Reklam

Alternativ xıdmət: dünya təcrübəsi

Maraqlı 10 İyun 2024 12:00 Oxunub 360
Alternativ xıdmət: dünya təcrübəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Xalq qəzeti”nin 2004-cü il 2 iyun tarixli 126 (24693) sayında “Alternativ xidmət nədir” başlığı altında müsahibəm dərc edilmişdir. O qədər də geniş yer almaması səbəbindən, daha əhatəli şəkildə işıq üzü görməsi, eyni zamanda vətəndaşlarımızı maarifləndirmək üçün beynəlxalq və postsovet ölkələrinin təcrübəsini öyrənərək bu mövzunun yenidən gündəmə gətirilməsi məqsədi qoyulmuşdur.

Vurğulamaq lazımdır ki, alternativ xidmət keçmək hüququ hazırda mövcud beynəlxalq hüquqi aktlarda birbaşa təsbit edilməmişdir. Bununla belə, bu hüquq digər insan hüquq və azadlıqlarından, məsələn, əqidəsinə görə hərbi xidmətdən imtina etmək 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18 və 19-cu maddələrində təsbit olunmuş fikir, vicdan və din azadlığı hüququndan irəli gəlir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsində qeyd edilir ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır.  Bu hüquqa ayrı-ayrılıqda və ya başqaları ilə birlikdə öz dinini və ya əqidəsini dəyişmək və ifadə etmək azadlığı daxildir.

İnsan Hüquqları Komitəsi əqidəsinə görə alternativ xidmət keçmək hüququnu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1966-cı il 16 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsində təsbit olunmuş fikir, vicdan və din azadlığı hüququnun bir hissəsi kimi tanımışdır.

Paktın həm fikir, vicdan və din azadlığı hüququnu, həm də öz dini və ya əqidəsinə etiqad etmək hüququnu əhatə edən 18-ci maddəsi hətta millətin həyatına təhlükə yarandığı zaman tətbiq edilən fövqəladə vəziyyət zamanı belə pozula bilməz.

Alternativ xidmət cəza xarakteri daşımamalı, cəmiyyətə əsl xidmət olmalıdır.

Ailə və ocağa, torpağa, nəfəs aldığımız havaya, içdiyimiz su, zəngin və geniş ərazi, boya-başa çatdığımız dost və yaşıdlarımızın yaşadığı kənd və şəhər, valideynlərimizin, həyat yoldaşımızın, övladlarımızın yaşadığı ölkəyə Vətən deyirik və onu qorumaq hər birimizin müqəddəs borcudur.

2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93,4%-i müsəlman (İslam dininə ibadət edənlər), 3,1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir. İslam öz mahiyyətində müharibəyə deyil, sülh və harmoniyaya can atır. Ona görə də dinimiz yalnız zərurət olduqda əlinə silah almağı tələb edir. Hətta din baxımından da Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının Vətən qarşısında müqəddəs borcudur. Odur ki, hər bir vətəndaşımız orduda vicdanla, fədakarlıqla xidmət etməli, Vətənin müdafiəsinə hər zaman hazır olmalıdır. Dövlət üçün əhəmiyyətinə görə hərbi xidmət heç bir fəaliyyət növü ilə müqayisə oluna bilməz, çünki bu, doğma torpağı qorumaq üçün qan tökməyə hazır olmaq deməkdir.

Vətəni, dövlətin mənafeyini müdafiə etmək, onun təhlükəsizliyinin qayğısına qalmaq nəcib və əsl kişiyə xas, layiq olan bir işdir. Düşmənin hücumunun qarşısını almaq və Vətəni qorumaq üçün güclü, döyüşə hazır ordu lazımdır.

44 günlük Vətən müharibəsində, daha sonra 23 saatlıq antiterror əməliyyatı zamanı gənclərimiz əsl rəşadət göstərərək qibtə ediləsi bir ölkənin mövcud olmasını bir daha bütün dünyaya sübut etdi. Şəhid və qazi olanların böyük əksəriyyəti yenə də gənclərimiz oldu. Mən özüm qazi atasıyam. Kiçik oğlum Cəbrayıl uğrunda gedən döyüşlərdə dörd qəlpə yarası almışdır. O, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirakına görə medalla təltif olunmuşdur. Zaman göstərdi ki, sülh şəraitində əqidəsinə görə əlinə silah almağa hazır olmayan gənclərimiz də bu müharibədə əsl rəşadət göstərərək Ana Vətəni düşmən tapdağından azad etdi.

Hər bir kəs onu həyata gətirən valideynlərinə, qardaş-bacısına, qohum-əqrəbasına, dostuna borclu olur, üzərinə hansısa öhdəlikləri götürür və s.

Vətəndaşın Vətən qarşısında borcu daha önəmlidir. Vətəndaşların düşüncə tərzi eyni olmadığı kimi psixi durumları da müxtəlifdir. 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı Vətəni qorumağa borcludur. Bu vəzifə ölkənin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində öz əksini tapmışdır.

Konstitusiya belə bir vacib müddəanı da nəzərdə tutur. Belə ki, hər bir fərdin dünyaya baxışı eyni olmur. Bu, ailədə alınmış tərbiyədən, bağçada təlim-tərbiyədən, məktəbdə alınmış təhsil və s. məsələlərdən asılıdır. Bu müddəa ondan ibarətdir ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Alternativ xidmət nədir, mahiyyəti nədən ibarətdir? Bu suala cavab tapmaq üçün öz baxışlarımızı və bir sıra ölkələrin təcrübəsinə istinad edəcəyimizi qarşımıza məqsəd qoymuşuq.

Alternativ xidmət müxtəlif əxlaqi, etik, siyasi, dini etiqadlarına görə Silahlı qüvvələrdə xidmət etməyi, hərbi geyim formasını geyinməyi, and içməyi, silahla qarşılıqlı əlaqəni yolverilməz hesab etdiyi halda hərbi xidmətə çağırılan vətəndaşlar üçün nəzərdə tutulub.

Düşüncəmizə görə alternativ xidmət - öz əqidəsinə görə həqiqi hərbi xidmət keçə bilməyən vətəndaşlar tərəfindən idarələrdə, müəssisələrdə və ya təşkilatlarda, o cümlədən Silahlı Qüvvələrdə və hərbi xidmət nəzərdə tutulmuş müvafiq dövlət orqanlarında azixtisaslı və ya vətəndaşların ixtisasına uyğun işlərin görülməsi ilə bağlı xüsusi xidmətdir.

Bu məsələyə aydınlıq gətirmək və daha ətraflı yanaşmaq üçün bir sıra postsovet ölkələrinin qanunvericiliyinə istinad etməyə ehtiyac duyulur.

Məs., Moldovada bu xidmət mülki (alternativ) xidmət adlanır və dini, pasifist, etik, mənəvi, humanitar əqidə və digər bu kimi səbəblərə görə həqiqi hərbi xidmət keçə bilməyən Moldova Respublikası vətəndaşları üçün hərbi xidmətə alternativ olan dövlət, ictimai faydalı və könüllü xidmətdir.

Rusiya Federasiyasının qanunvericiliyinə görə bu xidmət alternativ dövlət xidməti adlanır. Bu xidmət vətəndaşlar tərəfindən hərbi xidmətə çağırış müqabilində cəmiyyətin və dövlətin mənafeyinə uyğun olaraq həyata keçirilən xüsusi əmək fəaliyyəti növüdür.

“Alternativ (qeyri-hərbi) xidmət haqqında” Qırğızıstan Respublikası Qanununun 1-ci maddəsinə görə alternativ (qeyri-hərbi) xidmət dini etiqadları, ailə və ya sağlamlıq vəziyyəti nəzərə alınmaqla hərbi xidmət yaşına çatmış Qırğızıstan Respublikası vətəndaşlarına həqiqi hərbi xidmət müqabilində verilən qeyri-hərbi xidmət növüdür.

Alternativ xidmət Özbəkistan Respublikası vətəndaşları tərəfindən xalq təsərrüfatının müəssisələrində, idarələrində, təşkilatlarında aşağı ixtisaslı köməkçi işlərin və ya vətəndaşın ixtisasına uyğun, o cümlədən texnoloji qəzaların, təbii fəlakətlərin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işlərin görülməsi ilə bağlı həyata keçirilən dövlət qulluğunun xüsusi növüdür.

Qonşu Gürcüstanda qeyri-hərbi alternativ əmək xidməti hərbi xidməti əvəz edən və əqidə, din və vicdan azadlığı əsasında hərbi xidmət qismində hərbi öhdəliklərin icrasından imtinanı əsaslandıran ictimai faydalı mülki xidmətdir.

Alternativ xidmətin tarixi kökləri qədim dövrlərə gedib çıxır.

295-ci ildə Diokletianın imperatorluğu dövründə, 21 yaşına çatmış Maksimilian Roma ordusunda hərbi xidmət keçməli idi. Lakin onun dini inanclarına görə hərbi xidmət keçə blməyəcəyini Numidiya prokonsuluna dediyi tarixdən məlumdur. O, imtinasında israrlı olduğundan edam edilmişdir və bu səbəbdən o, sonradan Müqəddəs Maksimilian kimi müqəddəsləşdirilmişdir

Tarix boyu bu cür tələblər zaman-zaman müxtəlif formalarda irəli sürülmüş və bir çox hallarda belə tələblərin zorakı olmayan azlıqların dini qruplarından irəli sürülə bilməyəcəyi qəbul edilmişdir.

Xatırlatmaq yerinə düşərdi ki, alternativ xidmət institutunun əcdadı 20-ci əsrin əvvəllərində oxşar qanunvericilik aktını qəbul edən Avstraliya olmuşdur. Hazırda belə qanunlar 30-dan çox ölkədə, o cümlədən Hollandiya, İsveçrə, İspaniya, Norveç, Latviya, Litva, Rumıniya, Macarıstan, Bolqarıstan, Polşa, Moldova, Slovakiya, Ukrayna və s. ölkələrdə mövcuddur.

Əqidəyə görə hərbi xidmətdən imtina məsələsi ilk növbədə hərbi xidmətə çağırışın mövcud olduğu ölkələrdə yaranır. 

Hələ 1575-ci ildə Hollandiyada Müstəqillik Müharibəsi zamanı mennonitlər öz icmalarının silahlı müdafiəsində iştirak etmək öhdəliyindən azad edilmişdilər. Sonrakı əsrlərdə öz icmalarının müdafiəsi ilə bağlı hərbi və ya digər vəzifələrdən kollektiv azad edilmənin müxtəlif oxşar halları olmuşdur.

Birinci Dünya Müharibəsi illərində Kanadada Mennonitlər avtomatik olaraq istənilən xidmət növündən azad edilirdilər. Bu müharibənin sonunda Danimarka dinc dövrdə hərbi xidmətə çağırış sisteminə malik olan və əqidəsinə görə hərbi xidmətdən imtina hüququnu tanıyan və bununla bağlı qanun qəbul edən ilk ölkə olmuşdur.

İkinci Dünya Müharibəsinin əvvəlindən hərbi xidmətə çağırışın geniş vüsət aldığı vaxtdan bütün qitələrdə, xüsusən də hərbi xidmətə çağırış sisteminin tətbiq olunduğu ölkələrdə əqidəsinə görə hərbi xidmətdən boyun qaçırma məsələsi gündəmə gəlmişdiir. Əqidəsinə görə hərbi xidmətdən boyun qaçırmaq hüququ bir çox ölkələrin qanunvericiliində və hətta konstitusiyalarında təsbit edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və daha sonra Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın qəbul edilməsindən əqidəsinə görə hərbi xidmətdən imtina mühüm insan hüquqları məsələsi kimi qəbul olunmağa başlamışdır.

Osmanlı İmperiyası dünyada 14-cü əsrdə qeyri-müsəlmanlar üçün alternativ xidmət institutunu tətbiq edən ilk dövlət olmuşdur - qeyri-müsəlmanlar hərbi xidmət əvəzinə müxtəlif dövlət obyektlərində işləyirdilər.

Türkiyə NATO-nun və Avropa Şurasının yeganə ölkəsidir ki, çağırışçıların hərbi xidmətdən imtina etmək hüququnu tanımır.

Rusiya isə dünyada alternativ xidmət institutunu tətbiq edən ikinci dövlət olmuşdur. Bu ölkədə hər il minə yaxın insan alternativ xidmət keçir. Bu, bütün ölkə üzrə çağırışçıların bir faizindən də azdır ki, bu da, yeri gəlmişkən, alternativ xidmətin icrası prosedurunun sadələşdirilməsinin lehinə olan arqumentlərdən biridir - əslində, bu qədər insan ölkənin müdafiə qabiliyyətinə heç bir şəkildə təsir göstərə bilmir və bilməz də.

Məlumdur ki, hələ 13-cü əsrdə İtaliyada rahiblər silah gəzdirmək və istifadə etmək məcburiyyətində qalmamaq üçün öz feodal hökmdarlarına sədaqət andı içməkdən imtina edirdilər. Onlar ən alçaldıcı və çirkli işlərdə istifadə edilərək cəzalandırılırdılar. Məsələn, Bolonyada onlara şəhər tualetlərini təmizlədir, kanalizasiya tikdirirdilər. Yeri gəlmişkən, imtina edənlər arasında İtalyan şairi, mütəfəkkiri, ilahiyyatçısı, ədəbi italyan dilinin banilərindən biri Françesko Petrarka, Dante və 14-cü əsrin italyan rəssamı və memarı Giotto di Bondone də var idi.

İlk dəfə 1915-ci ildə Danimarkada tətbiq edilən alternativ xidmət hazırda əksər ölkələrdə mövcuddur.

1917-ci il inqilabından sonra Sovet Rusiyası Britaniya və Danimarka ilə birlikdə 20-ci əsrdə öz vətəndaşlarının hərbi xidmətdən imtina hüququnu tanıyan ilk ölkələrdən biri olmuşdur.

ardı var

Eldar Əsgərov (Şəkibəyov),

hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh