Avtomobil muzeyində 2600 yaşlı eksponat - FOTO

Maraqlı 31 Yanvar 2023 09:00 Oxunub 1234
Avtomobil muzeyində 2600 yaşlı eksponat  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk baxışdan insana yalan xəbər (feyk) kimi gəlsə də, bu, reallıqdır. Türkiyənin Bursa şəhərində yerləşən avtomobil muzeyində belə bir artefakt mövcuddur. 

Anadolu mədəniyyətlər beşiyidir. Burada tarix boyu sivilizasiyalar bir-birini əvəzləmiş və ərazidə sonuncu olaraq Türkiyə Respublikası bərqərar olmuşdur. İstər Bizans, istər Roma, istərsə də Osmanlı kimi nəhəng imperiyaların mədəni izləri bu gün də Anadoluda qalmaqdadır. İstər Osmanlı Ali Dövləti, istərsə də müasir Türkiyə qeyri-müsəlman mədəniyyətin izlərini silməyib, əksinə qoruyub-saxlayıb (Uzaqgörən dövlətlər və liderlər məhz belə davranır. İstanbulu fəth edən Sultan Mehmet heç bir tikilini dağıtmağa qoymadı. Azərbaycan ordusunu ləkələmək üçün ermənilərin raketlə vurduğu Qazançı kilsəsi isə elə Azərbaycan dövlətinin vəsaiti ilə, azərbaycanlı memarlar tərəfindən təmir edilir). Haqqında danışacağımız muzey də elə qədim Roma dövrünə gedib çıxır. 

Avtosfer.az-ın xəbərinə görə, TOFAŞ şirkəti ötən əsrin sonlarında firmanın 30 illiyi münasibəti ilə avtomobil muzeyi açmaq üçün köhnə toxuculuq fabrikini alıb restavrasiya edir. Bina alındıqdan sonra plan dəyişir və burada təkcə TOFAŞ avtomobilləri deyil, Anadoluda araba nəqliyyatının inkişaf yolunu əks etdirmək qərara alınır. 1998-ci ildə başlayan restavrasiya 2002-ci ildə başa çatır və muzey ziyarətçilər üçün açılır.  Muzeydə “Fiat 124”ün surəti hesab edilən şassi nömrəsi 000001 olan “Serçe” və ya başqa adı ilə “Murat 124”ə rast gəlmək mümkündür. Bu avtomobilin mənşəyi VAZ-2101-lə eyni olsa da, sovet avtomobili daha çox məşhurluq qazanıb. “Bursa Tofaş Anadolu Arabaları Müzesi” adlanan muzeydə TOFAŞ-ın (indi FİAT) Türkiyədə istehsal etdiyi hər modelin birinci və ya sonuncu avtomobilini görmək mümkündür. 

İndi gələk 2600 yaşlı eksponata. Muzeyin ekspozisiyası qurularkən Bursa Arxeologiya Muzeyindən çox sayda eksponat gətirilir. Bunların içində 2600 yaşlı, tarix kitablarından gördüyümüz ikitəkərli cəng arabası (klassik Azərbaycan dilində döyüş arabası belə adlanır) xüsusilə diqqət çəkir. Arxeoloji qazıntılar zamanı tapılmış bu araba bərpa olunaraq muzeydə layiqli yerini alıb. Burada avtomobillərlə yanaşı Anadolunun müxtəlif yerlərindən toplanmış onlarla tip araba və təkər də sərgilənir. 
Muzeyə ildə təxminən 100 000 adam gəlir. Başqa sözlə, bu müəssisə ziyarətçi sayına görə Avropanın avtomobil muzeylərindən geri qalmır. 
 
PS. Belə bir muzey Azərbaycanda da yaradılsa ciddi marağa səbəb olar.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh