Azərbaycan dini tolerantlığın nümunəsi kimi: Gəncləri dini radikalimzdən necə qoruyaq?
İnsanların vicdan azadlığının təminatı və dini dolerantlıq mövzusu dünyanın inkişaf etmiş dövlətlərinin ən çox diqqət etdiyi problemlərdən biridir. Bu məsələ ilə bağlı dünyada ən çox yayılan dinlərin ən hörmət edilən xadimləri, təşkilat nümayəndələri vaxtaşırı görüşlər keçirir və müasirləşən dünyada dinin insanlar üçün nümunəvi vasitəyə çevrilməsi məsələsi çərçivəsində fikir mübadilələri edir, qərarlar alırlar.
Bu görüşlərin keçirilməsinin başlıca səbəblərindən biri bəzi Avropa ölkələrində vaxtaşırı İslam dininə qarşı qeyri-etik davranışlar, onun müqəddəs kitabı Quran-i-Kərimə qarşı vandal hərəkətlər sərgilənməsidir. Doğrudur, bu cür davranışları həmin hadisənin baş verdiyi dövlətlərin hökumətləri də dəstəkləmir. Lakin son nəticədə belə davranışların cinayət məsuliyyətinə səbəb olmaması əks tərəfdə nifrət və qisas hisslərinin formalaşmasına gətirib çıxarır.
Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Burda dini tolerantlıq mövzusu dövlətin hər zaman diqqətdə saxladığı vacib məsələlərdən biri olub. SSRİ-nin müsəlman xalqlara qadağan etdiyi vicdan azadlığı, müstəqilliyini yeni bərpa edən Azərbaycanda əhaliyə ilk dövrlərdən aşılanan ən böyük hüquqlardan biri idi.
Avtosfer.az xəbər verir ki, müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, möhkəmlənməsi Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, bir xalqın rəhbəri olaraq, hakimiyyətinin ilk illərindən etibarən, 1993-cü ildə Təzəpir məscidində, 1994-cü ilin mart ayında “Əli qədəmgahı” ziyarətgahında, 1994-cü ildə yenidən Təzəpir məscidində Aşura günü xalqın arasında çıxışlar edib, islami dəyərlərə olan hörmətini bildirib.
Ölkəmizdə dini tolerantlıq və vicdan azadlığının bugünkü təminatı ilə bağlı Əjdərbəy məscidinin axundu Hacı İlham Adil oğlu deyir ki, Azərbaycan bu mövzuda başqa ölkələrə nümunə ola bilər.
“Hər kəsin mediada bu gün bu kontekstində açıq çıxış etmək kimi bir imkanı varsa, hər kəs bu mövzuda öz fikrini tam izah edə bilirsə, demək ki, ölkəmizdə vicdan azadlığının təminatı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Həm də din-dövlət münasibətləri ilə bağlı yeni modellər ortaya çıxır. Müasirləşmə ilə bağlı dini tərəfdən hansısa maneələr yoxdur. Hər kəs öz dini təbliğatını cəmiyyətə aşılaya bilir. Bəzi ideoloji qruplar da var, hansı ki onlar dini öz siyasi maraqlarını təmin etmək üçün istifadə edirlər. Son 10 ildə dövlətin xüsusi nəzarəti gücləndiyi üçün ölkə ərazisində dini radikalizmiin qarşısı, demək olar ki, tamamilə alınıb. Gənclərin dini mövzuda maarifləndirilməsi məsələsi ön plana çəkilməlidir. Hər bir valideyn öz övladına halal və haram anlayışlarını aşılamalıdır. Hətta təkcə ibadət yox, təhsil və idmana cəlb edərək gəncləri dini radikalizmə sürüklənməkdən qorumaq mümkündür”.
İlahiyyatçı sonda onu da qeyd edib ki, təhsil və ibadət müəyyən qədər gənc nəslin gözüaçıq olmasına, radikal dini cərəyanlardan uzaq durmasına gətirib çıxarır.
Təzəpir məscidinin imamı Hacı Ağaseyid Yaqubov Avtosfer.az-a açıqlamasında deyib ki, dinlərarası münasibətlərdə bütün hallarda insanlar bir-birinə ehtiram etməlidir, dözümlülük göstərməlidir.
“İnsanlar fikirləşməlidir ki, əgər mənim davranışım və ibadət növüm digərindən fərqlidirsə, deməli qarşı tərəf də mənim davranışlarıma və ibadətimə fərqli bucaqdan baxır. Yəni əsrlər boyu formalaşan dini ayinlər hansısa əsaslara söykənir. Bunu din adamları inanclı insanlar qəbul etməyə məcburdurlar”.
İlahiyyatçı həmçinin onu da qeyd edib ki, vicdan azadlığı mövzusu bir çox qərb ölkələrində ciddi müzakirələrə səbəb olur və bu sözü dövlətlər bəzən öz xalqlarına doğru aşılaya bilmədiyi üçün başqa dinlərin nümayəndələrinə qarşı bu əhalidə qıcıq yaranır. Ona görə də həmin xalqları bu mövzularda daha çox maarifləndirib ayıltmaq lazımdır.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Səfər Əlizadə