Maşinist qadın: “Sərnişinlər maşinist-sərnişin rabitəsi ilə bəzən təhqir edirlər, bəzən təbrik”

Maraqlı 8 Mart 2022 16:18 Oxunub 1040
Maşinist qadın: “Sərnişinlər maşinist-sərnişin rabitəsi ilə bəzən təhqir edirlər, bəzən təbrik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün “8 Mart Beynəlxalq Qadınlar Günü”dür, qadınların günüdür. O qadınlar ki, artıq onlar kişilərlə bərabər hüquqlara malikdirlər, səs verə, seçilə, müxtəlif sahələrdə, hətta çətin peşələrdə belə çalışa bilirlər.

Həmin çətin peşələrdən birinə yiyələnən və bu sahədə özünü doğruldan xanımlardan biri ilə, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli ilə həmsöhbət olduq.

 

Daha ətraflı

Əvvəlcə onu deyim ki, Günay xanım ilk olaraq fəaliyyətinə 2016-cı ildən metronun “Memar Əcəmi” stansiyasında qatarların qəbul-edilib, yola salınması üzrə növbətçi işləməklə başlayıb. Bu gün isə artıq maşinistdir.

Oxu.Az “Bakı Metropoliteni” QSC-nin xanım maşinisti Günay Rafiq qızı Həbibli ilə müsahibəni təqdim edir:

-Bu peşə sizin üçün çətin gəlmir?

- Mən “Bakı Metropoliten” QSC-nin Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin Qatar Maşinistiyəm. Qanuni olaraq 2019-cu il aprelin 1-dən etibarən “Bakı Metropoliten”ində maşinist olaraq fəaliyyətə başlamışam. Artıq 4-cü ildir ki, maşinistəm. Maşinist olmaq elə bir şeydir ki, bu peşəyə sevgi istək mütləqdir. Həvəs yox, sevgi olmalıdır. Təbii ki, biz maşinistlərin işi asan deyil. Lakin çətin də deməzdim. Çünki mənə görə hər bir sahədə əngəllər mövcuddur. Bu əngəli çətinlik adlandırsaq, hansı nailiyyətlərdən söhbət edə bilərik? Çətinlik həyatın nəbzidir. Ondan qorxmaq yox, ilhamlanmaq lazımdır. İlk müsahibəmdə dediyim sözü yenidən demək istərdim ki, işini sevirsənsə heç bir iş sənin üçün çətin olmayacaq. Mən deyərdim ki, maşinist peşəsi səbir əzm, məsuliyyət diqqət və istək tələb edən xüsusi öhdəlikləri olan qürurverici bir peşədir.

-Artıq 4 ildir “Bakı Metropoliteni”ndə ilk maşinist xanım kimi çalışırsız. Sizdə yeraltı nəqliyyatın idarəolunması asandır yoxsa yerüstü?

-İstər fərdi, istərsə də ictimai nəqliyyat strukturu asan deyil. Bu mənim qəti fikrimdir ki, hər iki sahədə də çalışmaq asan deyil. Lakin müqayisə etmək mümkün olsa, mən deyərdim ki, yeraltı nəqliyyat daha çox öhdəlik tələb edir. Mən belə düşünürəm. Elə zənn edilməsin ki, sırf metropoliten əməkdaşıyam deyə belə düşünürəm, qətiyyən. Fikrimi əsaslandırmaq üçün deyim ki, hər ikisində insan faktoru və hərəkətin təhlükəsizliyi əsas meyardır. Hər ikisi xalqa xidmət edir.

Metropolitendə hər kəs bir-birindən asılıdır. Bu asılılıq zəncirvaridir. İş asılılığı yəni, hamımız dispetçerə tabe olsaq da birimizin işində səhv olarsa, ya məsuliyyətsizlik digərinin isə diqqətsizliyi ümumi olaraq bütün xidmətlərə, bütün hərəkət strukturuna təsir edir. Amma yerüstü nəqliyyatda isə bir tək sən cavabdehsən. İstər sürdüyün nəqliyyata, istərsə də bütün baş verən hadisələrə. Adi nasazlığı götürək, nasazlıq baş verərkən yerüstü nəqliyyatda sürücü özü bilirsə düzəldir, alınmırsa, yolda qoyur gedir. Ya da müvəqqəti olaraq ya evakuator çağırırlar. Mühüm deyildir ki, yerüstü nəqliyyatda sürücü maşını özü təmir etsin. Biz maşinistlər isə hər ay qatarın nasazlığını necə aradan qaldıra bilərik deyə mütəmadi təlimlər keçirik. Təlim Tədris Mərkəzində xüsusi hazırlanmış stimulyator vasitəsilə imtahan veririk. Maşinist kabinəsindən heç bir fərqi yoxdur. Orada təlimatçının nəzarəti altında nasazlıq yaradılır, məsələn qapılar açılmır, əyləclər nasazdır və s. Nasazlığı aradan qaldırmaq üçün isə bizim cəmi beş dəqiqə vaxtımız var.

Pik saatlarda bizim əsas problemlərimizdən biri sərnişinlərin vaqonların qapılarını tutmasıdır. Yerüstü nəqliyyatda belə bir problem olmur (gülür). Mindin, qapını bağladın getdin. Ondan əlavə 1 qatar sadəcə beş vaqondan ibarət deyil, onun içərisində bizim təhlükəsiz şəkildə mənzil başına çatdırmalı olduğumuz 2000-ə yaxın sərnişin var. Bu yerüstü nəqliyyatla müqayisədə daha çoxdur. Bütün bunlar məsuliyyətdir. Təkcə yeni tipli qatarları götürsək onlarda 1 vaqon 330 sərnişin tutumuna malikdir. Bu çox geniş mövzudur, düşünürəm fikrimi izah edə bildim.

-Sərnişinlər bəzən “maşinistlə əlaqə” düyməsini əsassız yerə basırlar. Bu kimi hallarla qarşılaşmısınızmı? Qarşılaşmısınızsa, ən maraqlı və ən təhlükəli olan hadisəni bizimlə bölüşün.

- Çox təəssüf ki, dediyiniz hallar tez-tez təkrarlanır. Sərnişinlərimiz bəzən əsassız yerə sərnişin-maşinist rabitəsindən istifadə edir. Biz kimliyindən asılı olmayaraq hər bir sərnişinə xidmət edirik, bu bizim borcumuzdur. Lakin sərnişin-maşinist rabitəsindən zarafat zəminində, insanı təhqir edən sözlərə məruz qalırıq. Bu reallıqdır. Bizim işimiz səbir tələb etdiyi üçün bu cür təhqirlərə məruz qaldığımızda cavab vermirik. Ona görə əsas xahişimiz sərnişin-maşinist rabitəsindən vaqonda hər hansı hadisə, problem yaranarsa istifadə etmələridir.  Bu rabitə vasitəsilə biz problemdən vaxtında xəbər tutub və dərhal onun aradan qaldırlması üçün addım atırıq. Lakin ən pisi sərnişinlərin stansiyaya qatar daxil olarkən sərnişin-maşinist düyməsinə basaraq zarafatlaşmalarıdır. Bu qətiyyən düzgün deyil. Çünki qatar stansiyaya daxil olarkən maşinist həm qatarı düzgün şəkildə hüdud xəttində güzgü bərabərində saxlamalı, həm də yolun boşluğuna nəzarət etməlidir. Eyni zamanda sərnişinlərə hansı stansiyanın ərazisində olduğumuza dair məlumat verməlidir. Ümid edirəm ki, hörmətli sərnişinlərimiz bu kimi hallara daha yol verməyəcəklər.

Bu həm  sərnişinlərin, həm də maşinistlərin təhlükəsizliyi və rahatlığı üçündür.  Belə hallar əlbəttə mənim də başıma gəlib. Amma xoş təəssüratlarım da var. Söz vaxtına çəkər, bir dəfə 8 mart günü idi. Səhər növbədə idim. O günü aralarında həm kişilər, həm xanımlar olan 3-4 sərnişinimiz SPM, sərnişin-maşinist məlumat rabitəsi ilə təbrik edib, xoş sözlərini çatdırmışdılar. Bu mənim üçün hədiyyədən belə gözəl bir addım idi. İnanın insana qarşı diqqətli olması çox gözəl davranışdır.

-Sərnişinlərin yalan məlumatı əsasında qatarı saxladığınız olubmu?

-Sərnişinin yalan məlumatı əsasında qatarı saxlamamışam, xeyr. Çünki bizim qatarlar kamera sistemi ilə təmin olunub və sərnişin SPM-i, yeni sərnişin-maşinist məlumat rabitəsini basmaqla məlumat verərkən sərnişinin hansı vaqonda olduğunu da görürük.  Sərnişin maksimum vaqonda yanğın olduğunu deyə bilər, amma  biz də xüsusi ASOTP adlanan qurğu var ki, həmin hadisə olarsa əvvəlcə biz məlumat alırıq. Üstəlik vaqonlarda olan kameralar vasitəsilə məlumatın doğru olub-olmadığını da təsbit edə bilirik.

Bu yaxınlarda bir sərnişinimiz qatar mənzildə olarkən SPM-i basıb “qatarı təcili dayandırmalısan” dedi. Həmin an mən Ulduz stansiyasına yaxınlaşırdım, səsində bir həyəcan var idi. Sərnişindən məsələnin hansı səbəblə olduğunu soruşdum. Cavab vermədi. Vaqonun kamerasına daxil olub baxanda, bir sərnişin xanımın halının pisləşdiyini gördüm. Təbii ki, qatarı saxlamadım. Həm stansiyaya çatırdıq, həm də qatarı tuneldə saxlamaqla sərnişinin halının pisləşməsinə, təlaşa səbəb ola bilərdim. Dərhal dispetçerə məlumat verdim. “Ulduz” stansiyasında növbətçi və polis əməkdaşları sərnişini vaqondan düşürüb ilkin yardımları etdilər. Vəziyyətin düzgünlüyünü və ani olaraq müvafiq qərarı birbaşa maşinist verməlidir. Çünki sərnişinlər hər hansı problem anında daha həssas və təlaş halında ola bilərlər.

-Bəzən metroda bədbəxt hadisələrin baş verdiyinin şahidi oluruq. Sizin növbənizdə sərnişin yoluna yıxılanlar olubmu?

Bədbəxt hadisələr olub və olacaq, bu reallıqdır. Mənim növbəmdə bəli, belə hal baş verib. Lakin mənim idarə etdiyim qatar stansiya yoluna daxil olarkən heç kim  özünü atmayıb. Nə də müvazinəti itirərək stansiya yoluna yıxılmayıb. Maşinistlər bu kimi hallarla bağlı təlimatlandırılırlar və bu kimi hallarda hansı tədbirləri görəcəyimizi bilirik. Sırf xanım olduğum üçün o sual sizə maraqlıdırsa, deyim bilin ki, məni o an belə heç bir situasiya qorxutmur. Çünki mən maşinist olmaq istəyinə gəldikdə bu sualların hər birini özüm-özümə verib, cavablarını da tapmışdım.

Həmin sərnişinin istər vəfat etmiş, istərsə də yaralı şəkildə qatarın altından çıxarılması maşinistin borcudur. Sərnişinlərimizə demək istərdim ki, inanın, ölüm heç vaxt çıxış yolu deyil. Bununla siz nədənsə qurtulmuş olmursunuz. Qatar altında qalaraq ölüm isə seçilə biləcək ən yanlış seçimdir. Huşunu itirərək stansiya yoluna yıxılan sərnişinlər də olur, lakin bu da ehtiyatsızlıqdan irəli gəlir. Onlar stansiya yolundan qaydalara müvafiq məsafədə dayansalar müvazinətlərini itirsələr belə platformaya yıxılarlar, stansiya yoluna yox. Odur ki, diqqətli və ehtiyatlı olmaq lazımdır. Platforma növbətçiləri hər zaman ucadan sərnişinlərə səslənərək platforma ilə stansiya yolu arasında çəkilən xətdən kənarda durmalarını tələb edirlər. Bu qaydalara hər kəs riayət etməlidir. Əgər ki, deyilənlərə əməl etsəniz heç bir bədbəxt hadisə baş verməz. Digər bütün hallarda isə sizə kömək edilə bilər və yaşama şansınız daha çox olar.

-Bu gün “8 Mart Qadınlar Bayramı”dır. İş yoldaşlarınız arasında bu gün üçün sizə jest edib, işdən azad etdilər yoxsa işdə hər kəs bərabər hüquqlara malikdir?

Anam Bənövşə xanım başda olmaqla bütün xanımlarımızı təbrik edirəm. Onlara içdən xoşbəxtlik səmimi gülüş mehriban ailə, hüzur dolu yaşam və qadın xoşbəxtliyi arzulayıram. Mənə gəldikdə isə iş yoldaşlarım hər il bayramda mənə gözəl diləklərini çatdırırlar. Hər birinə təşəkkür edirəm. “Bakı Metropoliten”i isə hər bir xanım əməkdaşına pul mükafatı yazır. Biz xanımlar rəhbərliyin xanım əməkdaşlara olan diqqətini yüksək qiymətləndiririk.

İşdən icazə isə xeyr, belə hallar olmur. İş prosesində hər birimizin məsuliyyəti, iş yükü eyni bərabərdir.  Düzdür təbii ki, mən gedib xahiş etsəm ki 8 mart günü məni üzrlü saysınlar, yox deməzlər. Amma mən bunu etmirəm və ağlımdan da keçirmirəm. Çünki bizim işimizdə gender bərabərliyinin sübutunun ilkin nəticəsi elə mən özüməm. İlk maşinist xanım olaraq çalışıram. Maşinist olaraq işimin bütün öhdəliklərini bilirəm. Mən peşəmi uğurla yerinə yetirməklə qadın gücünü, qadın-kişi hüquqlarının bərabərliyini təbliğ və sübut etmiş oluram. Bu gün mənim bayramımdı mənə icazə verin desəm, heç bir bərabərlikdən söhbət gedə bilməz. Əsas odur ki, formalaşmış xarakterimlə və xüsusiyyətlərimlə də bunu sübut edim. Bu mənim hədəfimdir. Hədəf isə sən tam şəkildə fomalaşdıqdan sonra reallaşır.

-Ümumiyyətlə 8 mart günü özünüzə nə hədiyyə edərdiniz? Və ya hansı hədiyyəni kimdən gözləyirsiniz?

Tam səmimi cavab verəcəyəm. Həyatımda çox sayda hədiyyə almışam, eləcə də çox vaxt özüm-özümə hədiyyə edərək özümü sevindirmişəm. Çünki bu günə qədər qazandığım uğur, yediyim çörək zəhmətimin bəhrəsi olub. Ətrafdan aldığım hədiyyələr barmaqla sayılacaq qədərdir. Daha çox hədiyyə verirəm. Adətən mən qiymətləndirmişəm ətrafımdakı insanları.

Mənim üçün hədiyyənin qiyməti yox, dəyəri önəmlidir. Dəyər dedikdə isə insani dəyəri nəzərdə tuturam. O hədiyyəni sənə kim verir, bu da önəmlidir. Mən 6 yaşında oğul anasıyam. İlk və tək ən gözəl hədiyyəmdir o. Allahın mənə böyük hədiyyəsi oğlumdur. Bu il həmin bu qiymətli hədiyyəm mənə öz əlləri ilə təbrik məktubu yazıb. Bunun  mənim üçün necə qiymətli olduğunu sözlə ifadə edə bilmirəm. Mənim üçün ondan gözəl hədiyyə ola bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh