranın "Aria Air" aviaşirkətinə məxsus İl-62M sərnişin təyyarəsi Tehrandan Məşhədə müntəzəm daxili reys həyata keçirən zaman təyinat hava limanına enərkən ekipajın səhvləri səbəbindən uçuş-enmə zolağına enərkən zolağdan kənara çıxaraq aşdı. Təyyarədə olan 153 nəfərdən 16-sı həlak oldu.

2011-ci il yanvarın 9-da Tehrandan Urmiyəyə 277 saylı daxili reyslə uçan İran aviaşirkətinə məxsus "Boeing 727-200" sərnişin təyyarəsi pis hava şəraitinə görə təkrar enmə zamanı yerə çırpıldı. Hava limanına 8 km məsafədə baş verən qəza nəticəsində təyyarədə olan 105 nəfərdən (94 sərnişin və 11 ekipaj üzvü) 78-i, o cümlədən bütün ekipaj üzvləri həlak oldu.

2012-ci il noyabrın 14-də İran Ordu Aviasiyasının "Bell 214A İsfahan" adlı təcili yardım helikopteri Məşhəd şəhəri yaxınlığında baş verən qəzada yaralananları xəstəxanaya aparan zaman elektrik xəttinə toxunaraq qəzaya uğradı. Nəticədə on nəfər - dörd ekipaj üzvü, bir həkim və beş xəstə həlak oldu.

2020-ci il yanvarın 8-də Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi Tehran hava limanında havaya qalxdıqdan sonra qəzaya uğradı. İran hava hücumundan müdafiə qoşunları 21-ci əsrdə mülki təyyarəni hərbi hədəfdən fərqləndirə bilmədilər, nəticədə atılan raket mülki təyyarənin göyərtəsində olan 180 nəfərin hamısı həlak oldu.

2024-cü il mayın 19-da İran prezidentinin və onu müşaiyət edən 8 nəfərin həlak olması ilə nəticələnən son qəzanın səbəbləri rəsmi olaraq açıqlanmır. Amma 60 yaşlı helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğrması ehtimalı daha yüksəkdir.

Son iyirmi il ərzində İranda hər milyon uçuşa görə ölənlərin sayı dünya üzrə orta göstəricidən beş dəfə çoxdur. Səbəb aviasiya vasitələrinə texniki qulluğun keyfiyyəti, pilotların hazırlığı, ehtiyat hissələrin çatışmazlığı ilə bağlıdır. İran aviaqəzaların sayına görə dünyada ilk sıralarda yer alır. İslam İnqilabının qalib gəldiyi 1979-cu ildən sonra təxminən 2000 İran vətəndaşı təyyarə qəzalarında həlak olub. Bu qəzaların əksəriyyəti ehtiyat hissələrin resurslarını başa vurmasına baxmayaraq, yenilərilə əvəz edilməməsi üzündən baş verib. İranda təyyarə qəzalarında ildə orta hesabla 53 nəfər ölür. Ölkənin təyyarə parkının orta yaşı dünya üzrə orta yaş göstəricisindən üç dəfə çoxdur.

Hazırda İran aviasiya sahəsində ehtiyat hissələrin çatışmazlığını havaya qalxmaq imkanı olmayan digər vasitələr hesabına ödəməsi, yəni "aviasiya kannibalizmi" metodundan istifadə etməsi gələcəkdə də bənzər qəzaların baş verəcəyini ehtimal etməyə ciddi əsaslar verir.

(azvision)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh