Zəhərlənən ailə balığı bu mağazadan alıbmış - FOTOLAR - YENİLƏNİB

“Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır”.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır:
“Zərərçəkənlər ilkin izahatlarında bildiriblər ki, Gəncə şəhərində fəaliyyət göstərən “Eldarado” mağazasından konservləşdirilmiş balıq alıblar. Ötən gün günorta saatlarında kartof puresi ilə qəbul ediblər. Bir-neçə saat sonra özlərini narahat hiss ediblər.
Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zərərçəkənlərin qəbul etdiyi qidalardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən hadisənin başvermə səbəbləri müəyyən ediləcək”.
Qeyd edək ki, ötən gün Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərlənib. Zəhərlənən 1965-ci il təvəllüdlü Səbirə Əhmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.


***10:30
29.12.2025-ci il tarixində saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.













