Azərbaycan Ordusu daha bir BMT Təhlükəsizlik Şurasının qətnaməsini icra etdi - ŞƏRH

Xəbərlər 26 Oktyabr 2020 17:20 Oxunub 1026
Azərbaycan Ordusu daha bir BMT Təhlükəsizlik Şurasının qətnaməsini icra etdi - ŞƏRH
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

 

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının (TŞ) daha bir qətnaməsini icra edib.

Avtosfer.az daha əvvəl 1993-cü ilin noyabrın 12-də qəbul edilmiş 884 saylı qətnamənin icra olunduğunu xəbər vermişdi.

Həmin qətnamədə Zəngilan rayonundan Ermənistan silahlı qüvvələrinin çıxması tələb olunurdu. Oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması ilə bu qətnamə Azərbaycan Ordusu tərəfindən icra olunmuşdu.

Bu dəfə rəşadətli ordumuz daha bir qətnaməni tam icra edib. Hərbçilərimiz dünən Qubadlı şəhərini azad etməklə 874 saylı qətnamənin də tələblərini, demək olar ki, tam icra edib.

Bəs 1993-cü ilin oktyabrın 14-də qəbul edilmiş həmin qətnamədə nə deyilirdi?

1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirmişdilər. Azərbaycan növbəti dəfə BMT TŞ-na müraciət etməli olmuşdu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə o vaxtkı ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi), indiki ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış “Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli” təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. 

Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. 

Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.

Qısası, 874 saylı qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

27 ildir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalırdı. Bir neçə gün bundan əvvəl həmsədr ölkələr (bunlardan üçü BMT TŞ-nin daimi üzvləri ABŞ, Rusiya və Fransadır – S.M.) tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilsə də, iclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülüb.

Prezident İlham Əliyev dediyi kimi,  bu, ədalətsizliyin və ikili standartların növbəti təzahürüdür. Həmin sənəddə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasına dair müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilməlidir. Sevindirici haldır ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi (həmin ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir – S.M.) buna etiraz edib və həmin sənəd qəbul edilməyib.

Məhz bu ikili standartlar Azərbaycana öz torpaqlarını işğaldan azad etməmək üçün hərbdən başqa çıxış yolu qoymayıb. Azərbaycanın daha əvvəl Füzuli və Cəbrayıl şəhərlərini işğaldan azad etdiyini nəzərə alsaq, Qubadlının alınması ilə bu qətnamənin tələbləri də hərb gücü ilə icra olundu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh