Azərbaycanın nəqliyyat sektoru ESC prinsiplərinin tətbiqində uğurla addımlayır

Xəbərlər 26 İyun 2024 15:34 Oxunub 258
Azərbaycanın nəqliyyat sektoru ESC prinsiplərinin tətbiqində uğurla addımlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər dənizinin sahilində yerləşən və enerji mənbələri ilə seçilən Azərbaycan son illərdə iqtisadi artımla yanaşı davamlı inkişafa və ətraf mühitin qorunmasına böyük diqqət ayırıb. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da ölkəmiz qarşısında yeni vəzifələr qoyur. Həmin vəzifələr bir çox sahələrlə yanaşı, nəqliyyat sektorunu da əhatə edir. Belə ki, nəqliyyat sektorunda ekoloji davamlılıq, sosial məsuliyyət və şəffaf idarəetməyə uyğun mühüm addımlar atılır.

Avtosfer.az xəbər verir ki, bu məqalədə Azərbaycanın nəqliyyat sektorunun ESC (Ətraf Mühit, Sosial məsuliyyət və Şəffaf İdarəetmə) prinsiplərinə uyğunluğlaşdırılması ilə bağlı görülən işlərə toxunub.

Elektrikli avtobuslardan, avtomobillərdən istifadə genişləndirilir, dəmir yolunda köhnə qatarlar elektrikli qatarlarla əvəzlənir.

Nəqliyyat sektorunun ətraf mühitə təsiri qlobal miqyasda müzakirə edilən mövzulardandır. Azərbaycan bu təsirləri azaltmaq üçün müxtəlif strategiyalar hazırlayıb. Bu strategiyalardan biri “yaşıl nəqliyyat” layihəsidir. Azərbaycan kabron emissiyalarını azaltmaq məqsədilə “yaşıl nəqliyyat” layihələrinə investisiya yatırmaqdadır. Belə ki, Bakıda elektrikli avtobuslardan, avtomobillərdən istifadə genişləndirilir, dəmiryolu infrastrukturu modernləşdirilir, köhnə qatarlar elektrikli qatarlarla əvəzlənir. “Stadler”in ölkəmizə gətirilməsi ilə “Azərbaycan Dəmir Yolları” QSC artıq ekoloji cəhətdən təmiz, enerji səmərəliliyinə imkan yaradan qatarlara keçid edib. Bu kimi layihələr qalıq yanacaq istehlakını azaltmaqla havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Dəmir yolunda elektrikli qatarların istifadəyə verilməsi ilə demək olar ki, bu nəqliyyat növü hazırda ekoloji cəhətdən ən təmiz nəqliyyat hesab olunur.

Bundan əlavə, hər il ölkəyə idxal olunan hibrid avtomobilləri və elektromobillərin sayı artır və dövlət ölkədə bu nəqliyyat vasitələrindən istifadənin daha çox artması üçün müəyyən tədbirlər görür. Belə ki, Azərbaycanın müəyyənləşdirilmiş 2-3 şəhərində və ən işlək 5 magistral yolunda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) quraşdırılması ilə bağlı pilot layihələrin həyata keçirilməsinə dair təkliflər hazırlanır. EDM-lərin yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı da yaradılacaq. Hazırda “Azərişıq” ASC Bakıda və ölkənin regionlarında enerjidoldurma məntəqələrinin quraşdırılmasına başlayıb.

Qeyd edək ki, keçən ilin statistik göstəricilərinə nəzər salsaq, Azərbaycanın dəmiryollarının təxminən 60 %-nin elektrikləşdirildiyini görərik.

Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC karbon qazının atmosferə atılmasının qarşısının alınması məqsədilə Yeni Biləcəri lokomotiv deposunun yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, Yeni Gəncə lokomotiv deposunda isə 350 ədəd günəş paneli quraşdırıb. Bununla yanaşı Horadiz-Ağbənd xəttinin 85-ci kilometrində, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. ADY dəmir yolu zolağı boyunca yaşıl örtüyün qorunması və ağacların əkilməsinə də xüsusi diqqət yetirir. Belə ki, Bərdə-Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər ağaclar əkilib.

Nəqliyyat sektorunda tullantıların idarə edilməsi və təkrar emalı da geniş yayılmaqdadır. Bu istiqamətdə köhnə avtomobillərin təkrar emalı həyata keçirilir. Azərbaycan bu sahədə bir sıra addımlar atır və əlavə də işlər görülə bilər. Buna misal olaraq Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondunu qeyd etmək olar. Bundan əlavə, Azərbaycanda istehsal olunan avtomobil yanacağının keyfiyyətinin artırılması istiqamətində işlər görülür və bu istiqamətdə ilk addım atılıb. Belə ki, ötən ilin may ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlarına cavab verən dizel yanacağı istehsalına başlanılıb. Bu il iyunun sonunadək müəssisə “Avro-5” standartlarına cavab verən avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu növ benzin havanın keyfiyyətini yaxşılaşdırır və zərərli emissiyaları azaltmaqla ətraf mühitə təsirləri minimuma endirir.

Azərbaycan nəqliyyat sektorunda həyata keçirdiyi tədbirlərlə sosial inkişafı dəstəkləyir.

Sosial məsuliyyət nəqliyyat sektorunun cəmiyyətə olan təsirlərini və töhfələrini əhatə edir. Azərbaycan bu sahədə müxtəlif tədbirlər həyata keçirməklə sosial inkişafı dəstəkləyir. Belə ki, nəqliyyat sektorunda fəaliyyət göstərənlərin təhsilinə və peşəsinə diqqət yetirilir. Fərqli təhsil proqramları və sertifikatlaşdırma prosesləri vasitəsilə işçilərin təcrübələri artırılır. Gənclərə və qadınlara iş imkanları təklif olunur. Həmçinin işçilərin asudə vaxtı, iş keyfiyyətinin artırılması üçün də lazım olan şərait təmin edilir.

Sosial bərabərlik prinsipinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin nəqliyyat imkanlarına çıxışını asanlaşdırmaq üçün infrastruktur işləri aparılır. Onların sosial həyatda çətinliklərinin qarşısını almaq üçün panduslar qurulur, ictimai nəqliyyat vasitələrində xüsusi yerlər ayrılır. Dəmir yolu infrastrukturunda, xüsusilə vağzallardan fiziki məhdudiyyətli şəxslərin rahat istifadəsi üçün hər bir şərait yaradılıb. Yeni avtobuslarda və dəmir yolunda istifadə olunan yeni qatarlarda minib düşərkən rahatlıq təmin edilir.

Qeyd etmək yerinə düşər ki, nəqliyyat layihələri həyata keçirilərkən ictimai fikirlər də diqqətə alınır. Vətəndaşları narahat edən məsələlər araşdırılır, bu istiqamətdə mütəmadi addımlar atılır. Belə ki, layihələrin sosial təsirlərini minimuma endirmək üçün səylər göstərilir. Eyni zamanda ekoloji maarifləndirməni artırmaq üçün müxtəlif kampaniyalar təşkil edilir.

Şəffaflıq və səmərəliliyin artırılması üçün yeni texnologiyalar, rəqəmsallaşma prosesləri həyata keçirilir.

Şəffaflıq düzgün idarəetmənin bünövrələrindən biridir. Azərbaycanda nəqliyyat sektoru şəffaf idarəetmə prinsipləri ilə fəaliyyət göstərərək hesabatlı struktur yaratmağı hədəfləyir.

Nəqliyyat layihələrinin maliyyələşdirilməsi və icrası proseslərində hesabatlılıq prinsipi qəbul edilir. Bu çərçivədə layihələrin gedişatı və xərcləri həyata keçirilir, maliyyə hesabatlarında şəffaf şəkildə göstərilir.

Tender proseslərində şəffaflığın təmin edilməsi yolu ilə korrupsiyanın qarşısının alınması üçün səylər göstərilir. Tenderlərdə açıq və rəqabətli mühit, bütün maraqlı tərəflərin bərabər şərtlərlə iştirakı təmin edilir.

Şəffaflıq və səmərəliliyi artırmaq üçün informasiya texnologiyaları, rəqəmsallaşma prosesləri təşviq olunur. Elektron hökumət tətbiqləri vasitəsilə nəqliyyat xidmətlərinə çıxış asanlaşdırılır. Bunlara misal olaraq avtobuslarda və metroda "BakıKart" ödəmə sisteminin tətbiqi, dəmir yolu nəqliyyatında biletlərin onlayn alışı nümunə göstərilə bilər. Bu gün Azərbaycanın nəqliyyat sektorunda nağdsız ödənişlərin həyata keçirilməsi şəffaflıq cəhətdən mühüm rol oynayır.

Hazırda ölkəmizin nəqliyyat sektoru ESC prinsiplərinə uyğun şəkildə inkişaf etdirilir. Ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və şəffaf idarəetmə sahələrində hazırlanmış strategiyalar dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına xidmət edir. Bu səylər təkcə ekoloji, sosial və şəffaflıq cəhətdən səmərə vermir, eyni zamanda ölkənin ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbaycan nəqliyyat sektorundakı bu transformasiyası digər sahələr üçün də nümunə ola bilər və bütün ölkə üzrə davamlı inkişafa töhfə verə bilər.

Qeyd edək ki, material “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh