Yatan arvadına çapacaqla 8 zərbə vurdu – Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT

Hadisə 11 İyul 2024 00:12 Oxunub 490
Yatan arvadına çapacaqla 8 zərbə vurdu – Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il sentyabrın 3-də 3 saylı Şəhər Klinik Xəstəxanasına ağır yaralı vəziyyətdə Kəmalə Mirzəyeva gətirilib. Göstərilən tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Elə həmin gecə qadına xəsarət yetirməkdə şübhəli bilinən əri, əvvəllər məhkum olunmuş Şükür Mirzəyev 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Dərhal hadisə baş verən Zabrat qəsəbəsi, məhəllə 1, ev 3b ünvanına əməliyyat qrupu çıxıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Şükür Mirzəyev narkotik vasitələr istifadə edib, ailəsində mütəmadi münaqişə yaratdığı üçün arvadı Kəmalə Mirzəyeva onun hərəkətlərindən bezib və onu danışdırmayıb. Şükür Mirzəyev sentyabrın 3-ü gecə saat 02 radələrində Zabrat qəsəbəsində yaşadığı evin mətbəxindən məişət təyinatlı çapacağı götürüb, yoldaşının yatdığı otağa daxil olub. Öldürmək məqsədi ilə çarpayıda yatan qadının baş və bədəninin müxtəlif nahiyələrinə 8 dəfə zərbə endirib. Atası Mirzə Mirzəyev hadisəni görüb, müdaxilə etdiyindən cinayət əməlini başa çatdıra bilməyib. Kəmalə Mirzəyeva hadisə yerinə gəlmiş qonşuların və Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Sabunçu Tibb Mərkəzinə vaxtında çatdırılıb.

İş üzrə dindirilmiş Şükür Mirzəyev bildirib ki, Kəmalə Mirzəyeva ilə 20 ildən çoxdur ki, evlidir. Hadisə vaxtı oğlu hərbi xidmətdə olub, qızı ailəlidir. Narkotik vasitələrdən istifadə edib, 2021-ci ilin avqust ayından sentyabrın 2-nə kimi Narkoloji Mərkəzdə müalicə olunub. Ayın 3-ü gecə saat 02 radələrində yuxudan oyandıqda, arvadının yatdığı otağa keçmək istəyib, amma qapının kilidli olduğunu görüb. Kəmaləyə söhbət etmək istədyini bildirərək, ondan qapını açmasını xahiş edib. Cavab olaraq arvadı onunla danışmaq istəmədiyini deyib, buna görə əsəbiləşib, otağın qapısını vurub, sındırıb. Kəmalə bunu görüb, cəld atasının yatdığı digər otağa qaçıb. Bir neçə dəqiqədən sonra atasının durub, ayaqyoluna getdiyini görüb, mətbəxə keçib, çapacağı götürüb. Çarpayıda uzanan arvadının başına və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Qadının qışqırıq səsini eşidib, otağa girən atası həyətə qaçıb və qonşuları köməyə çağırıb. Bundan sonra ev telefonundan Təcili Tibbi Yardım Stansiyasına zəng edib. Polis əməkdaşları gəldikdən sonra baltanı onlara təqdim edərək, təslim olub. Şükür Mirzəyev əlavə edib ki, qadına zərbələr vurmaqda məqsədi onu öldürmək yox, cəzalandırmaq olub. 

Zərəçəkmiş Kəmalə Mirzəyeva ifadəsində göstərib ki, ailə quran vaxtdan Şükür heç yerdə işləməyib. Əvvəllər narkotik vasitə olan heroini inyeksiya yolu ilə qollarına vurub. Son 3 il isə metamfetamin qəbul edib. Ailə üzvləri ilə aqressiv davranıb, dəfələrlə onu döyüb. Hərəkətlərindən bezdiyi üçün Şükürlə küsüb, bir evdə yaşamaqlarına baxmayaraq, onu danışdırmayıb. Qayınatasının təqaüdü ilə dolana bilmədiklərindən o, 2021-ci ilin əvvəllərindən dayə kimi işləməyə başlayıb. Avqustdan sentyabra kimi Şükür narkotik vasitələrdən asılılığını tərgitmək məqsədi ilə Narkoloji Dispanserdə müalicə olunub.

Sentyabrın 2-i saat 18 radələrində Şükür atasına məxsus telefon nömrəsindən zəng edib, onu evə çağırıb. Evə gələn kimi Şükür niyə “yemək hazırlamadığını” deyib, onunla mübahisə etməyə başlayıb. Mübahisəni böyüdüb, davaya çevirmək istədiyini görüb, öz otağına gedib və qapını bağlayıb ki, arxasınca otağa girməsin. Yoldaşı qapını açmadığını görüb, getdikdən sonra o yatıb. Gecə saat 2 radələrində Şükür hansısa alətlə qapının şüşəsini sındırdıqda, qorxusundan qayınatasının otağına qaçıb. Yuxulu vəziyyətdə olarkən əri balta ilə başına birinci zərbəni vurub, sonra əli ilə dartıb, onu çarpayıdan döşəməyə salıb. Üzərində oturub, “onu öldürəcəyini” deyib və zərbələr endirməkdə davam edib. 

Müqavimət göstərməyə çalışdıqda, əllərinə də xəsarətlər yetirib. Qayınatası otağa girib, Şükürün onu vurduğunu görüb, insanları köməyə çağırmaq üçün qışqıra-qışqıra çölə çıxıb. Yoldaşı, atasının səs-küy saldığını görüb onu buraxıb və həyətə qaçıb. Sonra huşunu itirib. Xəstəxanada müalicə alıb, evə qayıdandan sonra qayınatası danışıb ki, oğlu arxasınca həyətə çıxıb, arvadını öldürdüyü deyib. Qonşuların bəzilərinin bayıra çıxdıqlarını gördükdə, Şükür təpiklə vurub, onu yerə yıxıb.

Zərərçəkmiş əlavə edib ki, barışmadığı üçün Şükür qisas məqsədi ilə onu öldürmək istəyib. O, özünü müdafiə etmək üçün yalan ifadə verib.

Şahid Şamil Rəsulov ifadəsində göstərib ki, sentyabrın 3-nə keçən gecə yuxudan qışqırıq səslərinə oyanıb. Çölə çıxanda görüb ki, qonşusu Mirzə Mirzəyev, oğlunun gəlinini öldürdüyünü deyə, qışqırır və kömək istəyir. Təcili Yardımla əlaqə saxlaya bilməyıb, DİN-in 102 xidmətinə zəng edib, qonşusunun arvadını öldürməsi haqda məlumat verib. Sonra yaralanan qadını Tibbi yardım avtomobilinə qoyub, xəstəxanaya, Şükürü isə post-patrul əməkdaşları bölməyə aparıblar.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Şükür Mirzəyev narkomaniya xəstəliyi aşkar edilib. 

Məhkəmə iclasında Şükür Mirzəyev ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Kəmalə Mirzəyeva təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini istəyib.

Məhkəmə hesab edib ki, Şükür Mirzəyevin əməli CM-nin 29,120.2.2-ci., 29,120.2.4-cü və 29.120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Mirzəyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh