Bu gün vəsiqə alan sabah İsveçrədə taksi sürə bilərmi? - FOTO

Maraqlı 5 İyun 2023 13:29 Oxunub 580
Bu gün vəsiqə alan sabah İsveçrədə taksi sürə bilərmi?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə son günlər taksi xidmətinin təşkili ilə bağlı çox sayda müzakirə aparılır. Bəs bu vacib nəqliyyat növünün fəaliyyəti Avropada necə təşkil olunur?  
Məsələni ümumi prinsiplər əsasında 4 ölkə - Almaniya, İsveçrə, Belçika və Fransa üzərində araşdırsaq görərik ki, ölkələr arasında taksi xidmətinin tənzimlənməsinə görə prinsiplər əsasən oxşardır. Ən əsası, hər 4 ölkədə taksi fəaliyyəti lisenziyalaşdırılmış prosedir.
Bu ölkələrdə taksi fəaliyyətinə birbaşa başlamaq mümkün deyil. Sadə dillə desək, əgər mən ötən ay sürücülük vəsiqəsi, bu ay isə avtomobil almışamsa, bu mənim işə başlamağım üçün kifayət deyil. Sözügedən ölkələrdə ilk növbədə B kateqoriyası ilə azı 2 illik sürücülük təcrübəsi tələb olunur. Sürücülük vəsiqəsi ya ölkənin özündə, ya da Avropa ölkələrinin birində verilməlidir. 
 Lakin bu hələ kifayət deyil. Taksi sürmək istəyən şəxs başqa sənətlərdə olduğu kimi hazırlıq kursu keçməlidir. Bu kurs ölkəyə görə 3-6 ay arası dəyişir. Qiymətlər isə ölkəyə görə 500 – 3000 avro arasındadır. Kursa yazılmaq üçün ilk növbədə tibbi arayış və psixoloqun rəyi tələb olunur. İsveçrə və Fransa əlavə olaraq məhkumluğun olmamasına dair arayış tələb edir. Üstəgəl, bu 2 ölkədə həm də namizədin son 1 ildə heç bir inzibati xətası olmamalıdır. 
Almaniyaya gələn qaçqınlar  çox vaxt asan qazanc kimi taksi fəaliyyətinə maraq göstərsələr də, alınmayıb. Çünki oranın şərtlərini yalnız yerli vətəndaşlar anlaya və yerinə yetirə bilər. 
Bütün sözügedən ölkələrdə taksi hazırlığı 2-6 ay arası çəkir. Dərslər nəzəri və praktik hissədən ibarət olur. Nəzəri hissədə qanunvericilik, ilk tibbi yardım, avtomobilin sistemi və psixoloji hazırlıq öyrədilir. praktik məşğələlərəisə konkret olaraq sərnişindaşımanın imitasiyası daxildir. 
Almaniyada namizəddən şəhərin əsas otellərini, vağzalları, vacib qurumları və muzeyləri (!) tanımaq tələb olunur. Həm də istənilən yerə getmək üçün ən qısa məsafə seçilməlidir. Bu ölkədə taksi sürücüsü naviqatora arxayın olmadan hərəkət edə bilməlidir. 
Kursu bitirdikdən sonra imtahanı müvəffəqiyyətlə verən şəxs lisenziya alaraq taksi fəaliyyəti ilə məşğul ola bilər. Bunun üçün də müvafiq sənədləri hazırlayıb dövlət qurumlarına şəxsən təqdim etmək lazım gəlir. Bakıda olduğu kimi onlayn yolla yarım saata qeydiyyatdan keçib küçəyə çıxmaq mümkün deyil. Nəzəri hazırlıq kurslarının da  onlayn keçirilməsinə əsasən icazə verilmir.
Hər bir ölkədə həm taksi şirkətinin sürücüsü olmaq, həm də şəxsi avtomobillə taksi fəaliyyəti göstərmək mümkündür. Bunun üçün ilk növbədə lisenziya almaq lazımdır. Avropada ən bahalı lisenziya ən çox turistin gəldiyi Parisdədir. Əgər Strasburqda taksi üçün 5 illik lisenziya 30 min avrodursa, Parisdə bəzən 200 min avronu keçir. Başqa sözlə, Parisdə aylıq lisenziya qiyməti 3500 avrodur.  Bəzi əhali sayı az olan bələdiyyələr lisenziyanı pulsuz verir. İstənilən şəhərdə lisenziya sayı məhduddur. 
Bəs imtahanı uğurla verən şəxs istədiyi qədər maşın sürə, gecə-gündüz yolda ola bilərmi? Burada cavab mənfidir: sözügedən ölkələrdə taksi sürücüsünün gündəlik iş rejimi iş və istirahət vaxtları birlikdə 10-11 saatdır. Həftədə 1 istirahət gününü seçməkdə isə sürücü sərbəstdir. Ən əsası, bu məsələyə çox ciddi riayət olunur. Polis onlayn şəkildə istənilən sürücünün iş rejiminə nəzarət edir. Normanı aşan şəxsləri ölkəyə görə 50-200 avro arası cərimə gözləyir. 
Dövlət qurumları taksi fəaliyyətini nəzarətdə saxlayır. Başlıca olaraq sürücünün sərnişinləri aldatmaması yoxlanılır. Şərq ölkələrində gördüyümüz taksi sürücülərinin əcnəbi sərnişini daha uzaq yolla aparıb ikiqat pul almasına bu ölkələrdə nadir hallarda rast gəlinir. 
Nəhayət, sözügedən ölkələrdə ictimai nəqliyyat çox yaxşı işlədiyi üçün taksiyə bizdəki qədər maraq yoxdur. Amma bu, taksi sürücülərinin saatlarla sərnişin gözləməsi anlamına gəlmir. Üstəgəl, ictimai nəqliyyat düzgün təşkil olunduğu üçün taksilər də təyinat yerinə getmək üçün saatlarla yolda qalmır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh