SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Bu gün biz taksiyə bir düymə ilə minirik, amma bir əsr əvvəl Sovet İttifaqında taksi deyə bir anlayış yenicə formalaşırdı.
Avtosfer.az AzPost-a istinadən bildirir ki, SSRİ-də ictimai taksi xidməti 1925-ci ilin iyun ayında rəsmi şəkildə istifadəyə verilib və bu hadisə postsovet məkanında taksi tarixinin başlanğıcı kimi qəbul olunur. Halbuki ABŞ və Avropada bu nəqliyyat növü ondan daha əvvəl mövcud idi. Lakin SSRİ-dəki model özünəməxsus ideoloji və texniki xüsusiyyətləri ilə fərqlənirdi.
İlk sovet taksiləri Fransadan alınan “Renault” avtomobilləri olub. Onlar xüsusi qarajdan – şəhərdə ilk taksi deposundan – yola çıxırdılar. Sonradan bu park “Fiat” və yerli istehsal olan “QAZ-A” ilə genişləndirildi. Sürücülər isə ciddi forma geyinməli idilər: dəri gödəkçə, dəbilqə, əlcək.
Əsl sürpriz isə o dövrdə dövlət rəhbərlərinin istifadə etdiyi dəbdəbəli limuzinlərin – məsələn, ZİS-101 və ZİS-110 modellərinin – taksi kimi sıravi vətəndaşların xidmətinə verilməsi olub. Bəzi mənbələrdə qeyd olunur ki, bu təşəbbüs birbaşa Stalin tərəfindən ideoloji məqsədlərlə irəli sürülüb: “Sovet insanı istəsə, ölkə rəhbərinin sürdüyü maşında da gedə bilər!”
1940-cı illərin sonuna yaxın artıq on minlərlə taksi fəaliyyət göstərirdi. “Pobeda”, “Volqa” və “Moskviç” kimi yerli avtomobillər xüsusi rənglərə boyanaraq “dama” nişanları ilə fərqləndirilirdi. Onların salonları yuyulması asan parçalarla örtülürdü, hətta xüsusi taksi seriyaları da buraxılırdı.
Maraqlı bir detal: 1960-cı illərdə “Moskviç” bazasında hazırlanmış futuristik, bir qapılı taksi prototipi də mövcud olub. Sürücü salonla arakəsmə ilə ayrılır, qapı isə yalnız tablodakı düymə ilə açılırdı – sərnişin pulu ödəmədən düşə bilmirdi. Bu maşın istehsala buraxılmasa da, texniki yaradıcılığın nümunəsi olaraq qalıb.
SSRİ-də taksi həm də kollektiv daşıma vasitəsinə çevrildi: “marşrut taksi” konsepsiyası da ilk dəfə burada tətbiq olundu. Geniş gövdəli ZIM-lər və RAF mikroavtobusları ilə “əyilmiş sərnişin” anlayışı da həmin dövrdən qaldı – boş yer olmadığı üçün insanlar ayaqüstə, başları əyilmiş vəziyyətdə gedirdilər.
SSRİ-də taksi sadəcə nəqliyyat yox, həm də sosial simvol idi. “Yaşıl işıq”, “dama” naxışı, taksimetrin “PULSUZ” göstəricisi və sürücünün davranışı sovet insanının gündəlik yaddaşında yer tutmuşdu.
Bugünkü rahat taksilərə baxanda bəlkə də unuduruq, amma bir zamanlar dövlət limuzinində taksiyə minmək sıravi insan üçün həm təəccüblü, həm də qürurverici idi. Bu, bəlkə də sovet cəmiyyətinin öz “bərabərlik ideyası”nı göstərə bildiyi nadir nümunələrdən biri idi.
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











