Ağaclar nişanların önünü kəsir - Yaşıllaşdırma İdarəsi zənglərə cavab vermir, sürücülər əziyyət çəkir - VİDEO

Hər il yaz-yay fəslində Bakıda görünməyən yol nişanları sürücülərə çətinlik yaratmaqda davam edir. İllərdir bu mövzu danışılsa da, müvafiq orqanlara müraciətlər olunsa da, hər kəs məsuliyyəti bir-birinin üstünə ataraq işi təxirə salır.
Avtosfer.az bildirir ki, qanunvericiliyə əsasən, sürücü yol nişanına 100 metr qalmış onu görməlidir ki, yoluna buna uyğun davam etsin.
Lakin paytaxtın bir çox küçələrində yüzlərlə yol nişanı ağacaların arxasında gizlənməkdədir. Bilmək olmur nişanı ağacın arxasına yerləşdiriblər, yoxsa ağacı gətirib nişanın önünə əkiblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, müayinə zamanı 100-ə yaxın belə nişan aşkar olunaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yazılı şəkildə bildirilib. Lakin İdarənin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan heç bir ağacı kəsmək hüquqlarının olmadığını bildirir.
Avtosfer.az bu məsələyə aydınlıq gətirmək üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla əlaqə saxlayıb: “Əgər ağac kəsilirsə, o zaman bizim icazəmiz olmalıdır. Nişanların görünməsi üçünsə sadəcə ağacları budamaq lazımdır, bu isə yaşıllaşdırma idarəsinin məsuliyyətindədir”- deyə Mirsalam Qənbərov bildirib.
Yaşıllaşdırma İdarəsindən isə tefona cavab verən tapılmayıb.
Görünür, burada hər kəs çox məşğul olduğundan nə telefona cavab verməyə, nə də ağacları budamağa vaxtları yoxdur. Və beləcə ağaclar yaşıllaşır, saralır, yarpaqlar tökülür və nişanlar görünməyə başlayır. Təbiət özü bu məsələni həll edir. Elə ona görə də oturub payızın gəlməsini gözləyək. Nişanlar da ağacların kölgəsində dincəlsin.
Aysel













