Bu şagirdlər ofis işçiləri üçün “ağıllı stul” layihəsi hazırlayıb - FOTO
Maraqlı 7 Dekabr 2022 23:05 Oxunub 662
Bu şagirdlər ofis işçiləri üçün “ağıllı stul” layihəsi hazırlayıb  - FOTO

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022-Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.  

Artıq ikinci ildir ənənəvi olaraq təşkil olunan festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatındadır. 

Ötən ildən fərqli olaraq bu il festival daha da genişləndirilib. Artıq Azərbaycan məktəbliləri ilə yanaşı, digər ölkələri təmsil edən şagirdlər də öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün festivala qatılıblar. 

Festivalın ən maraqlı layihələrindən birini Cəlilabad rayonu, Alar kənd 2 nömrəli məktəbin şagirdləri hazırlayıblar. Məktəbin müəllimi Elçin Abbasovun sözlərinə görə, layihənin hazırlanmasında 12-14 yaşlı məktəblilər iştirak edib: “Layihəmiz ETN-nin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibi olan “Rəqəmsal aqronomlar” şagird düşərgəsi çərçivəsində hazırlanıb. Layihə iştirakçıları təlimlərdə iştirak edən şagirdlərdir. Layihəmiz müasir problemlərdən birini özündə əks etdirir. Əhali sayı artdıqca binalar daha çox tikilir, torpaq sahələri azalır, parklar kiçilir və ya yoxa çıxır. Biz təklif edirik ki, binaların üzərində parklar salınsın. İnsanlar binadakı lift vasitəsilə binaların üstünə qalxıb parkda istirahət etsinlər. Biz binada müasir suvarma sistemindən istifadə etmişik. Belə ki, torpaqda nəmlilik faizi aşağı düşəndə avtomatik suvarma işə düşür”. 

Ağdaş şəhər M. Şeyxzadə adına Gimnaziyanın şagirdləri də fərqli və maraqlı layihə ilə çıxış edirdilər. “Ağıllı stul” adlandırdıqları layihənin yaradıcıları olan məktəblilər hesab edirlər ki, bu müasir dövrün ən aktual problemini həll etməyə kömək edə bilər. 7-ci sinif şagirdi Məhəmməd Qəmbərovun sözlərinə görə, bu layihəni ofis işçilərini nəzərə alıb yaradıblar: “Çünki ofislərdə işçilər bəzən 12-13 saat oturaq işdə işləyirlər. Bu da onların sağlamlığına ziyandır, diabet və digər xəstəliklərə səbəb ola bilər. Biz stulun üzərində rəqəmlər quraşdırmışıq və 13 saniyəyə qoymuşuq. Müddəti artırmaq da olar. 13 saniyəni keçəndən sonra stul siqnal verməyə başlayır. Stulun ikinci funksiyası isə oturan şəxs onurğasını əydiyi zaman siqnalizasiya işə düşür”. 

Əcnəbi ölkələri təmsil edən məktəblilər də festivaldan çox məmnun qalıblar. İsveçin SOC komandasını təmsil edən 14 yaşlı Alvi bu festivaldan zövq aldığını və yeni biliklər əldə etdiyini deyib. Onun və komanda yoldaşlarının əsas məqsədi isə qalibiyyətdir. 

Türkiyənin Kocaeli vilayətinin Darıca Aslan Çimento İbtidai Məktəbini təmsil edən nümayəndə heyətinin rəhbəri Okan Yazıcı bildirib ki, festival məktəblilər üçün çox faydalı olub: “Qardaş ölkəmizdə belə bir festivala qatılmaqdan çox məmnunuq. Bizi çox yaxşı qonaq etdiniz. İki qız, iki oğlan şagirdimizlə bu festivala qatılmışıq. Yarışa təqdim etdiyimiz robotları şagirdlərimiz hazırlayıb. Həm şagirdlərimiz, həm də özümüz çox həyəcanlıyıq. Bu qədər professional bir ortam gözləmirdik. Açığı, gözləntilərimizdən daha üstün bir festival oldu. Yarışma, uşaqların elmə olan həvəsi, Azərbaycamnın bu məsələdə verdiyi dəyər bizi çox duyğulandırdı. 

Şagirdlərimiz 9 yaşındadırlar. Biz onları 7 yaşından belə yarışlara hazırlayırıq. Önümüzdəki illərdə bu sahədə daha professional olacaqlar”. 

Elm və təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehovun sözlərinə görə, Steam Festivalında iştirak edən məktəblilər Azərbaycanın gələcək texnoloji quruculuğunu təmsil edirlər: “Bu festival çox energetik, uşaqların enerjisi ilə dolub daşan festivaldır. Burada məktəblilərin yarışlarını müşahidə etdikcə insan zövq alır. Festivalda digər maraqlı məqam şagirdlərin çoxunun aşağı siniflərdən olmaları ilə bağlıdır. Əksəriyyət 7,8,9 yaşlı məktəblilərdir. Azərbaycanın gələcək texnoloji quruculuğu etibarlı əllərdədir. Bu gün burada yarışan gənclərimiz Azərbaycanın gələcəyi üçün çalışırlar, onu dünyaya təqdim etmək üçün buradadırlar. Onlar 130-a yaxın xarici yaşıdları ilə yarışırlar. Bu gün yarışmanın sonuncu günüdür. Sabah artıq iştirakçılar Bakının görməli yerlərinə ekskursiyalar edəcəklər. Dekabrın 9-da isə çox maraqlı, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Bu uşaqların 2 gün ərzində yarışdıqlarının nəticələri orada bilinəcək. Bu beynəlxq festivalın iştirakçılarına, qaliblərinə sertifikat və hədiyyələr veriləcək”. 

Festival günlərində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və digər rəsmi şəxslər Mərkəzdə keçirilən yarışların gedişatını izləyib, iştirakçılara uğurlar arzulayıblar. 

Qeyd edək ki, SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunların 127-si xarici ölkə, 442-si isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. Dekabrın 9-dək davam edəcək festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. (qafqazinfo)















ŞƏRH YAZ
Ad

E-mail

Şərh