Reklam

Yol hərəkəti təhlükəsizliyinin İsveç modeli, və ya həkimin yaratdığı sistem - FOTO

Maraqlı 18 Sentyabr 2024 20:00 Oxunub 542
Yol hərəkəti təhlükəsizliyinin İsveç modeli, və ya həkimin yaratdığı sistem - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda İsveç yol hərəkəti təhlükəsizliyinə görə dünyada nümunə göstərilir. Ölkədə ölümlə nəticələnən yol qəzaları minimuma enib, yollarda sıxlıq azdır. Bəs bu Skandinaviya ölkəsi uğuru necə əldə edib?

Avtosfer.az xəbər verir ki, 1995-ci ildə İsveç Yol Nəzarəti Agentliyinin rəhbərliyinə avtomobil və yol təsərrüfatından uzaq olan Kles Tinqval gətirilir. Təbii ki, tibb elmləri doktorunun bu vəzifəyə təyinatı birmənalı qarşılanmır. Lakin, insanlar yanıldıqlarını bir müddət sonra anlayırlar.

Xaraktercə tələbkar adam olan Tinqval həmin il bir qəzada 5 gəncin ölməsindən sonra yol çəkilişi konsepsiyasının dəyişdirilməsinə nail olur. Onun fikrincə, dünyada hamının əməl edəcəyi universal qanun yoxdur. Bütün sürücü və piyadalar intizamlı deyil. Ən əsası, ən intizamlı vətəndaş belə, diqqətsizlikdən qayda pozuntusuna yol verə bilər. 

Tinqvalın ilk işi yolsalma qaydalarını dəyişmək, 2+1 tipli yollar çəkdirmək olur, yəni gediş 1, gəliş 2 cərgə və bunlar əvəzlənir. Yolların metal baryerlərlə ayrılmasını əhalinin cəmi 3 faizi müsbət qarşılasa da, bir neçə gün sonra baş verən qəzada sürücü xəsarət almadan xilas olur. Bundan sonra Tinqvalın nüfuzu artır və o, “sıfır vizionu” adlı layihəsini 1997-ci ildə Parlamentdən keçirə bilir.

İsveçdə yolların çəkilməsi konsepsiyası da dəyişir: Tinqval iddia edirdi ki, bütün təqsiri sürücünün üstünə atmaq olmaz. Yol inşaatçılarının da xətaları çoxdur. Yol çəkilişi zamanı əsas olan maliyyə deyil, rahatlıqdır. 
Bundan başqa, “sıfır vizionu” çərçivəsində piyada və velosipedçilər də yaddan çıxmırlar. Lakin əsas məsələ qalırdı: təhlükəsizliyi artırmaq üçün şəxsi avtomobildən gündəlik istifadəni azaltmaq. Bu məsələdə başqa ölkələr də İsveçdən nümunə götürdü. Sürücüləri avtomobildən çəkindirmək üçün qonşu ölkənin paytaxtı Osloda bir gündə min parklama yeri ləğv edildi. Qonşu Finlandiyanın paytaxtı Helsinkidə isə yollar daraldıldı, səkilər genişləndirildi. Yol dairələrinin sayı artırıldı.

Təcrübə də göstərir ki, yol dairələrində sürət az olduğu üçün ölümlə nəticələnən qəza baş vermir. 
Nəticəni gözləmək üçün uzun zamana ehtiyac olmadı. 2019-cu ildə Oslo və Helsinkidə piyada ölümü qeydə alınmadı. İsveçin paytaxtı Stokholmda yol qəzasında cəmi 1 sürücü həlak oldu.

Təhlükəsizliyin artırılması üçün sürət rejimi də nəzarətdə saxlanılr. Məhəllələrdə, sıx məskunlaşma zonalarında sürət 30 km/saata endirilir. Bununla belə, Nəqliyyat Nazirliyi bələdiyyələrin bu məhdudiyyətdən sui-istifadə etməməsinə, lüzumsuz sürət azaltmaya nəzarət edir (oxşar mexanizm başqa ölkələrdə də var). 
Bir də, İsveç polisinin yoxlama mexanizmi tam fərqlidir. Bizdəkindən fərqli olaraq reyd zamanı təsadüfi avtomobilin yoxlanması mexanizmi yoxdur. Polis müəyyən vaxtlarda bu və ya digər küçəni tam bağlayaraq bütün avtomobilləri istisnasız olaraq yoxlayır. 

Son statistikaya görə, 2023-cü ildə Norveçdə hər milyon nəfərə yol qəzalarında 22 ölüm qeydə alınıb. Bu da 10 ildə yarıbayarı azalma deməkdir. Avropa üzrə orta göstərici 46-dır.

İsveçdəki layihənin təfərrüatları bir xəbərə sığmayacaq qədər çoxdur. Lakin layihə o qədər ciddi maraq doğurur ki, Avropa İttifaqı, ABŞ və digər ölkələr bunu götürüb uğurla tətbiq edir.

PS. Kles Tinqval vəzifəyə gəldiyi vaxt belə bir iddia irəli sürdü: qatarda, təyyarədə risk daha çoxdur. Lakin orada hamı konkret protokol çərçivəsində hərəkət etdiyi üçün ölüm azdır. Hansısa buruq ustası üçün ölüm riski daha çoxdur. Lakin ustadan təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Nəticədə bu sahədə ölüm barmaqla sayılacaq qədər azdır.
 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh