Yol üstündə mübahisə düşdü, qəza baş verdi - Tərəflər bir-birini ittiham edir - Elvin kimdir? - VİDEO

Hadisə 17 Yanvar 2024 16:13 Oxunub 8474
Yol üstündə mübahisə düşdü, qəza baş verdi - Tərəflər bir-birini ittiham edir - Elvin kimdir?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Jurnalist Zülfüqar Xeyirxəbər başına gələn hadisə ilə bağlı sosial şəbəkələrdə görüntü və məlumat paylaşıb.

Avtosfer.az-ın məlumatına görə jurnalist iddia edir ki, 2023-cü ildə dekabrın 24-də saat 20:00 radələrində idarə etdiyi 99-BC-360 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Sahil qəsəbəsi ərazisində, üzü Bakı istiqamətində hərəkətdə olarkən 10-CZ-909 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətli yolda avtoxuliqanlıq edərək həm onun, həm də onlarla yol hərəkəti iştirakçısının həyatını təhlükəyə atıb.

O, bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı baş leytenant Elvin adlı şəxsin maraqları səbəbindən həmin sürücü barəsində heç bir tədbir görülməyib:

“Sözügedən sürücü Kürdəmir rayon sakini Cəbrayıl Həşimovdur. O hadisəni araşdıran baş leytenantın yerlisi və qohumudur. Yanvarın 6-da axşam saat 20:00 radələrində Elvin şəxsən mənə zəng edərək bunu etiraf edib. Mən Bakı-Kürdəmir arası qeyri-qanuni "sərnişin daşıma" ilə məşğul olan həmin sürücü barəsində qanun çərçivəsində tədbir görülməsini tələb etmişəm. Hətta baş leytenant özü də mənim haqlı olduğumu deyib. O, sürücü barəsində protokol tərtib edildiyini və xuliqanlıq əməlinə qiymət verilməsi üçün faktların dekabr ayının sonunda Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə göndərildiyini bildirib”.

Şikayətçi bildirib ki, lakin sonradan baş leytenantın yalan məlumat verdiyi, 38-ci bölmənin bu barədə heç bir sənəd göndərilmədiyi məlum olub:

“2024-cü ilin yanvarın 15-də baş leytenantla əlaqə saxladım. O, da etiraf etdi ki, bu barədə ümumiyyətlə heç bir tədbir görülməyib və görülən də deyil. Hətta mövqeyindən istifadə edərək "sizinlə deyəsən çox yumşaq danışıram...," - deyə mənə hədə-qorxu gəlib. Həmin sürücü özü ilə iki şahid gətirərək, cinayət əməlini ört-basdır etmək üçün polisə avtomobillərin toqquşması barədə yalan məlumat verib. Lakin həm ərazidə, həm də mənim avtomobilimdə videoqeydiyyatçı olduğunu bildikdən sonra ifadəsindən imtina edib. Bununla da həmin şəxslər AR CM-nin 216-cı və 297.1-ci maddəsinin tələblərini pozmaqla daha ağır cinayət əməli törədiblər”.

Zülfüqar Xeyirxəbər məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Cənab Vilayət Eyvazova müraciət edib. Hadisə barədə məlumat verərək nazirdən sürücünün nəzarətə götürülməsi və fəaliyyətinin araşdırılması, törətdiyi əməlinə görə cəzalandırılması, o cümlədən, onun xuliqanlıq əməlini ört-basdır edən qohumu, Baş Dövlət Yol Polisi İdarəsinin baş leytenantı Elvin barəsində tədbir görülməsi barədə tapşırıq verməsini xahiş edib.

Qarşı tərəf Cəbrayıl Həşimov da bu barədə sosial şəbəkələrdə video yayımlayıb.

O, bildirib ki, sözügedən tarixdə idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sol zolaqda hərəkət edən "Mercedes" markalı 99-BC-360 dövlət nömrə nişanlı avtomobilin sürücüsündən bir neçə dəfə yol istəyib, lakin ona yol verilməyib: “Sağına çıxıb ondan nə etdiyini soruşdum. Sürücü mənə bildirdi ki, “Get öz işinlə məşğul ol”. Mən sürüb gedəndə avtomobilimə zədə yetirdi. Yenə ona yaxınlaşıb, avtomobilimə ziyan vurduğu üçün dayanmasını bildirdim. Həmin sürücü dayanmayıb məni videoya çəkərək hadisə yerindən uzaqlaşdı. Mən isə avtomobili yolun qırağına çəkib elə də böyük ziyanın olmadığını gördüm”.

Cəbrayıl Həşimov qeyd edib ki, o, dərhal “102” xidmətinə zəng edib, məlumat verib: “Sonra araşdırma zamanı avtomobilimə elə də böyük ziyanın dəymədiyini bildirərək şikayət etmədim. Şikayət etmədiyim üçün indi peşimanam. Daha sonra Baş Dövlət Yol Polisinə dəvət edildim. Elvin bəylə görüşüb, öz izahatımı yazdım. Mən Elvin bəylə ilk dəfə orada tanış olmuşam. Bizim qohum olmağımız barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu məsələdə mənim heç bir günahım yoxdu. Müvafiq qurumlardan bu barədə tədbir görmələrini xahiş edirəm”. 

Ümid edirik ki, müvafiq qurumlar problemlə bağlı obyektiv tədbir görəcək və bu barədə mediaya açlıqlama veriləcək.

Ümid edirik ki, müvafiq qurumlar problem ilə bağlı tədbir görəcək və bu barədə mediaya açlıqlama veriləcək.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh