Fiziki yaş sənin əsl yaşın deyil - Gerçəklik başqaymış
Hər bir insanın yaşını müəyyənləşdirərkən, ilk növbədə, onun təqvim yaşına, yəni doğum tarixinə əsaslanırıq. Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə məhdudlaşmır. İnsan yaşını tam olaraq qiymətləndirmək üçün fizioloji və psixoloji yaş anlayışlarına da diqqət yetirilməlidir. Bəs bu yaş növləri arasındakı fərqlər nədir və onların uyğunluğu insan həyatına necə təsir edir?
Avtosfer.az xəbər verir ki, modern.az bu mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixiatr, psixoloq Ramil Hüseynlinin fikirlərini öyrənib.
Psixoloqun sözlərinə görə, insan yaşını yalnız təqvimlə ölçmək kifayət deyil, çünki fizioloji və psixoloji amillər də insanın həyat keyfiyyətini və sağlamlığını əhəmiyyətli dərəcədə müəyyən edir:
"İnsanlarla bağlı qiymətləndirmə edərkən tez-tez “yaş” anlayışından istifadə olunur. Yaş ifadəsini bir qədər araşdırsaq, bir neçə cür yaş anlayışı var: xronoloji yaş, fizioloji yaş və psixoloji yaş.
Xronoloji yaş bizim bildiyimiz elə təqvim yaşıdır. Rəsmi sənədlərdə, rəsmi turnirlərdə əsas alınan yaş budur. Əslində digər yaşlarla müqayisə olunan yaş da budur. Yəni, gündəlik həyatımızda istifadə olunan “dah gənc görünürsünüz” ifadəsində müqayisə obyekti elə xronoloji yaşdır.
Fizioloji yaş insanın bioloji göstəricilərinə əsaslanan yaşdır. Elə buna görə həmin yaşa bioloji yaş da deyilir. Bununla bağlı biokimyəvi səviyyədən genetik səviyyəyə qədər çox sayda parametr və göstərici var. Ümumi mənada desək, bioloji yaş orqanizmin hüceyrə və toxumalarının fəaliyyətinə uyğun dönəmlə əlaqəlidir. Məsələn, hüceyrələrin metabolik intensivliyi, regenerasiya qabiliyyəti, xromosom uclarındakı telomer hissəsinin uzunluğu, bu hissəni bərpa edən telomeraza adlı fermentin aktivliyi və s. kimi amillərlə təyin olunur.
Psixoloji yaş isə insanın özünü hansı yaşda hiss etməsidir. Yəni özünü hansı yaşa uyğun hiss etməsi, hansı yaşa uyğun davranması nəzərdə tutulur. Göründüyü kimi, psixoloji yaş subyektiv olub özünü qavrama şəkli ilə sıx əlaqədədir. Bioloji yaşda olduğu kimi insanın psixoloji yaşına da bir çox amillər təsir edir. Məsələn, insanın emosional vəziyyəti. Xarakter olaraq optimist olan insanlar, özünü daha enerjili hiss edən insanlar daha gənc psixoloji yaşa malik olurlar. Eyni zamanda insanın yeniliklərə açıqlığı da psixoloji yaşa təsir edən amillərdəndir. Yeni biliklərə açıqlıq, yenilikləri mənimsəmək qabiliyyəti, zehni çeviklik daha gənc psixoloji yaşın xüsusiyyətləridir. Psixoloji yaşı təyin edən göstəricilərdən biri də sosial fəaliyyətlərə meyillilikdir".
Psixoloq bildirib ki, psixoloji yaş ilə fizioloji yaş arasındakı əlaqəni birbaşa araşdıran çox az sayda tədqiqat olsa da, ümumi faktorların hər iki yaş növünə təsirini göstərən elmi araşdırmalar mövcuddur. Sağlam qidalanma, fiziki aktivlik, stressin idarə edilməsi bu faktorlar arasında mühüm yer tutur.
Stressin təsirindən danışan mütəxəssis qeyd edib ki, stressdən qaçmaq mümkün deyil və bu, həyatın reallığıdır. İnsan stressi idarə etməyi öyrənməli, həyatın gözlənilməz çətinliklərinə pozitiv yanaşmalıdır. Psixoloq vurğulayıb ki, stresslə düzgün mübarizə aparan insanlar həm bioloji ritmlərini qoruyur, həm də özlərini gənc hiss edirlər.
Ramil Hüseynlinin sözlərinə görə, sağlam və balanslı həyat tərzi insanın həm psixoloji, həm də fizioloji yaşını uyğunlaşdırmaqda mühüm rol oynayır. Bu yanaşma insanın ümumi həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir.