Banner

Kəsilən heyvanın qanını alına sürtmək günahdır?– QURBAN BAYRAMININ MAHİYYƏTİ - FOTO

Maraqlı 6 İyun 2025 09:00 Oxunub 578
Kəsilən heyvanın qanını alına sürtmək günahdır?– QURBAN BAYRAMININ MAHİYYƏTİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qurban bayramı mənim üçün sadəcə dini ibadət deyil, həm də insanın iç dünyasını saflaşdırdığı, paylaşmaqla mənəvi zənginlik qazandığı bir gündür. Hər il bu bayram gələndə ilk düşündüyüm şey, kiməsə sevinc bəxş etməyin verdiyi rahatlıq olur.

Qurban kəsmək – Allaha yaxınlaşmaq, imanın səmimiyyətini göstərmək deməkdir. Amma bu günlərin əsl gözəlliyi, o qurban ətinin ehtiyacı olanla bölünməsindədir. Məncə, insanın böyüklüyü də məhz burada payla, mərhəmətlə ölçülür.

Bu bayram həm də bizi ailəmizə, yaxınlarımıza, dostlarımıza daha da yaxınlaşdırır. Hər dəfə bayram süfrəsi arxasında bir araya gəldikdə, elə bil uzun illərin yorğunluğu, gərginliyi bu bir neçə gündə unudulur. Ən vacibi isə odur ki, bu bayram bizə hər şeyin pul və maddiyyat olmadığını, insanlıq, sevgi və birlik olduğunu xatırladır.

Bu gün ölkəmizdə bir çoxları Qurban bayramının mahiyyətini başa düşmür. Bəlkə də əksəriyyət bu bayramın mahiyyətinin nə olduğunu bilmir. Bəlkə də indiyə qədər onlara bu barədə daha düzgün izah, məlumat verən olmayıb. Biz də üz tutduq bu mövzunun ustadlarına.

Mövzu ilə bağlı türkoloq-alim Faiq Ələkbərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Qurban bayramının müsəlman və türk ölkələri üçün önəmi həmrəyliyin daha da gücləndirilməsidir:

“Məlumdur ki, türk və müsəlman ölkələrində hər zaman qayğıya və yardıma ehtiyacı olan insanlara kömək göstərilmişdir. Qurban bayramı da məhz yardımlaşma, ehtiyacı olan insanlara dəstək olmaqla bağlı çox dərin bir missiyanı yerinə yetirir.

Türk ölkələrinin böyük əksəriyyəti İslam dinini qəbul etdikdən sonra öz əvvəlki ənənələrini Qurban bayramı ilə daha da zənginləşdirmişdir. Zatən türk xalqlarında hər zaman yardımsevərlik olub. Biz bunu "Oğuznamə"lərdə, "Dədə Qorqud" boylarında, "Manas", "Alp Əmrə", "Alp Qamış" dastanlarında və digər türk xalqlarına aid qədim və orta əsr yazılı mənbələrində, abidələrində də görə bilirik. İslam dinini qəbul edən türk xalqları sadəcə bu köklü dəyərlərə yeni bir rəng qatıblar.

Əslində, türkün fəlsəfəsində ədalət, sosial bərabərlik, insanlara qayğı göstərmək, problemi olanları daha çox diqqətdə saxlamaq həmişə əsas prinsiplərdən olub. Qurban bayramı əsasən İbrahim Peyğəmbər və onun nəslindən gələn bir ənənə olaraq qəbul edilir. Maraqlıdır ki, İbrahim Peyğəmbərin yaşadığı bölgədə qədimdən türk xalqları da mövcud olmuşdur. Türk xalqları bu coğrafiyada digər xalqlarla birlikdə uzun illər ərzində yaşamışdır”.

Faiq Ələkbərli qeyd edib ki, Qurban Bayramı tarixi baxımdan da türk xalqları üçün uzaq və yad bir bayram deyil:

“Burada bəzi xalqların müəyyən adətləri ilə türk adətləri qarşılaşıb, bir-birinə təsir etsə də, bütövlükdə türk xalqlarında Qurban bayramı yardımlaşma və paylaşma ruhunda yaşanır. Qurban bayramı – kasıblara, imkansızlara əl tutmaq, müharibədən dönə bilməyənlərin ailələrinə dəstək olmaq, valideynlərini itirmiş uşaqlara yardım göstərmək, çoxuşaqlı ailələri sevindirmək bayramıdır. Bu prinsiplər həmişə türk xalqlarında olub.

Bu gün də məsələ yalnız heyvan kəsməkdən ibarət deyil. Əsas məsələ yardımlaşma və birliyə töhfə verməkdir. Türk xalqlarında bu cür məsələlərə hər zaman böyük önəm verilib. Ona görə də türk dövlətlərində “dövlət” anlayışı “ata”, “baba” kimi qəbul olunub. Çünki dövlət bu sosial məsuliyyəti daşıyıb və xalqa dayaq olub. Şübhəsiz ki, dövləti yaradan xalq da bu məsələdə həmfikir olub və dövlət-xalq birliyi formalaşıb”.

Türkoloq-alim deyir ki, indi də Qurban Bayramı yalnız varlıların süfrəsinin bolluğu deyil, ehtiyacı olanlara dəstək olmaq anlamını daşıyır:

“Bayramın mahiyyəti qoyun və ya digər iri buynuzlu heyvanları kəsib paylamaq deyil, bütövlükdə yardımlaşma, insana kömək etmək və dayaq durmaqdır.

Bu keyfiyyətlər İslamdan əvvəl türk toplumlarında mövcud idi, İslamdan sonra isə bu anlayış daha da zənginləşdi”.

Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimovun fikrincə isə, Azərbaycan vətəndaşları qurban kəsərkən və paylayarkən bəzi ayinləri düzgün yerinə yetirmirlər və ya bəzi vacib ayinləri görməzdən gəlirlər:

“Məsələn, qoyunun boğazını kəsdikdən sonra onun qanını uşağın və ya böyüyün alnına sürtmək kimi adətlər var. İslamda belə bir şey yoxdur. Bu, vəhşi bir davranışdır və qanı alına sürtmək dini baxımdan qəbul edilmir. Əksinə, belə ayinlər qədim dinlərdən, yunan və hind fəlsəfələrindən gələn batil adətlərdir. Hətta qədim yunanlarda yağış yağmaması və ya məhsulun yaxşı olmaması zamanı insan qurbanları verildiyi yazılır. Lakin İslamda qurbanın mahiyyəti fərqlidir. Qurban Allaha yaxınlaşmaq məqsədi daşıyır və Qurani-Kərimdə də qeyd olunur ki, kəsilən heyvanın əti və qanı Allaha çatmır, çatan isə insanın gözəl əməlləridir.

İslamda heyvanın mərhəmətlə, əziyyət vermədən kəsilməsi vacibdir. Heyvana qarşı zorakılıq və qanı zərərli yerdə istifadə etmək qətiyyən olmaz. Bədəndən çıxan qan "müharram"dır, bədəndə qalan qan isə "pak" sayılır. Qurban kəsərkən bıçağa dua oxumaq və ya heyvana zərər verən başqa mərasimlər də İslamda yasaqdır. Bu cür adətlər yalnız bidət və dinə ziddir”.

Hacı İlham Səlimovun qeyd edib ki, heyvanlara mərhəmətlə yanaşmaq İslamın əsas prinsiplərindəndir:

“Sevgisiz və mərhəmətsiz davranış həm insanlara, həm heyvanlara qarşı qəbul edilməzdir. Məsələn, bəzi qurban kəsim yerlərində heyvana rəhm edilmədən, onu sıxıb, zərər verərək, hətta təhlükəli vəziyyətlər yaranır. Bu, qurbanın mahiyyətinə ziddir və ictimaiyyət üçün də pis nümunədir.

Qurbanın payı sosial yardımdır və gizli şəkildə həyata keçirilməlidir. Bu, həm riyakarlığın qarşısını alır, həm də yardım edənlərin niyyətini qoruyur. Əgər yardımın nümayişi ibrət üçün, insanları təşviq etmək məqsədilədirsə, bu qəbul edilir. Amma yalnız özünü göstərmək üçün edilməsi haramdır.

Bir sual da belədir ki, Qurban payından özümüz üçün də götürmək olar? Bəli, mümkündür. Çünki dinizimidə buyrulub ki, Qurban payında şəfaət var. Qurban kəsən şəxs ehtiyacı olanlara bu paydan verdikdən sonra öz doğmalarına, bacı, qardaş və ailəsinə də pay saxlaya bilər, bu paydan şəfaət diləyə bilər. İslamda qurban kəsmək Məkkədə olanlara vacibdir, digər yerlərdə könüllüdür. Kim imkanlıdırsa, kəsə bilər. Payın neçə hissəyə bölünməsi üçün xüsusi rəqəm yoxdur. 3, 7 və ya daha çox hissəyə bölmək mümkündür. Pay həm ehtiyacı olanlara, həm də kəsəni özünə və ailəsinə qalmaq şərti ilə ola bilər. Əsas niyyət Allah rızasıdır və qurban şəfa məqsədilə də istifadə edilə bilər”.

Mərmərə Universiteti İnsan və Cəmiyyət Elmləri üzrə professor Ali Satan qeyd edib ki, bu cür müzakirələrdə ən çox diqqətdən kənarda qalan mövzu İslam dininin başlanğıcıdır:

“İslam Hz. Adəmi ilk insan və ilk peyğəmbər kimi qəbul edir. Onun dini də İslamdır. Yer üzünə saysız-hesabsız peyğəmbərlər gəlmiş və öz dövrlərində insanlara İslamı təbliğ ediblər. Onların əsas məzmunu və kökü eynidir, hamısı eyni mənbədən gəlir. Zamanla dinlər təhrif olunub və buna görə də yeni peyğəmbərlər göndərilib. Buna görə İslamın 6 iman şərtindən biri də peyğəmbərlərə imandır. Bu, vəhy adətidir. Əgər bu əlaqə bilinməz və ya diqqətdən yayınarsa, fərqli zaman və coğrafiyalarda ortaya çıxan oxşar tətbiqlər çaşqınlıq yaradar. Müxtəlif cəmiyyətlərdə və dinlərdə qurban ayinlərinin olması bu baxımdan anlaşılandır.

Lakin son peyğəmbər Hz. Məhəmməd (s.ə.v.) İslamın mahiyyətinə zidd olan tətbiqləri aradan qaldırmış və ya uyğun hala gətirmişdir. Yəni İslami və insani ölçülər müəyyənləşmişdir. Müsəlmanlar və müsəlman türk xalqları bugün Kövrək Quran və Hz. Peyğəmbərin sünnəsinə əsaslanaraq Qurban bayramını qeyd edirlər. Vəziyyət bundan ibarətdir”.

Ali Satan əlavə edib ki, müsəlmanlar olaraq üzərində daha çox düşünməli olduğumuz məsələ budur:

“Xristian bayramları bütün dünyada populyar mədəniyyətə çevrilərkən, bizim bayramlarımız niyə öz aramızda belə müzakirə, parçalanma və ayrı-seçkilik mövzusuna çevrilir? Bayramlarımızın birləşdirici və əhatəli ruhunu kimlər və nə üçün sabota etmək istəyir?!”

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh