Azərbaycanda insult mərkəzlərinin qurulmasının vacibliyi

Maraqlı 22 May 2020 17:23 Oxunub 1220
Azərbaycanda insult mərkəzlərinin qurulmasının vacibliyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Postpandemiya dövründə Azərbaycanda iqtisadi vəziyyət də daxil olmaqla ümumi vəziyyət stabilləşdikdən sonra səhiyyə sisteminin daha da inkişafının ölkəmizin nüfuzunu nəinki regionda, eləcə də beynəlxalq arenada da qaldıra biləcəyi inkaredilməzdir. Daha əvvəl postpandemiya dövrünün nəinki doğru qərarlar, eyni zamanda ideyalar, yaratmaq və yeniliklərin tətbiqi dövrü olacağını bildirmişdim. Hələ də davam edən COVID-19 pandemiyası dönəminə nəzər salsaq, görərik ki, bu dövr Azərbaycanda inkişaf potensialı olan sahələri üzə çıxartmaq üçün münbit şərait yaratdı. Bu sahələrə də təhsil və səhiyyə sistemləri başçılıq edir. Həmin sahələrin dövlətin gələcəkdə belə pandemik vəziyyətlərin təkrar olunması zamanı qətiyyətli addımlar atmasına müstəsna dəstəyi ola bilər. Avropa və Amerika səhiyyə sistemlərinə çox yaxından bələd olduğum üçün deyə bilərəm ki, Azərbaycanda səhiyyə sahəsini daha da inkişaf elətdirmək üçün çox güclü infrastruktur var. Bunlardan düzgün istifadə edə bilməyimiz və inkişaf potensialına ciddi diqqət ayırmağımız bizim ölkənin səhiyyə sisteminin inkişafına çox böyük təsir edə bilər. Artıq 4 ildir ki, Azərbaycanda insult mərkəzlərinin qurulmasının vacib olduğunu nəzərə alaraq sədri olduğum Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin imkanlarından istifadə edərək Bakıya Almaniyanın bu sahədə ən tanınmış professorlarını dəvət edib birgə konqreslər keçirmişəm. Bu tədbirlər çərçivəsində mənə və eləcə də Almaniyadan olan qonaqlara məlum oldu ki, həmin mərkəzlərdə Azərbaycanda elmi fəaliyyətlə yanaşı, insanların sağlamlığına yüksək səviyyədə xidmət olunacaq. Müəyyən müalicə tətbiqi ilə ölümlərin qarşısının alınması səhiyyə sistemində inqilabi inkişafa, bu isə Azərbaycanda insanların ortalama ölüm yaşının qalxmasına səbəb olacaq. Bu, beynəlxalq arenada səhiyyəmizin daha da irəliləməsini təmin edəcək.

Bəs inkişafın məhz bu istiqamətdə olmasının “COVID-19”la əlaqəsi nədir? Kiçik statistik rəqəmləri dünya təcrübəsindən nəzərinizə çatdıraraq məsələnin vacibliyini izah edə bilərəm. Belə ki, beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur. Amerikada hər 40 saniyədə bir insan beyin insultu keçirdir və hər 4 dəqiqədə bir insan beyin insultundan ölür. Bir il ərzində insult xəstələrinə çəkilən xərc Amerikada 34 milyarddır ki, bu da xəstəliyin Amerika üçün nə qədər vacib olmasını göstərir.

Almaniyada hər 5 nəfərdən 1-i yaşadığı müddət ərzində beyin insultu keçirdir. İllik olaraq isə Almaniyada 260 000 adam ilk dəfə beyin insultu keçirir. Bir neçə gün əvvəl APA-da insult xəstələrinin Azərbaycandakı rəsmi statistikası barədə məlumatı oxuyub bunu Azərbaycandakı COVID-19 virusu ilə müqayisə elədim. Belə ki, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə insultdan 7605 nəfər ölüb. Onlardan 3539 nəfəri kişi, 4066 nəfəri qadındır. Bildirilib ki, ölənlərdən 29 nəfəri 18-29, 23 nəfəri 30-34, 40 nəfəri 35-39, 67 nəfəri 40-44, 148 nəfəri 45-49, 262 nəfəri 50-54, 497 nəfəri 55-59, 749 nəfəri 60-64, 815 nəfəri 65-69, 739 nəfəri 70-74, 1073 nəfəri 75-79, 1691 nəfəri 80-84, 1472 nəfəri isə 85 və yuxarı yaş qrupuna aid şəxslərdir. Bu gün Azərbaycanda “COVID-19”dan ölənlərin sayı isə hələ ki, 43 nəfərdir. Bu gedişlə də pandemiya bitənə qədər 2COVİD 19”dan ölənlərin sayı 1 ildə insultdan ölənlərin sayına çatmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda insult mərkəzlərinin qurulmağına böyük ehtiyac var. Mənim təklif etdiyim şəkildə insult mərkəzlərini quraraq bu xəstəlikdən il ərzində ölənlərin sayını minimum 30 % azaltmaq olar.

Nəzərinizə çatdırım ki, Almaniyada ilk belə mərkəz 1996-cı ildə qurulub.

Səhiyyə sistemində digər potensial inkişafı olan məsələ müəyyən ixtisaslara uyğun böyük mərkəzlərin yaradılmasıdır ki, xəstələrin bir mərkəz altında müalicəsi onların daha effektiv tibbi xidmətlər alması ilə yanaşı, həm də tibbi kadrların yetişdirilməsinə və Azərbaycanda elmin inkişafına kömək edəcək.

Nuran Abdullayev

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh