Avropalı sığortaçıların ağackəsmə tələbi - VİDEO
Bu video Qərb ölkələrinin birində çəkilib. Kadrlardan görünür ki, quru ağac yola düşür. Sürücü peşəkar davransa da, qəzadan yayına bilmir, maşına zərər dəyir.
Lakin sürücünün bəxti onda gətirir ki, ağac çürük olduğundan asfalta toxunaraq parçalanır. Yaş ağac olsa xəsarət və ya ölüm qaçılmaz olacaqdı.
Belə problem bizdə də aktualdır, xüsusən də küləklər şəhəri Bakıda. Avropada yola aşan ağaclarla necə davranılır?
Avtosfer.az-ın xəbərinə görə, avtomobillərin üstünə ağac aşması Qərb sığortaçıları üçün də problemdir. Lakin Avropa təcrübəsində bir maraqlı məqam da var: sığorta şirkətləri yol kənarlarındakı risk yaradan ağacların götürülməsi üçün vaxtaşırı monitorinq aparır, məsələ qaldırırlar. Təbii ki, ağacların kütləvi kəsilməsindən söhbət getmir. Bioloji ömrünü başa vuran, ciddi zədə alan, aşma təhlükəsi olan ağaclar sığorta şirkətlərinin və ya polisin təqdimatı ilə götürülə bilər. Həm də yerinə yenisi əkilmək şərti ilə.
Məsələdən bir çıxış yolu da yaşıllıq salınarkən ağacların yola çox yaxın əkilməməsi, həmçinin yol kənarına kökü möhkəm olan ağac əkilməsidir. Məsələnin həlli uzun illər vaxt aparsa da, nəticə əldə etmək mümkündür.
Azərbaycanda son illər yol kənarına bir qayda olaraq Eldar şamı, zeytun ağacları və oleandr kolları əkilir. Hər 3 bitki sağlam və dayanıqlı kök sisteminə malik olduğundan aşma riski azdır. Lakin rayonlarla hələ də yol kənarında yaşı 10 illərlə ölçülən çürük qovaq və qayın ağaclarına rast gəlinir. Bunların da tədricən yenilənməsi zəruridir.
PS. Çox vaxt götürülmüş ağacların yerində sığorta şirkətləri özləri yaşıllaşdırma və bərpa işləri aparır. Bu da çox ucuz başa gələn, lakin səmərəli reklamdır. İstənilən ölkədə ağac əkən qurum özünə rəğbət qazanır. İqtisadi dillə desək, müştəri cəlb edir.
Vüqar













