"Zavodun həyətində adam bıçaqlamışam, gedək mənə kömək elə" - İş yoldaşını qətlə yetirən şəxsin məhkəməsi 

Hadisə 20 Sentyabr 2024 20:24 Oxunub 244
"Zavodun həyətində adam bıçaqlamışam, gedək mənə kömək elə" - İş yoldaşını qətlə yetirən şəxsin məhkəməsi 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəməsində şahidlər dindirilib.

Avtosfer.az-ın "Unikal"a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Kəmalə Məmmədova şahid qismində ifadə verib. 

Şahid bildirib ki, hadisədən öncəki gün hər şey qaydasında olub:

"O hadisədən öncəki gecə yoldaşım evə gəlib məndən yemək istədi. Şam yeməyindən sonra ona bir neçə dəfə zəng gəlib. Ondan sonra mənə gəzməyə çıxdığını söylədi. Mən də yatmağa getdim. Təqribi saat 4-də ayıldım və yoldaşımın evdə olmadığını görərək ona zəng etdim. Mənə bildirdi ki, zavoddadır, işləyir. Söhbətimiz burada bitdi. Təqribi saat 6 radələrində evə tələsik gəldi və dedi ki, "zavodun həyətində adam bıçaqlamışam gəl gedək mənə kömək et". Səbəbini soruşduqda söylədi ki, elə lazım idi. Elə həmin gün bir daha soruşdum. Bu dəfə ona ağır təhqir etdiyini, bu söyüşü qəbul edə bilmədiyini söylədi".

Şahid əlavə edib ki, zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılmasına yardım edib:

"Etibarı tanımırdım. Amma xəstəxanada axıra qədər yanında oldum. Daha sonra anası da gəldi. Mən son ana qədər yanlarından ayrılmadım. O dünyasını dəyişdikdən sonra da evlərinə getmişəm, zəng etmişəm, amma ailəsi bizi görmək istəmədiklərini dedilər. Daha sonra dedilər ki, gəlməyin yanımıza. Mənim yoldaşın günahsız deyil. O, ən böyük günahı edib. Bir insanın həyatını alıb. Amma heç kim günahsız deyil". 

Kəmalə Məmmədova əlavə edib ki, zavodla yaşayış ünvanları arasındakı məsafə qısa olub: "Yaşadığımız ev zavoddan 3 dəqiqə məsafədədir. Elə zavodun həyətində yaşayırdıq. Ona görə özümü hadisə yerinə tez çatdırdım.

Zərərçəkmişin hüquqi varisi məlumatı qismən təsdiqləyib. 

Həmin zavodda işləyən şahid Elçin Əhmədov ifadəsində bildirib ki, mübahisə zamanı hər ikisi içkili olub: "Mübahisə etdikləri gün Elşən çox içmişdi, Etibar isə o qədər də pis deyildi. Lakin ikisi də tam ayıq sayıla bilməzdi. Münaqişə Elşənin "Mir Mövsüm ağanı tanımıram" cümləsi ilə əlaqədar olub. Bunu mənə onlar dedi. Hətta Etibar əlavə etdi ki, Elşən heç öz atasına da hörmət etməyib. Nə mənadə dediyini anlamadım. Orada iştirak etmirdim. Etibar mənə dedi ki, onu döyəcəm. Mən də hər ikisinə dedim ki, Allah şeytana lənət eləsin, içkilisiz, sabah ayıq başla mübahisə edərsiniz. Amma dinləmədilər. Birliktə söhbət edə edə uzaqlaşdılar. Mən söyüş falan eşitmədim. Sadəcə Elşən demişdi ki o gəlsin görüm ona nə edəcəm. Anladım ki, dava edəcəklər. Üzərilərində bıçaq və ya başqa kəsici alət yox idi. Mən onları bu söhbətdən sonra görmədim. Hadisə yerinə mühafizəçilərdən sonra getdim və gördüm ki, Etibar yerdə uzanıb".

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib. Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh