Banner

Sovetin uzun illər bizə sırıdığı, hələ də qurtula bilmədiyimiz avtomobillər

Maraqlı 16 Fevral 2021 17:27 Oxunub 1636
Sovetin uzun illər bizə sırıdığı, hələ də qurtula bilmədiyimiz avtomobillər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sovet istehsalı bəzi köhnə model avtomobillər artıq uzun illərdir, çox azərbaycanlının “ayağını yerdən götürməyə” xidmət edir. Dövrə uyğun olaraq bazar tələbləri, qiymətlər dəyişdiyi üçün hələ də avtomobilini yeniləyə bilməyənlər var. Amma deyilənə görə, utilizasiya haqqında qanun çoxlarını belə maşınlarla vidalaşmağa məcbur edəcək. “Yol-hərəkəti Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı” artıq bunun üçün müəyyən işarələr də verib.

Maraqlıdır, bu köhnə, Sovet istehsalı avtomobillər arasından hazırda ən çox hansı model istifadə olunur? Onun “yaşıdları” ilə müqayisədə belə uzunmüddətli istismarına səbəb nə olub?

Mövzu ilə bağlı danışan avtomobil üzrə mütəxəssis Şahin Göyləroğlu bildirib ki, Dövlət Statistika Komitəsinin 2019-cu ildə verdiyi sonuncu məlumata görə, Azərbaycanda bu tip avtomobillər arasında VAZ markası üstünlük təşkil edir. Onlar arasında sayı ən çox olanlar isə VAZ 21 03-06, VAZ 21 05 ilə 07-dir: “Çünki köhnə, Sovet istehsalı olan avtomobillərin içində ən çox təklif olunanlar bunlar olub. Təklif vacib məqamdır. Çünki başqa təklif yoxdursa, almaq şansı da məhduddur. Məhz təklif olduğu üçün bu avtomobillər uzun illər alınıb. Ümumiyyətlə, dövrünə, hətta 1980-ci illərin sonuna qədər bu avtomobillər o qədər də geri qalmırdı. Yəni, dövrünə görə, elə də zəif hesab olunmazdı. Həm də qiymət baxımından alıcılıq gücümüzə cavab verirdi. Bizim Sovet ittifaqında avtomobil almaq şansımız yox idi. Buna görə də bizə təqdim olunanı ala bilirdik. Onlar arasında isə ən yaxşısı VAZ idi. Digər tərəfdən, əslində bu modellər uzunömürlü deyil. Sadəcə uzun illər istehsal edilib. Məsələn. VAZ markalı avtomobillər 2000-ci illərin əvvəlinə qədər müxtəlif zavodlarda buraxılıb. İstənilən marka və modeldən ölkəyə bu qədər daxil edildikdə onun servisi, ənənə və məktəbi yaranır. Yəni, o qədər eyni avtomobillərdən istifadə edirlər ki, artıq onun ustaları yaranır. Dah sonra məmnun və avtomobilindən başı çıxan müştərilər yaranır. 40 il müddətində istehsal olunan avtomobil düşünün. Onu ata da, oğul da sürüb... Həmin şəxs uşaqlıqdan içində böyüdüyü avtomobilin hər yerini əzbərləyib”.

Mütəxəssis modellərin uzun müddət istismar olunmasının digər səbəblərini də sadalayıb: “Yaxın qonşumuz olan Rusiyada buraxıldığına görə, bu avtomobilin ehtiyat hissələrini rahatlıqla əldə edə bilirdik. Üstəlik qiyməti çox ucuz idi. Serviz. Ehtiyat hissələrinin və ümumi qiymətin ucuz olması – bütün bunlar onu hər zaman saz vəziyyətdə saxlamağa imkan verirdi. Hətta kuzanı belə sıfırdan yığa bilər, hər xırda detalı çox ucuz qiymətə qonşulardan ala bilirdik. Uzunmüddətli istismarın digər səsbəbi də Azərbaycanda indiyə qədər sərt qanunların olmamasıdır. Sərt qanun dedikdə avtomobilin təhlüksizlik, ekolojik normaları nəzərdə tutulur. Hazırda bunlar dövlət proqramında qeyd olunub. Amma bu vaxtadək qeyd edilmədiyi üçün onun yararsız olduğunu deyə bilməzdik. Yolda gedir, əyləci tutur, işıqlandırılması varsa, avtomobil yararlı sayılırdı. Belə olduğu halda sürücü onu niyə tullasın? Dünya təcrübəsində istifadəçi avtomobillə yalnız o vaxt vidalaşır ki, o ya yararsız olur, ya da qanunlar artıq yola çıxmasına icazə vermir. İstifadəçi üçün yararsız olanları uzun illər əcnəbi modellərə dəyişiblər. Amma kənddə, rayonda yararlı hesab edən, yenisini almağa imkanı olmayanlar hələ də hətta pis vəziyyətdə olan maşını istifadə edirlər. Çünki dövlət buna icazə verirdi. Bir sözlə. İstismar müddəti ona görə uzun idi ki, onun qarşısını alan yox idi. Bu yalnız Azərbaycanda olan hadisə deyil. Bütün postsovet ölkələrində bu maşınlardan vardı. Üstəlik, hamısında VAZ üstünlük təşkil edirdi. Çünki onun istehsalı çox idi. Say çoxluğuna görə ölkəmizdə sonrakı yerləri QAZ və Moskvich istehsalı avtomobillər tuturdu”.

Ş.Göyləroğlu həmçinin vurğulayıb ki, bu gün utilizasiya haqqında qanun bütün ölkələrdə belə avtomobilləri sıradan çıxarır: “Bunu ilər öncə Rusiya, bu yaxınlarda isə Qazaxıstan və digər ölkələr etdilər. Beləliklə köhnə avtomobillərlə vidalaşdılar. İstismar müddətinin çox olmasının sadaladığım səbəbləri bütün ölkələr üçün keçərlidir. Çünki vaxtilə bu dövlətlərlə eyni taleyi yaşamışıq”. (Ted.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh