Banner

Brejnev dövründə qalan Gəncə tramvayı   - FOTO

Maraqlı 4 Yanvar 2023 22:19 Oxunub 2324
Brejnev dövründə qalan Gəncə tramvayı    - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

20-ci əsrdə bütün mədəni ölkələr kimi Azərbaycan da elektrik nəqliyyatı ilə tanış oldu*. 

Avtosfer.az xəbər verir ki, ötən əsrdə respublikamızın 3 şəhərində tramvay, 5 şəhərində trolleybus sistemi mövcud olub. Bakı və Sumqayıtda tramvay 21-ci əsrə gəlib çatsa da, Gəncədə bu nəqliyyat növü durğunluq dövrünü keçə bilmədi (sovet tarixində durğunluq dövrü dedikdə Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-nin XXVII qurultayınadək (fevral 1986) olan dövr nəzərdə tutulur. Hərçənd ki, Brejnev hakimiyyətinin ilk illərini inkişaf dövrü kimi qəbul edənlərin sayı artır).

Ötən əsrin 30-cu illərində Gəncənin sürətlə böyüməsi, yeni sənaye müəssisələrinin yaradılması şəhəri nəqliyyat problemi ilə üz-üzə qoydu. Çoxsaylı işçi ordusunu səhər fabrik və zavodlara, axşam evə daşımaq lazım gəlirdi. Yeni istehsal müəssisələrinin açılması ilə problem daha ciddi şəkil alırdı. 
Ölkə rəhbərliyi problemi həll etmək üçün şəhərdə tramvay işə salmağı qərara aldı. Lakin bu, Gəncənin ilk relsli nəqliyyatı deyildi. Dörd yol məhəlləsindən keçib şəhərin mərkəzini Dəmir Yol vağzalı ilə birləşdirən, atla dartılan konka hələ çar Rusiyası dövründən mövcud idi. 2 xətdən ibarət (yolun eni 914 mm) konka sistemini (at dartqılı dəmiryolu nəqliyyatı) 1895-ci ildə iş adamı Korqanov tətbiq etmişdi (Bakıdan 13 il sonra). Bu həm də Gəncənin ilk ictimai nəqliyyatı idi. 1920-ci ildə bağlanan bu nəqliyyat növünü 1923-cü ildə “Kukuşka” - buxarla işləyən tramvay əvəz etdi. 4-5 vaqon qoşulan Kukuşka şəhərin nəqliyyata olan tələbatını bir müddət ödəyə bildi. 1932-ci ildə bu nəqliyyat növü də köhnəldiyi və tələbatı ödəmədiyi üçün ləğv edildi. Qısa vaxt sonra, 1 may 1933-cü ildə şəhərdə ilk elektrikli tramvay xətti (yolun eni 1524 mm) açıldı. Bu nəqliyyat növü  şəhərin əsas məhəllələrini əlaqələndirirdi. Sovet istehsalı olan “MS-1” markalı vaqonlar 4 xətdə işləyirdi. 

1 may 1955-ci ildə isə şəhər daha bir elektrik nəqliyyatı – trolleybusla tanış oldu. İlk vaxtlar hər 2 nəqliyyat növü yanaşı işləsələr də, 60-cı illərdən etibarən trolleybus tramvaya ciddi rəqib olmağa başladı. Trolleybus şəbəkəsinin genişlənməsi və sürətinin artması ilə tramvaydan istifadə kəskin azaldı. Artıq 70-ci illərin əvvəlində tramvay gözdən düşdü və şəhər rəhbərliyi bu nəqliyyatdan imtina etmək qərarına gəldi. 16 oktyabr 1976-cı ildə isə tramvayın fəaliyyəti dayandırıldı. Relslər və depo söküldü, vaqonlar Bakıya göndərildi. “RVZ-6M” (latış dilində Rīgas Vagonbūves Rūpnīca, Azərb. dilində Riqa Vaqon Zavodu) markalı bir vaqon (ist. ili 1973) isə parkda muzey eksponatı kimi saxlandı. Bu eksponatın sonrakı taleyi naməlumdur. 
 
PS. Göründüyü kimi 20-ci əsrdə Gəncə (Kirovabad) şəhərində ictimai nəqliyyatın gündəlik tələbata uyğunlaşdırılması üçün kifayət qədər çevik sistemlər tətbiq edilib. Son illərdə Gəncədə tramvayın bərpası ilə bağlı çoxsaylı təkliflər səsləndirilsə də, real nəticə yoxdur. Amma bütün mədəni şəhərlər kimi Gəncənin də bu təmiz nəqliyyat növünə ehtiyac var. 

* Keçmiş SSRİ-də ilk elektrik qatarı da Azərbaycanda istismara verilib. Bu xəttin açılışını bildirən lövhə metronun 28 May  stansiyası yaxınlığındakı Dəmir Yolu Muzeyinin üzərində durur. Muzeyin nə üçün ictimaiyyətə qapalı olduğunu bilmək də maraqlı olardı. Belə bir əlçatan yerdə qurulmasına rəğmən xalqımız bu muzey barədə yalnız bir neçə televiziya reportajında məlumat ala bilib.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh