Çin avtomobillərdə gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə oldu – RƏSMİ

Maraqlı 5 Fevral 2026 14:30
Çin avtomobillərdə gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə oldu – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çin elektrikli avtomobillərdə geniş yayılmış gizli (gövdə ilə bütövləşən) qapı tutacaqları ilə bağlı mühüm qərar qəbul edib. Bununla da Çin bu dizaynları rəsmi şəkildə qadağan edən ilk ölkə kimi tarixə düşüb.

Avtosfer.az xəbər verir ki, xüsusilə “Tesla” modelləri ilə populyarlaşan bu tip qapı tutacaqları son dövrlər artan təhlükəsizlik narahatlıqları səbəbindən tənqid hədəfinə çevrilmişdi. Qərarın, elektrikli avtomobillərə dair qlobal təhlükəsizlik yoxlamalarının sərtləşdiyi bir mərhələdə verilməsi diqqət çəkir.

Müzakirələr Çində “Xiaomi” markalı elektrikli avtomobillərin iştirakı ilə baş verən və iki nəfərin həyatını itirdiyi qəzalar fonunda daha da güclənib. Həmin hadisələrdə avtomobillərdə elektrik enerjisinin kəsilməsi səbəbindən qapıların açıla bilmədiyi iddiaları, gizli qapı tutacaqlarının fövqəladə hallarda təhlükə yaratdığı fikrini gücləndirib.
Dövlət mediasının yaydığı məlumata görə, yeni tənzimləmə avtomobillərdə həm daxildən, həm də xaricdən mexaniki qapı açma sisteminin olmasını məcburi edir.

Tələblərə cavab verməyən nəqliyyat vasitələrinin Çin bazarında satışına icazə verilməyəcək. Qaydaların 1 yanvar 2027-ci ildən qüvvəyə minəcəyi açıqlanıb.

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin texniki tələblərinə əsasən, baqaj qapısı istisna olmaqla hər bir sərnişin qapısının xarici hissəsində qapı tutacağına giriş üçün minimum 6x2x2,5 sm ölçüsündə girintili sahə olmalıdır. Avtomobilin içərisində isə qapının necə açıldığını göstərən ən azı 1x0,7 sm ölçülü vizual işarə yerləşdirilməlidir.

Bildirilir ki, artıq təsdiq almış və Çin bazarına çıxışın son mərhələsində olan modellərə iki illik uyğunlaşma müddəti veriləcək. Bu müddət ərzində istehsalçılar dizaynlarını yeni təhlükəsizlik qaydalarına uyğunlaşdırmalıdır.

Qeyd edək ki, gizli qapı tutacaqları Çində “yeni enerji nəqliyyat vasitələri” (NEV) kimi təsnif edilən elektrikli, hibrid və yanacaq elementli modellərdə geniş istifadə olunur. Rəsmi statistikaya görə, ölkədə ən çox satılan ilk 100 NEV modelinin təxminən 60 faizində bu dizayn mövcuddur. Lakin elektrik kəsintisi və ya proqram təminatı nasazlığı zamanı təxliyəni çətinləşdirdiyi üçün bu sistemlər uzun müddətdir tənqid edilir.

Mütəxəssislər Çinin qlobal avtomobil sənayesindəki böyük payını nəzərə alaraq, bu qərarın yalnız ölkə daxilində deyil, beynəlxalq avtomobil dizaynlarına da təsir göstərə biləcəyini bildirirlər.

ABŞ və Avropada da araşdırmalar aparılır

Məlumata görə, “Tesla”nın qapı tutacaqları ABŞ və Avropada da diqqət mərkəzindədir. ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası (NHTSA) ötən ilin noyabrında “Tesla”nın elektriklə işləyən qapı tutacaqları ilə bağlı rəsmi araşdırmaya başlayıb. Qurum 2021-ci il istehsalı olan Model Y avtomobillərində qapı tutacaqlarının qəfil sıradan çıxması ilə bağlı doqquz şikayət daxil olduğunu açıqlayıb. Dörd halda valideynlərin avtomobildə qalan uşaqları xilas etmək üçün şüşəni sındırmağa məcbur qaldığı bildirilib.

Avropada da oxşar tənzimləmələrin gündəmə gələcəyi istisna edilmir.

Eltac Zülfüqaroğlu

Oxunub 458
ŞƏRH YAZ
Ad

E-mail

Şərh