“İnformasiya oğruları” ilə necə mübarizə aparmaq olar? - AÇIQLAMA
Son günlər Türkiyə mətbuatı informasiya agentliklərinin xəbərlərinin başqaları tərəfindən özəlləşdirilərək paylaşılması məsələsi gündəmə çevrilib. Türkiyəli müəllif hüquqları və marka hüququ üzrə mütəxəssis - vəkil Simay Özalp Türkiyə mediasına açıqlama verərək bildirib ki, media agentliklərinin bir xəbəri istehsal etmək üçün ortaya qoyduğu əməyin qarşılığı olaraq, rəqəmsallaşmanın yaratdığı imkanlarla üçüncü şəxslər, bu əmək üzərindən haqsız yerə gəlir əldə edir, bunun qarşılığında isə müəllif hüquqları ilə bağlı hansısa ödəniş etmir. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Nəzərə alsaq ki, son dövrlərdə “X” və “İnstagram” sosial şəbəkələrinin ölkəmizdə də istifadəçisi artmaqdadır, eyni problemlə Azərbaycanda da qarşılaşırıq. Uzun müddətdir, yerli informasiya agentlikləri bu məsələnin həlli üçün kifayət qədər təkliflər irəli sürür.
“APA Media Group”un təsisçisi və rəhbəri Vüsalə Mahirqızı Avtosfer.az saytına açıqlamasında deyib ki, bu məsələ ilə bağlı qanunun tələbi sadəcə istinadla bağlıdır və təssüf ki, çox vaxt xəbərlərdən istifadə edən şəxslər heç istinad da etmir.
“Hətta bəzən hayküylə öz xəbərləri kimi təqdim edirlər ki, təəcüblənirik ki, axı bu bizim xəbərdir?! Hesab edirəm ki, problemin qaynağı media agentliklərinə məxsus adların, loqoların patentləşdirilməsi məsələsinə ciddi yanaşılmalıdır. Biz şirkətdə bu məsələnin üstünə düşmüşük və bizə məxsus olanların patentləşdirilməsinə nail olmuşuq. Lakin ölkədə digər informasiya agentlikləri, xəbər saytlarının əkəsriyyəti həm loqo, həm ad, həm də şüarlarının patentini almayıb. Bu məsələnin tənzimlənməsi üçün müəlliflik haqqında qanuna bəzi müddəalar əlavə etmək lazımdır. Telerviziya verilişləri və digər yaradıcı layihələrin patentləşdirilməsi ilə bağlı qanunda müddəalar var. Əgər siz layihələrinizi, verilişlərinizi patentləşdirmisizsə, başqaların bunlardan istifadəsi qeyri-mümkündür. Əgər sizin layihələrinizdən istifadə edən olduqda, siz bu patentləri sosial şəbəkələrə göndərdiyiniz zaman, ya bu video yayımdan qaldırılır, ya da müəlliflə razılaşdırıldığı halda ilk müəllif istənilən halda buradan dividenti qazanır”.
Vüsalə Mahirqızı onu da vurğulayıb ki, “Müəlliflik hüquqları haqqında qanun”da digər əqli mülkiyyət məhsulları ilə bağlı olduğu kimi, patentləşdirilmiş informasiya agentlikləri və xəbər saytlarının da məhsullarının oğurlanmasının qarşısını alacaq müddəalar artıq yer almalıdır.
Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva saytımıza açıqlamasında bildirib ki, medialarla bağlı qanun yalnız 4 istiqamətdə - informasiya agentlikləri, çap mediası, onlayn media və audio-vizual medianı əhatə edir. Sosial media bura daxil olunmayıb.
“Ümumiyyətlə, sosial media ilə bağlı məsələlər ölkəmizdə hansısa qnaunvericiliklə tənzimlənmir. Buna görə, Agentlik olaraq, biz də sosial media istifadəçilərinə hansısa məsələlərdə məhdudiyyətlər qoya, yaxud nəyisə diqtə edə, yaxud hansısa cəza mexanizmi tətbiq edə bilmirik”.
Mətbuat katibi vurğulayıb ki, sosial media ilə bağlı problemlərin həlli qanunvericilikdə öz əksini tapmadığına görə media subyektləri sadəcə istinad edilməsini məsələ olaraq qaldıra, həllinə nail ola bilərlər.
Hüquqşünas Kamandar Hüseynov Avtosfer.az saytına açıqlamasında bildirib ki, Azərbaycan respublikasında informasiyanın ötürülməsi, yayılması, paylaşılması ilə bağlı vahid qaydalar olmasa da, müəyyən normativ aktlarla tənzimlənir.
““Media haqqında qanun” və “informasiyanın əldə edilməsi haqqında qanun” bu sahədə qəbul edilmiş hüquqi-normativ aktlardır. Lakin təəssüflər olsun ki, sosial media və tətbiq istifadəçilərilə bağlı hansısa qadağa mövcud deyil. Çünki “informasiyanın əldə edilməsi haqqında qanun”da da informasiyanı azad, təhrifə yol vermədən və istinad edilməsi şərtilə yaymaq azadlığı hər kəsə üçün təmin edilir. Media subyektlərində isə vəziyyət fərqlidir. 2 media subyekti bir-birinin istehsal etdiyi media məhsulunu yaymaq üçün ya biri digərinin abunəçisinə çevrilməlidir, ya da bununla bağlı hüquqi öhdəlikləri təmin edən müqavilə bağlanılmalıdır”.
Hüquqşünas sonda onu da vurğulayıb ki, əgər media subyektləri arasında hansısa müqavilə, yaxud abunəlik yoxdursa, ilkin mənbəyə istinad edilərək məlumatın yaınız üçdə-bir hissəsinin paylaşılmasına icazə verilir. Sosial medialarla bağlı məsələnin həllinə gəldikdə isə, media subyektləri onların istehsal etdiyi informasiyanı istinad etmədən və ya təhrif edərək, yaxud onların nüfuzuna xələl gətirəcək şəkildə yayıldığı halda şikayət edə, öz hüquqlaırnı təmin edə bilərlər
Səfər Əlizadə