Bakıda park zəbt edildi: tikinti gedir... - VİDEO
Bakının Z.Bünyadov prospekti ilə A.Gəraybəyli küçələrinin kəsişməsində yerləşən keçmiş trolleybus parkının ərazisi işbazlar tərəfindən zəbt edilməkdədir. Avtosfer.az xəbər verir ki, bu barədə Axar.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, 10 hektardan artıq sahəsi olan bu parkda 500-ə qədər şam ağacı var. Lakin Bakıda trolleybusların hərəkəti ləğv olunandan sonra parkın ərazisində müxtəlif müəssisələr, o cümlədən 20-yə qədər avtomobil yuma, maşın təmiri sexi, bir neçə dəmir qəbulu, xeyli sayda heyvan saxlama və kəsimi məntəqəsi fəaliyyətə başlayıb.
Ətraf binalarda yaşayanlar maşın yuma səslərindən, heyvan saxlanan yerlərdən gələn pis qoxudan evdə otura bilmirlər. Sakinlər qeyd ediblər ki, ərazidə yeni tikililər əsasən gecə saatlarında aparılır və bu da onların qeyri-qanuni olmasına dəlalət edir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, burada görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyacaq park salınmasını dəfələrlə xahiş etdiklərini, lakin bir nəticə olmadığını deyiblər. Bildirilib ki, həmin ərazi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindədir, lakin nəzarət olmadığından işbazlar buranı ələ keçirmək üzrədirlər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirib ki, sözügedən ərazi Nazirlər Kabinetinin 2013-cü ildə verdiyi müvafiq qərarla səfirliklərin və diplomatik korpusların yerləşdirilməsi üçün ayrılıb:
"Ərazi dövlət torpağıdır və orada heç bir özəlləşdirmə aparıla bilməz. Tam olaraq dövlətin, Əmlak Məsələləri Dövlət Komitəsinin nəzarətindədir. Hazırda orada müəyyən hissə Gürcüstan səfirliyinə verilib və onlar da öz ərazisini hasarlayıblar. Orada hər hansısa qeyri-qanuni tikinti aparılması mümkün deyil. Qeyd etdiyim kimi, ora ölkəmizdə digər ölkələrin diplomatik korpuslarının və səfirliklərinin yerləşdirilməsi üçün dövlət tərəfindən ayrılmış bir ərazidir”.