Yanacaqdoldurma məntəqələri qarşısındakı ziddiyyət

Maraqlı 9 Avqust 2024 13:57 Oxunub 230
Yanacaqdoldurma məntəqələri qarşısındakı ziddiyyət
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aşağı oktanlı yanacaqdan istifadə problemini Avropa necə həll etdi?

Azərbaycanın avtomobil parkının kifayət qədər köhnə olması statistik rəqəmlərlə də təsdiq edilir. Lakin bu köhnəlik əsasən rayonlarda istismar olunan avtomobillərin hesabına formalaşır. Bakıda isə sovet avtomobillərini barmaqla saymaq mümkündür. 
Lakin sosial şəbəkə istifadəçilərinin şikayətlərinə nəzər yetirsək sanki başqa aləmə düşürük. Bütün istifadəçilər 92 oktanlı benzinin keyfiyyətindən şikayət edir. Əksəriyyət yanacaq sərfiyyatının artmasından şikayətçidir.
Doğrudur, yay mövsümündə yanacaq sərfiyyatının artması normaldır. İnsan orqanizmi kimi avtomobil də 30 dərəcə Selsini keçən istini “sevmir”. Yanacağın buxarlanması sürətləndiyindən benzin sərfiyyatı artır. Üstəgəl, kondisonerdən istifadə sürücünün cibinə əlavə yükdür – xüsusilə də kiçik həcmli və benzin mühərriklərdə. Bu məsələ artıq məlumdur və müzakirə mövzusu başqadır. 
Lakin işin başqa tərəfi Azərbaycanda 92  oktanlı yanacağa tələbatın yüksək olmasıdır. Rayonlarda vəziyyəti başa düşmək olar. Parkın əksəriyyətini sovet avtomobilləri və 2000-ci illərdə idxal edilmiş alman texnikası təşkil edən ərazidə 92 oktana tələbatın çox olması normadır. Lakin Bakı şəhərində yanacaqdoldurma məntəqələri qarşısındakı vəziyyət ziddiyyətlidir. Yaşı onu keçməyən avtomobillərn 92 oktanla “yedirilməsi” bir növ normaya çevrilib. Hətta 95 oktan yanacağın qiymətinin enməsi də əziyyəti dəyişməyib. Yenə də 95 oktanlı benzini barmaqla sayılacaq qədər sürücü alır. Maraqlıdır ki, söhbət etdiyimiz bir çox sürücü hələ də müxtəlif oktanlı benzinləri qarışdırmaqla nə isə icad etməyə çalışır. Burada söhbət təkcə maddi vəziyyətdən getmir. Psixoloji amil çox ciddidir. Axı maddi imkanının aşağı olduğunu iddia edən şəxs nə üçün Panamera, Pajero və ya Prado alaraq sonradan bu maşınları nəzərdə tutulmayan yanacaqla  istismar etməlidir?
Qonşu Rusiyada iyul ayında 95 və daha yuxarı oktanlı benzindən istifadə təxminən 60% təşkil edib. 92 oktanın istifadəsi ilbəil azalır. Halbuki bizdən fərqli olaraq şimal qonşumuzda sovet istehsalı olan yük avtomobilləri və avtobuslar kifayət qədər çox istismar edilir. 76 oktanlı yanacaq satışda olmadığı üçün onlar 92 oktandan istifadə edirlər. Bizdə isə QAZ-53 və ZİL yük avtomobillərindən istifadə edənləri barmaqla saymaq mümkündür. PAZ və LAZ avtobuslarını isə Azərbaycan yollarında 15-20 il əvvəl görmüşük. Halbuki Rusiyada benzinlə işləyən PAZ bu gün də daxili bazar üçün istehsal olunur! QAZ-53 mühərriki isə sanksiyalardan sonra təkrarən istehsala qaytarılıb. Bu mühərriklərin “acgözlüyünü” də hamı bilir.

Aşağı oktanlı yanacaqdan istifadə tendensiyası Azərbaycan üçün yeni deyil. Sovet dövründə, yanacağın 10 litri 80 qəpik olduğu vaxtda sürücülər daha ucuz oğurluq (çox vaxt havayı) 76 oktandan istifadə etmək üçün “Jiquli” mühərrikinə konstruksiya dəyişikliyi edirdilər. 
Lakin biz aşağı oktanlı benzindən istifadədə tək deyilik. Azərbaycanda indi baş verən proseslər 80-ci illərin sonunda Avropada da olub. İnjektora kütləvi keçid zamanı bir çox sürücü zavodun tövsiyəsinə əməl etməyərək 95 deyil, daha aşağı oktanlı yanacaqdan istifadəyə davam edirdi. Zəmanət müddətində servislərə müraciət artdıqdan sonra məsələ inzibati yolla həll edildi. Əvvəlcə avtomobil istehsalçıları aşağı oktanlı benzinə görə yaranan fəsadları zəmanətdən çıxardılar. Sürücülər yanacaqda əldə etdikləri cüzi qənaəti servislərdə artıqlaması ilə ödədilər. Ardınca əksər Avropa ölkələri aşağı oktanlı yanacaqdan istifadəyə görə cərimə tətbiq etdi. Ciddi tədbirlərdən sonra ekeoloji vəziyyət də qismən yaxşılaşdı. Bu işdə ekofəallar da kifayət qədər böyük rol oynadılar.  
Qayıdaq özümüzə.
İndi sosial şəbəkədə yanacağın keyfiyyətinin azalmasından şikayət edənlərin əsas narazılığı 92 oktanla bağlıdır. Yaxşı olar ki, 95 oktanlı yanacaq yerinə 92 oktan işlədib özünü və ətrafdakıları zəhərləyənlər əvvəlcə öz əməllərini müzakirə etsinlər. Necə deyərlər, əvvəl məscidin içi, sonra isə çölü.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh