Azərbaycanın rayonlarında bu problem hələ də həllini tapmır

"Hər gün saat 6-nın yarısı işdən çıxıram,həmin vaxt bizim kəndə heç bir marşrut getmir. Buna görə, hər gün taksidən istifadə etməli olduğum üçün aldığım maaş taksilərə xərclənir". Bu sözləri Lənkəranın Xolmili kənd sakini Aysel Əliyeva (şərti ad) anews.az-a açıqlamasında bildirib.
Ayselin sözlərinə görə, əvvəllər şəhərin mərkəzindən başqa kəndə işləyən marşrut axşam 6-da Xolmiliyə aparırdı. Amma Xolmili kəndinə işləyən marşrut sahibi həmin marşrutu şikayət etdikdən sonra daha axşam saatlarında Xolmiliyə marşrut xətti işləmir.
"Sanki Xolmili ucqar kənddir. İllərdir, burda vəziyyət belədir. Axşam işdən çıxan camaat yollarda qalır. maşın axtarır",-deyə o söyləyib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbəsindən anews.az-a verilən açıqlamasına görə, müntəzəm və qeyri müntəzəm xəttlər üzrə dövlət qurumunun sahibkara müraciəti əsasında müəyyən şərtlər nəzərə alınmaqla, xətlər verilə bilir. Bu xəttlər də dövlət xətləri yəni qanuni daşıma xətləri hesab olunur. Çünki dövlət qurumunun bazasında avtonəqliyyat yoxdur: "Elə şəhər mərkəzləri var ki, sərnişin axını çoxdur və həmin axına görə, gecə saat 12-dək sərnişin daşıma prosesi daha sıx şəkildə həyata keçirilir. Yəni avtobuslar arasında interval müddəti daha qısa olur. Amma bəzi regionlarımızda elə kəndlər var ki, şəhər mərkəzindən həmin kəndlərə, eləcə də kəndlər arası gediş-gəliş sıx deyil. Nəzərə almaq lazımdır ki, dövlət qurumunun bazasında avtobuslar yoxdur. Avtobuslar özəl sahibkarlara başqa sözlə, daşıyıcı şirkətlərə məxsusdur. Həmin o daşıyıcı şirkətlər də təbii ki, sərnişin axını olmayan, başqa sözlə desək, 2-3 sərnişini olan məntəqələrə axşam saat 6-dan sonra marşrutların sayını azaldır. Məsələn, axşam saat 6-dan sonra avtobus sayı 1-ə endirilir. Sahibkar avtobusa yanacaq israf edir, sürücüsünə maaş verir. Dövlət qurumu olaraq sahibkarlarla birgə xidmət göstərdiyimiz üçün, eləcə də qurumun balansında avtonəqliyyat vasitələri olmadığına görə, bu məsələlərdə sahibkarlar diqqətə alınır. Amma bu problemi diqqətdə saxlayacağıq",-deyə qurumdan bildirilib.
Yol hərəkəti qaydalari uzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycanda bu gün ictimai nəqliyyatın əsas problemlərindən biri interval məsələsidir:
"Bu problem paytaxt Bakı da daxil olmaqla, digər bölgələrdə də var. İctimai nəqliyyatın böyük bir hissəsi sahibkarların əlində cəmləşir. Ciddi nəzarət mexanizminə ehtiyac var. Əgər həmin sahibkarlar istər fərdi sahibkar kimi, istər hüquqi şəxs kimi ictimai nəqliyyat sahəsində çalışırsa və konkret marşrutlar üzrə işləyirlərsə, onlar dövlət tərəfindən qoyulan qaydalara əməl etməlidir. İctimai nəqliyyatın əsas prinsipi odur ki,onlar konkret saatda işə başlamalı və gecə müəyyən saatadək çalışmalıdır. Bölgələrdə təəsüflər olsun ki, nəzarət mexanizmi düzgün qurulmayıb. Avtovağzallar qalıb bir tərəfə, avtovağzaldan kənarda hərəkət edən fiziki şəxslər daha çoxdur. Öz mikroavtobusu və ya avtobusu ilə sərnişindaşıma ilə məşğuldur, onların da heç kəsdən asılılğı yoxdur",-deyə ekspert bildirib.
Elməddin Muradlının sözlərinə görə, nəqliyyat sistemi ilə bağlı publik hüquqi şəxs qismində yeni bir dövlət qurumunun yaradılması nəzərdə tutulur. Sözügedən qurum mövcud problemləri nizamlayacaq:
"Çünki bölgələrdə köhnə avtobuslarla, qeyri peşəkar, intizamsız xidmət göstərilir. Avtobus parkının yenilənməsinə çox böyük ehtiyac var. Bu gün Bakıdan bölgələrə işləyən böyük tutumlu avtobusların özləri bəziləri artıq 20 ilə yaxındır, bəziləri də daha çox müddətdir istismara verilir. Avtobusların qiyməti isə çox bahadır. Məsələn, həmin avtobusu Gürcüstanda 50.000 min manata alırsınızsa, həmin avtobus gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi ödənildikdən sonra Azərbaycana 100.000-150.000 min manat arası məbləğə gəlib çıxır. Azərbaycanda avtobus istehsalı olmadığı halda, gömrük və aksiz vergilərinin həcmi artırılır. Bu da sahibkarları çətin vəziyyətdə qoyur",-deyə Muradlı əlavə edib.
Ekspert deyir ki, dövlət tərəfindən sahibkarlara ciddi dəstək verilməlidir. Əgər xaricdən sahibkar öz istifadəsi üçün deyil, ictimaiyyətin daşınması üçün avtobus gətirirsə, həmin şəxsə müəyyən güzəştlər edilməlidir. O, bunun Nazirlər Kabinetinin xüsusi qərarlar verməsi və ya Milli Məclisdə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi ilə həll edilə biləcəyini düşünür: "Amma bu o demək deyil ki, əldə olan avtobusları kim necə istəyir istifadə etməlidir. İlk növbədə həmin sahibkarlar fərqlənmə nişanı almalıdır, lisenziya ilə fəaliyyət göstərməlidir, qanunun tələb etdiyi iş qrafiki ilə çalışmalıdırlar. Təəssüf ki, hələ də insanları avtovağzala cəlb etmək müşkül məsələdir. Avtovağzalda nəzarət sistemi daha ciddidir. Həm sərnişinlər, həm də sürücülər avtovağzallara cəlb edilməlidir. Avtovağzallara cəlb edilən maşınlar texniki cəhətdən yoxlanılır, sürücülərin iş qrafiki nəzarətdə saxlanılır, sürücülərin sağlamlığına, onların spirtli içkilər və narkotik vasitələrdən istifadə edilib-edilməməsinə nəzarət edilir. Düşünürəm, sadaladığım təkliflər həyata keçirilsə, bölgələrdə və eləcə də kəndlər arası marşrut xətti ilə bağlı problemlər öz həllini tapacaq",-deyə ekspert vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov anews.az-a verdiyi açıqlamasında söyləyib ki, ölkədəki bölgələrin kəndlər arası marşrut problemi uzun illərdir qalmaqdadır:
"Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirlliyinin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidməti fəaliyyət göstərir. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sıx fəaliyyət göstərir deyə faktiki olaraq bu şəhərlər öz məsələlərini həll edə bilir. Ancaq rayonlarda, xüsusilə rayon kəndləri arasında bu problem hələ də həll edilməyib. Özəl şirkətlər var, onlar müəyyən sayda avtobusları alıb kəndlərdə istifadəyə verə bilər. Amma hökumət bununla bağlı xüsusi addımlar atmalıdır. Rayonlardakı kəndlərdə yoxlama-təftiş işləri aparılmalıdır.",-deyə deputat bildirib.













