Banner

Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU - YENİLƏNİB

Gündəm 8 Yanvar 2025 15:34 Oxunub 322
Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, filialdan "Report"a verilən açıqlamada deyilir ki, "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.

"Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.

Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.

Noyabrın 7-si yerli vaxtla saat 10:06-da gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəmini 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidmətinin saxladığı məlum olub. Belə ki, xidmətin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək hərbi donanmanın təyin etdiyi məntəqəyə gəlib və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələrinin yoxlama prosesinə cəlb ediliblər", - açıqlamada deyilir.

Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət elə həmin gün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.

Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.

***

"Eritreyada saxlanılan hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub".

Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.

"Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir", - Agentlik rəsmisi vurğulayıb.

Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.

***

"7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib".

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb:

"Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.

Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".

***

"Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus deyil".

Bunu açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.

Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır:

"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".

***

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Bakupost”a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Kapitanın sözlərinə görə, gəmidəki şəxslər Bakı buxtasından Dubaya işləmək məqsədilə gedirmişlər.

Məsələyə Azərbaycan Dövlət Dəniz Administrasiyası da reaksiya verib. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh