Toy karvanlarını nizama salmağın Orta Asiya variantı – DOST ÖLKƏLƏRİN TƏCRÜBƏSİ
Bu məsələ ilə bağlı heç vaxt yazmaq istəməmişəm. Çünki müqayisə heç də hər zaman doğru olmur. Amma 5 nəfərin öldüyü qəzadan sonra susmağı doğru hesab etmədim.
Toyla bağlı ənənədən gələn ciddi problemlərin olduğu ölkələr var. Bu problemlər müsəlman ölkələrində xüsusilə ağırdır. Lakin həll yolunu tapanlar da var.
Özbəkistan və Tacikistan bizimlə sərhəd təşkil etməsə də, adət-ənənə baxımından bizə yaxın ölkələrdir. Həm də hazırda hər 2 ölkə ilə sıx münasibətlərimiz mövcuddur, əlaqələrimiz günbəgün genişlənir. Bu ölkələrdə də müstəqilliyin ilk illərində dəbdəbəli toylar keçirir, gəlin gətirməyə 50 avtomobillə gedir, ictimai asayişi ciddi şəkildə pozurdular. Lakin hər 2 ölkədə bu məsələlər artıq qanunla tənzimlənir.
Tacikistan 2007-ci ildə (2017-ci ildə əlavə və dəyişiklik edilib), Özbəkistan isə 2019-cu ildə toy və yas mərasimlərinin keçiriməsi barədə qanunlar qəbul edib. Qanun ənənələri ciddi şəkildə pozmasa da, mərasimlərin çərçivəsini məhdudlaşdırıb. Artıq nağıllardakı kimi 7 gün, 7 gecə toy məsələsi ortadan qalxıb. Toy Özbəkistanda bir, Tacikistanda isə 2 gün keçirilə bilər. Özbəkistanda mərasim vaxtı 6.00-23.00 arasıdırsa, Tacikistanda iş günlərində yalnız 18.00-22.00 arası mümkündür. Qeyri-iş günləri və kənd yerlərində 6.00-dan 22.00-dək mərasim keçirilə bilər. Özbəklər vaxt məhdudiyyəti qoymasa da, Tacikistanda mərasim 3 saatdan çox davam etməməlidir. Hər 2 ölkədə toyda 200 nəfərdən çox qonaq iştirak edə bilməz.
İşin ən maraqlı hissəsi toy kortejidir. Özbəkistanda kortejdə maksimum 3, Tacikistanda isə 4 maşın ola bilər. Ən əsası, bizdə rayon yerlərində mövcud olan nəmər almaq üçün maşının qabağını kəsmək, yolu bağlamaq, hərəkətə hər hansı şəkildə mane olmaq qadağan edilir.
Qanunun tətbiqinə polis öz informatorları vasitəsi ilə nəzarət edir. Qanunun qəbul edildiyi ilk illərdə polis hər ay onlarla bəy və gəlini toyun ən maraqlı yerində cərimələmək üçün idarəyə aparırdı. Artıq insanlar ürəklərində yeni qayda ilə barışmasalar da, mənasız adətlərdən qurtulmağa istər-istəməz vərdiş ediblər.
Təbii ki, yenin qayda ilə yaşamaq istəməyənlər də var. Bunun üçün ya polisə külli miqdarda rüşvət vermək, ya da toyu – nə qədər qəribə olsa da, qonşu Qırğızıstanda etmək lazımdır.
Tacikistandakı qanunun müəyyən qüsurlardan xali olmasa da, 2 problemi kökündən həll edib. Birinci, taciklər toya görə bankların köləsinə çevrilməkdən qurtulub, ikinci, toy kortejlərində ölümlə nəticələnən qəzalar nadir hadisəyə çevrilib.
Bu bir daha göstərir bəzi məsələləri təbliğat və tövsiyə yolu ilə deyil, inzibati üsulla daha tez və keyfiyyətlə həll etmək mümkündür.
PS. Azərbaycanda dəbdəbəli yas mərasimlərinin keçirilməsi 30 ildir müzakirə edilsə də, ortada nəticə yoxdur. Lakin Naxçıvan MR Ali Məclisi məsələni qısa müddətdə, bir qanunla tənzimlədi. Bu da göstərir ki, Azərbaycanda da müəyyən, özünü doğrultmuş təcrübə mövcuddur. Qalır onu ümumrespublika səviyyəsində toylara da tətbiq etmək. Amma obyektivlik naminə deyək ki, Azərbaycan toyları ənənəvi tacik toylarından daha ciddi və az təmtəraqlı olub.
Vüqar